Elşad Musayev: “AXH-nin gizli heç bir məqsədi, planı mövcud deyil”
29-01-2019, 09:45
“Mövqeyimiz budur ki, mübarizə sivil qaydada olmalıdır, heç bir söyüşə, təhqirə yol vermədən aparılmalıdır”
Yanvarın 26-da qərargahında təsis konfransını keçirən Azərbaycan Xalq Hərəkatında 20-dən çox partiya və çoxlu sayda ictimai xadimlər, sadə vətəndaşların olduğu bildirilir. AXH-nin Azərbaycanda nələri dəyişə biləcəyi, nələrə nail olacağı yönündə fərqli fikirlər səslənir. Hərəkatın geniş çevrəni əhatə edəcəyini düşünənlər də var, bunun əksini deyənlər də.
Bəs yeni təsis olunan Azərbaycan Xalq Hərəkatı ölkənin əsas və ən güclü, xalqı toparlaya bilən təşkilata çevrilə biləcəkmi? Hərəkat qarşısına inqilab etmək məqsədi qoyub?
Hərəkatın İdarə Heyətinin üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, böyük iddialar səsləndirib, sonra o iddialar reallaşdırılmayanda normal, qəbullanan durum yaranmır: “Ona görə də indidən böyük iddialarla çıxış etməyi düzgün hesab etmirəm. Qarşıdakı iş prosesində, fəaliyyət dövründə hər şey görünəcək ki, Azərbaycan Xalq Hərəkatı qarşısına qoyduğu məqsədə nə qədər nail olub və nail ola bilər. İlk növbədə ondan başlayaq ki, bu Xalq Hərəkatının yaranma səbəbləri nə ilə bağlıdır. Bizim qəbul elədiyimiz əsasnamədə də aydın göstərilib ki, ölkədə qanunçuluqla bağlı sahədə, sosial iqtisadi sahədə, bir sözlə, cəmiyyətdə problemlər var. Ölkədə mövcud olan siyasi təşkilatların da ayrı-ayrılıqda vəziyyəti dəyişməyə gücü çatmır. Ona görə də yeni bir formul axtarıldı. Bu da cəmiyyətin ayrı-ayrı təbəqələrini, təşkilatları öz ətrafında əməkdaşlıq üçün birləşdirən formatdır. Biz hesab edirik ki, cəmiyyətdə daşlar yerindən tərpənməlidir. Çünki amorf bir vəziyyət yaranıb. İnsanlar siyasi proseslərə qoşulmurlar və bir qisim siyasi təşkilatlar da var ki, bir-birini qəbul etmirlər, yalnız özlərini müxalifət hesab edirlər. Bir qismi yalnız xaricdən dəstək gözləyir, başqa təşkilatlarla əməkdaşlığa meylli görünmürlər. Bu cür təşkilatlar elə düşünürlər ki, hamı onlarla hesablaşmalıdır. Ən əsası belə təşkilatların yadından sadə vətəndaşlar çıxıb. Biz isə Azərbaycan Xalq Hərəkatı formatı olaraq belə hesab elədik ki, ilk növbədə prosesin önünə sadə Azərbaycan vətəndaşlarını gətirmək lazımdır, siyasətin mərkəzi elementi sadə sıravi vətəndaş olmalıdır. Odur ki, hərəkatda o qədər də tanınmayan, iddialı olmayan adamlar da ola bilər. Ən əsası prosesin başlamasıdır. Proses başlayanda onun önündə getməyə adamlar çox olacaq”.
E.Musayev qeyd etdi ki, Azərbaycan Xalq Hərəkatı hansısa başqa təşkilatlar və birliklərlə rəqabət aparmaq üçün yaradılmayıb: “Bu hərəkat o cümlədən Milli Şura ilə və digər özünü hamıdan böyük sayan partiyalarla rəqabət üçün yaradılmayıb. Əksinə, biz hesab edirik ki, bütün qüvvələr səfərbər olmalıdır. Biz bütün siyasi qüvvələrlə əməkdaşlıq tərəfdarıyıq. Kim əməkdaşlıq eləmirsə, bu onların öz problemidir. Belə bir deyim var ki, ittifaq istəməyən iqtidar istəmir. Biz həm ittifaq istəyirik, həm iqtidar istəyirik”.
Partiya sədri vurğuladı ki, AXH-nin məqsədi zorakı inqilab həyata keçirmək deyil: “Biz istəyirik demokratik, hüquqi, siyasi yollarla vəziyyəti müsbətə dəyişək. Ən əsası da istəyirik ki, bu dəyişimi Azərbaycan xalqı həyata keçirsin. Heç bir xarici gücün istəyi həyata keçməsin, xalqın istəyi həyata keçsin. Hesab edirik ki, böyük kütləvi etiraz aksiyalarına nail olaq. Lakin bu o demək deyil ki, biz bu aksiyaları zorakılıqla inqilab etmək üçün istəyirik. Sadəcə olaraq, hesab edirik ki, dinc böyük etiraz aksiyaları hökuməti yanlış addımlardan, yanlış qərarlardan geri çəkindirə və düzgün qərarlara sövq edə bilər. Odur ki, AXH-nin gizli heç bir məqsədi, planı yoxdur. Biz hazırda zal toplantıları keçiririk. Müəyyən müddətdən sonra kütləvi aksiyalara başlamaq barədə müzakirələrimiz olacaq. Bölgələrdə təşkilatlanma həyata keçiriləcək. AXH hesab edir ki, mübarizə sivil qaydada olmalıdır, heç bir söyüşə, təhqirə yol vermədən mübarizə aparılmalıdır. Heç bir rəqibə söymək olmaz. Söyüş ritorikası ilə hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaq, xalqın dəstəyini qazanmaq olmaz. Kim siyasətdə söyüş ritorikasını seçibsə, uğur qazanması mümkün deyil. Küçə uşaqları söyüş söyürlər, siyasətçi küçə uşağı səviyyəsinə enməməlidir. Müxalifət təşkilatları arasında isə rəqabət yox, əməkdaşlıq mühiti yaradılmalıdır. Hamı görməlidir ki, Azərbaycandakı siyasi təşkilatlar ölkədəki vəziyyəti müsbətə dəyişmək üçün əməkdaşlıq edir”.
“Milli Şura mitinq keçirəcəyi halda AXH qoşulacaqmı” sualına E.Musayev belə cavab verdi: “19 yanvarda keçirilən mitinqdə İsgəndər Həmidov öz adından iştirak etdi. O zaman hələ AXH təsis konfransı keçirməmişdi. Bundan sonra kimsə mitinq keçirsə və əməkdaşlıq istəsə, biz əməkdaşlıqdan qaçmırıq. Hər zaman müzakirə eləməyə hazırıq. Kiminsə mitinqində təşkilat olaraq rəsmi şəkildə iştirak eləmək üçün rəsmi danışıqlar və razılaşmalar olmalıdır. Amma insanların fərdi şəkildə hansısa dinc aksiyalara getməsinə qadağa qoyulmasının tərəfdarı deyilik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”