“Rəhim Qazıyev Elçibəyin devrilməsində canfəşanlıq edirdi” - Xəzər Teyyublu
19-01-2019, 09:18

Xəzər Teyyubludan sabiq nazirin KXCP-yə “zibildir, nədir” deməsinə sərt cavab: “Bu, onun daxilindəki kindən irəli gəlir”
Qarabağ Komitəsinin iclaslarında tez-tez mübahisələr olur, fikir ayrılıqları meydana gəlir, qarşılıqlı ittihamlar, replikalar səslənir.
Bu informasiyalar bəzən mətbuata sızır, bəzən toplantılarda açıq şəkildə gərginliklər yaşanır. Bir müddət əvvəl Qarabağ Komitəsinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən toplantısında sabiq müdafiə naziri Rəhim Qazıyevlə KXCP üzvü arasında söz-söhbət yaranmışdı.
R.Qazıyev çıxışında Qarabağın işğaldan azad olunmasının zamanı çatdığını söyləmişdi. KXCP üzvlərindən biri isə replika verərək “Rəhim bəy, bunu vaxtında dərk etmək lazımıydı” demişdi.
Bu atmaca onun xoşuna gəlməyib və internet televiziyalarının birinə müsahibəsində Klassik Xalq Cəbhəsi Partiyasını təhqir edib. R.Qazıyev deyib ki, “KXCP-dir, nə zibildir, bilmirəm. Amma replika atmaqdansa, sual versinlər”.
R.Qazıyevin sözlərinə görə, onun heç bir partiya ilə problemi yoxdur: “Qarabağ Komitəsinin təşəbbüsünü, mitinqləri alqışlayıram. Amma torpaqların işğaldan azadlıq yolu hərbdən keçir. Xalqla dövlətin vəhdəti olmalıdır. Amma xalq ardıcıl mitinqlər keçirsə, tələblər etsə, nəticəsi ola bilər”.
R.Qazıyev ona cəmi bir nəfərin replika atdığını söyləyib: “Bir nəfər olub. Məni çağırmısan, fikirlərimi demişəm. Mənim heç bir partiya ilə problemim yoxdur.
Klassikdir, nə zibildir, onun nə sözü varsa, sualını versin, cavabını alsın. İttiham olar, irad olar. Sual vermədən, əxlaqsızlıq, tərbiyəsizlik edib qışqırırsan? Bunun adı tərbiyəsizlikdir".
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu “Yeni Müsavat”a bildirdi ki, həmin hadisədən sonra toplantıda bir sakitləşmə olub: “Amma Rəhim Qazıyev gedib müsahibəsində bu ucuz, uğursuz ifadəni işlətdi. İnsan elə bir təşkilata o sözü deyər ki, ona yapışsın. KXCP üzvləri Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparıblar, sonra ölkənin demokratikləşməsi prosesində mücadilə veriblər.
Amma Rəhim Qazıyev partiyaya və üzvlərinə hörmətsizlik edir, diqqətsiz ifadə işlədir. Sadəcə, bu ifadə onun Elçibəyə, Xalq Cəbhəsinə nifrətindən, daxili xarakterində yatan kindən irəli gəlir".
X.Teyyublunun sözlərinə görə, R.Qazıyevin Xalq Cəbhəsinə münasibəti mənfidir: “O, AXC İdarə Heyəti üzvü olub. Sonra nazir təyin edilib. Əbülfəz Elçibəy onu müdafiə naziri vəzifəsindən çıxarmışdı. Qazıyev də Elçibəyin devrilməsində canfəşanlıq edirdi. Sadəcə, insanlar yaşına görə onun dediyinə əhəmiyyət vermir”.
KXCP funksioneri bildirdi ki, partiyanın R.Qazıyevlə problemi yoxdur: “Onun özünün varsa, desin, bilək. Bir üzvümüzün tənqidi replikasına dözümsüzlük nümayiş etdirib, tənqidlə münasibət bildirmək əvəzinə, bütövlükdə partiyanı, onun minlərlə fədakar üzvünü aşağılamaq olmaz. Ləyaqətli yol keçən, bu gün mübarizədən çəkilməyən siyasi təşkilata ”zibil" demək Rəhim Qazıyevin daxili xarakterini ortaya qoyur. Çox təəssüf ki, belə bir ifadə işlədib, demokrat ola bilməyib, tənqidə təhqirlə münasibət bildirib".