Maduro Çaves tərəfdarlarının qətiyyətinə sığınıb
25-01-2019, 08:39
Venesuelada hökm sürən iki hakimiyyətlilik inqilabi vəziyyətin inkişafına şərait yaradır.
Bu sözləri Axar.az-a Venesuelada Prezident Nikolas Maduroya qarşı başlayan etiraz aksiyaları ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Venesuelada sosial vəziyyətin gərginləşməsindən ilk istifadə edən köhnə oliqarx hakimiyyətdir:
“Bu qüvvələrin planları əvvəlkitək öz qüvvəsini saxlayır. Belə ki, məqsəd Karlos Andres Peres Rodriqesin davamçılarını yenidən hakimiyyətə gətirməkdir. Əlbəttə ki, bu məsələdə xarici qüvvələrin böyük marağı var. ABŞ neft sənayesini inkişaf etdirməklə və Səudiyyə Ərəbistanı ilə yeni qiymət konyekturasını dünya bazarında tətbiq etməklə düşmənlərini - Rusiya, İran, Venesuela və digər ölkələrin xammal iqtisadiyyatlarına zərbələr endirdi. Bu mənada Venesuelanı ABŞ-ın ilk hədəfi hesab etmək olar. Bu ölkədən ixracın dayandırılması ölkədə sosial iğtişaşları körüklədi. Məhz bunun nəticəsində də Venesuelada hökm sürən hazırkı ikihakimiyyətlilik inqilabi vəziyyətin inkişafına şərait yaradı. Bir sözlə, ölkədə vəziyyət çox kövrəkdir və inqilabi şəraitin özəlliklərinin nəzərə alınması artıq zərurətə çevrilir”.
Politoloqun fikrincə, indiki hökumətin vəziyyəti daha çox Maduronun sələfi Uqo Çavesin tərəfdarlarının qətiyyətindən asılı olacaq:
“Onlar da artıq küçələrdə əks-mitinqlər keçirirlər. Düzdür, Maduronun ətrafında müəyyən qüvvələr var, ancaq hökumətin böhran proqramının olmaması vəziyyəti daha da qəlizləşdirir. Hətta hökumətə sadiq olan kütlələr belə Maduronun vəziyyətini ürəkaçan hesab etmirlər. Maduro de-yure hakimiyyətdə olsa da, de-fakto uduza bilər. Artıq özlərini hakim qüvvə elan edən müxalifət rəhbərləri inauqurasiya ilə bağlı çıxışlar ediblər. Bu mənada toqquşmalar istisna edilmir. Ancaq dinc əhaliyə güllə atılacağını düşünmürəm. Hər şey xalqın iradəsindən asılı olacaq”.