Milli Məclisin son iclası yadınızda necə qaldı? - Deputatlıqla vidalaşanların CAVABLARI

21-10-2015, 14:45           
Milli Məclisin son iclası yadınızda necə qaldı? - Deputatlıqla vidalaşanların CAVABLARI
Oktyabrın 20-də IV çağırış Milli Məclisin sonuncu iclası keçirilib. İclasda növbəti parlament seçkilərində deputatlığa namizəd olmaqdan imtina edən parlamentarilərdən bəziləri iştirak edib, bəziləri yox.

Modern.az saytı deputatlıqla vidalaşanlardan Milli Məclisin son iclasının onların yaddaşında necə qaldığını soruşub:

Deputat Elton Məmmədov söyləyib ki, Milli Məclisin iclası onun yaddaşında qanun layihələrinə edilən dəyişikliklər və 2016-cı ilin büdcə zərfinin təsdiqlənməsi ilə qalıb.
“Düşünürəm ki, iclasda müzakirə olunan məsələlər arasında ən yadda qalanlar bunlar olub”.

Deputat Ceyhun Osmanlı Milli Məclisin son iclasını bu cür yadda saxlayıb:
“Dünənki iclas sahibkarlar üçün vergi yoxlamaları əngəllərinin qaldırılmasına dair qanun layihəsinin qəbulu ilə yaddaşımda qaldı. Hesab edirəm ki, hazırda prezident tərəfindən post-neft dövrünün islahatları ilə bağlı çox ciddi proses və islahatlara start verilib. Ola bilər ki, 4-cü çağırışın son iclasıdır, amma mən bunu simvolik olaraq post-neft dövrünün islahatlarının başlanğıcı kimi qiymətləndirirəm. Cənab prezidentin Nazirlər Kabineti qarşısında qoyduğu son tələblər hər bir Azərbaycan vətəndaşı üçün gözlənilən məsələlər idi və onların artıq həyata keçirilməsi prosesi başlanıb. Bu prosesdə bir Azərbaycan vətəndaşı kimi mən də özümü cənab prezidentin islahatlarına dəstək vermək və onları təbliğ etməkdə borclu hesab edirəm. Milli Məclisin son plenar iclası da bu baxımdan, bəlkə də dəryada bir damladır ”.

Deputat Aydın Abbasov Milli Məclisin 2015-ci il üçün nəzərdə tutduğu son iclası belə qiymətləndirib:
“Deyə bilərəm ki, iclas zamanı 10 ilin fəaliyyəti gözümün önündə canlandı. Milli Məclisin son iclası müzakirə edilən və səsə qoyulan məsələlər, cənab prezidentin sahibkarların yoxlanılmasınnın dayandırılmasına dair qərarı, deputatların çıxışları, dövlət əhəmiyyətli məsələlərin müzakirəsi və eyni zamanda da büdcə zərfinin təsdiqi ilə yadda qaldı”.

Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı isə belə deyib:
“Son iclas prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə yadımda qalacaq. Həm də deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasını necə aparmalı olduqlarının müzakirəsi də maraqlı idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.