Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
18-01-2019, 08:12
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
"Bizə nə atom bombası atılıb, nə də qalib gələn Amerika, ya Rusiya deyil. Qarşımızda miskin bir düşmən var və ona qalib gəlməyin yolları çoxdur"
İkinci dünya müharibəsində Yaponiya tam, qeyd-şərtsiz kapitulyasiya oldu. Kapitulyasiyanın tələbinə görə sülhün şərtlərini qaliblər müəyyənləşdirir. Yaponiya şərtləri qəbul etdi, Kuril adalarının SSRİ-nin ərazisinə daxil olması ilə də barışdı, amma sülh müqaviləsini bağlamadı. Və bu gün də Yaponiya Rusiyadan Cənubi Kuril adalarını qaytarmaq şərtilə sülh müqaviləsini imzalayacağını şərt kimi irəli sürür. Müharibədən 11 il sonra - 1956-cı ildə adaların məsələsi bir də qalxdı və SSRİ dörd adanı qaytarmağa razılaşdı, amma bu günə kimi qaytarmayıb.
Məlum tarixi faktları xatırlamaqda məqsəd bu gün bizim Qarabağ probleminin həlli yolunda qarşılaşdığımız situasiya ilə müəyyən parallelər aparmaqdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki dünənki görüşünün özü zaman etibarı ilə müsbət hadisə idi. Nəhayət, 9 aydan sonra Paşinyan hakimiyyəti tam legitimliyini həll etdi və bu hadisədən cəmi iki gün sonra hər iki ölkənin baş diplomatlarının ləngimdən görüşü təqdirəlayiq hesab edilməlidir. 25 illik danışıqların bir nəticə verməməsi, Ermənistanda yeni hakimiyyətin formalaşmasını gözləmək sözün həqiqi mənasında üzücü proses olduğundan görüşün zaman kəsiminin düzgün seçilməsini uğur saymaq olar. Amma, görüşün nəticələri haqqında verilən rəsmi informasiya, o cümlədən ATƏT-in Minsk Qrupunun da yaydığı bəyanatda “..nazirlər Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məsələləri müzakirə ediblər və XALQLARI SÜLHƏ HAZIRLAMAQ üçün konkret tədbirlərin görülməsi zərurəti barədə razılığa gəliblər” fikri xeyli əndişə, həyəcan, gərginlik yaradır. Niyə?
Dünya binnət olandan düşmənçilik edən tərəflər sonunda barışıblar, amma barışıb sülh imzalamayıblar. Yaponiya, Almaniya kimi kapitulyasiya edən dövlətlər belə əvvəlcə razılaşdırılmış sülhə imza atıblar, sonra ruslarla almanlar, amerikalılarla yaponlar zaman keçdikcə barışıb dost olublar. Ermənistan və Azərbaycan arasında müharibə bitməyib, atəşkəs imzalanıb. Biz indiki durumda məğlub tərəf olsaq da, döyüşü uduzmuşuq, müharibəni yox. Adətən insana bəd xəbər verməmişdən əvvəl, deyirlər ki, bu məsələyə onu hazırlamaq lazımdır, tədricən. İndiki vəziyyətdə də sülh şərtlərini bilmədiyimiz halda “xalqları sülhə hazırlamağın” arxasında nələrin dayandığını yalnız tapmaca kimi fikirləşirsən. Erməni tərəfin hazırlanmasının şərtləri nə ola bilər? Ermənistan cəmiyyətində və hakim dairələrində işğal olunmuş torpaqların qaytarılması, torpaq əvəzinə sülh ideyasının qəbul olunmadığını bilirik. Ermənistanda bu vəziyyəti ABŞ-ın keçmiş səfiri Mills dəqiq şərh etmişdi ki, erməni cəmiyyətində heç kim bu barədə düşünmür, danışmaq belə istəmir. Tutaq ki, erməni xalqını Dağlıq Qarabağ ətrafı rayonların boşaldılmasına razı salmaq üçün hazırlamaq lazımdır, o zaman avtomatik olaraq da bizi Dağlıq Qarabağın müstəqilliyinə hazırlamaq siyasəti aparılacaq. Hələ ətraf rayonlardan Kəlbəcər, Laçının məsələsi də sonadək məlum deyil. Bu da hazırlıq variantına daxil ola bilər, çünki Lukaşenko və Minsk qrupu 5+2 variantını artıq müzakirəyə çıxarıblar. Mütləq də sülhməramlı qoşunların arada yerləşdirilməsi məsələsi gündəmə gələcək və Rusiya bu sülhə o vaxt razılıq verəcək ki, məhz onun qoşunları sülhməramlı kimi Azərbaycana gəlib, aran Qarabağla dağ Qarabağ arsında dayansın. Bu Azərbaycanın maraqlarına tam ziddir.
Azərbaycanın Dağlıq Qarabağa müstəqillik verməsi məsələsi vaxtilə 1999-cu ildə Azərbaycan Təhlükəsizlik Şurasında müzakirə olunub, Ki-Uestdə imzalamağa belə yaxın olub. Bu tarixi faktlardır. Həyəcanımızın, gərginliyimizin uzaq olmayan tarixi kökləri var.
Ona görə də hesab edirik ki, “xalqı sülhə hazırlamaq” prinsipinin detalları məhz əlahəzrət Azərbaycan xalqına açıqlanmalıdır! Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar bu xalqı heç nəyə hazırlamaq lazım deyil. Kimsə çıxıb yarınmaq üçün “amin” deyəcəksə, onu deyən də, məcbur etdirən də tarixdə xəyanətkar kimi qalacaq.
Cənubi Qafqazda və onun ətrafında qlobal qarşıdurmanın gərgin fazası dövrünü yaşayırıq. Bu qarşıdurmada böyük qonşularımızın yaxın gələcəyi çox qaranlıq görünür. Burda tələsib düzəlməz qərarlar vermək və gecikib vəziyyətlə barışmaq təəssüratı yaratmaq da yanlışdır. Yaponiyanın tarixi ilə müqayisə aparmağın məqsədi də bu idi. Bizə nə atom bombası atılıb, nə də qalib gələn Amerika, ya Rusiya deyil. Qarşımızda miskin bir düşmən var və ona qalib gəlməyin yolları çoxdur. Problemi bizim və dünyanın daimi gündəmində tutmaq, hansı sülhü qəbul edəcəyimizi və bundan ötrü savaşa başlayacağımızı belə nümayiş etdirməliyik.
İlham İsmayıl
moderator.az