Suriyanı da Azərbaycan kimi bölüşdürmək istəyirlər? - Rusiya ilə İran arasında növbəti toqquşma – ÖLƏNLƏR ÇOXDUR
30-01-2019, 21:33
Rusiya ilə İran arasında Suriyada baş verən gizli böhran növbəti dəfə silahlı toqquşma ilə nəticələnib. Toqquşma nəticəsində hər iki tərəfdən ən azı 70 nəfərin öldüyü bildirilir.
Türkiyənin “Anadolu Agentliyi”nin müxbirinin etibarlı mənbələrdən aldığı məlumata görə, Bəşər Əsədin rəhbərlik elədiyi Suriya hökumətinə tabe olan Rusiya tərəfindən dəstəklənən “Pələng Qüvvələrinin 5-ci Birliyi” ilə Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlıq elədiyi İran dəstəkli “4-cü Fırka” qüvvələri arasında ötən həftə başlamış döyüşlər davam edir.
Dünən bütün gün ərzində Hamanın ətrafında, Rusiyaya məxsus iki nəzarət məntəqəsi arasında yerləşən Rasif kəndində döyüşlər davam edib. Döyüşlər nəricəsində Mahir Əsədin komandanlıq elədiyi qüvvələr Rasif kəndini “Pələng Qüvvələri”nin əlindən alıblar.
Yerli mənbələr döyüşlərin Remle, Kabir Fidda və Hamanın qərb tərəfində yerləşən Krim kəndinə qədər yayıla biləcəyini bildirirlər.
Ötən həftə boyunca Hama rayonunun ətrafındakı Şatha, Brediç, Heydəriyyə, İnnab kəndlərində döyüşlər keçirilib.
Ən azı 70 nəfər həlak olub
Döyüşlər zamanı hər iki tərəfdən də ən azı 70 nəfərin həlak olduğu, yaralıların da sayının çox olduğu xəbəri yayılıb.
Ötən həftə iki qrup arasında atəşkəs elan edilməsinə rəğmən, döyüşlərin dayandırılmadığı, əksinə şiddətlənərək davam elədiyi bildirilir.
Rusiya ilə İran arasında gizli gərginlik
Azad Suriya Ordusunun tərkibindəki Nəsir Ordusunun mətbuat nümayəndəsi Məhəmməd Rəşid “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında Rusiya ilə İran arasında regionda hakimiyyət üçün mübarizə aparıldığını bildirib: “Rusiya hərbi müxaliflərlə təmas xəttlərində İran dəstəkli qrupların olmasını istəmir. Bu həmlə Rusiyanın Suriyada minlərlə əcnəbi yaraqlıları saxlayan İranın orduya da hakim olmasını əngəlləmək cəhdi kimi də qəbul edilə bilər”.
Nifaqa səbəb olan məsələlər
İki qrup arasında ticarət yollarına nəzarət, xərac kəsmək və didərgin düşmüş dinc vətəndaşların evlərinə yerləşdirilməsi kimi məsələlərdə anlaşılmazlıqları olduğu bəlli olub. Bir müddətdir ki, Suriyada Rusiya ilə İran arasında gizli bir gərginlik mövcuddur. Rusiya ilə İran arasında gizli savaşın ən açıq isbatı İsraildən İrana qarşı istifadə hesab edilir. Çünki İsrail Suriyaya hava hücumlarını Rusiya ilə koordinasiyalı şəkildə həyata keçirir. Suriyada S-300 hava hücumundan müdafiə sistemləri yerləşdirmiş Rusiyanın icazəsi və imkan yaratması sayəsində İsrail son dovrlərdə Hizbullah qüvvələrini asanlıqla və tez-tez hədəfə ala bilir.
Bəşər Əsəd hökuməti uzun müddətdir ki, Suriyada müxalifətçilərə qarşı əməliyyatları öz ordusu vasitəsi ilə deyil, əsasən, İranın dəstəklədiyi əcnəbi terrorçu qüvvələri vasitəsi ilə həyata keçirir. Bu qruplar hal-hazırda ən sıx şəkildə İdlib, Dəməşq, Humus, Deyr əz Zor ətrafı və xüsusilə də Livan sərhədində yerləşiblər.
Rusiya isə hökumətin quru qoşunlarına təlim və məsləhət dəstəyi verir. Humusun Tedmur rayonunu (Palmira) İŞİD-dən təmizləmək əməliyyatında fəal şəkildə iştirak edən Rusiya dəstəkli quru qoşunları Dera və Şərqi Qutada təhlükəsizliyi təmin edirlər.
Hurriyyet.org