Adil Əliyev Aslan İsmayılova cavcab verdi
22-10-2015, 11:00
Millət vəkili Adil Əliyev Aslan İsmayılova facebook səhifəsində cavab verdi! Onun cavabını olduğu kimi sizə təqdim edirik!
Deyəsən, Aslan İsmayılovun parlament seçkilərindəki keçmiş vəkili Qurban Məmmədovun “2005 və 2010-cu il seçkilərində Adil Əliyev qələbə çalıb” fikri ona yaman yer eləyib. Aslan İsmayılovun əlacı hər yerdən kəsilib, tərəfdar toplamaqda çətinlik çəkir, əvəzində məni teledebata dəvət edir. Bu onun köhnə mahnısıdır. Ancaq məni teledebata dəvət edərkən elə şərt qoşur ki, bunun reallaşmasını bəri başdan özü mümkünsüz edir. Çünki deyir ki, efir vaxtı bahadır, pulu Adil Əliyev ödəsin. Pulu mən niyə ödəməliyəm? Aslan İsmayılov imkanlı iş adamlarını qapazlayıb, onlara verdiyi “hüquqi yardım” hesabına qazandığı pulları niyə xərcləmək istəmir? Pulu təklifi verən ödəməlidir. Özü də ikimiz arasında mübarizə Nərimanov rayonu 20-ci dairədə gedir, bu Azərbaycan üzrə 125 dairədən biridir, rəqabətimizin bütün ölkəyə nə dəxli var? Aslan İsmayılovun debata belə həvəsi varsa, gəlsin izdihamlı mitinqlərimin birinə, (buna pul xərcləmək də lazm deyil) media nümayəndələrini də çağıraq, insanlar qarşısında çıxış etsin. Ona təklif də göndərmişəm. Mənim vəkillərim Aslan İsmayılovun nümayəndəsinə telefon açaraq onu son mitinqimizə dəvət ediblər. Cavab gözlədik, gəlmədi. Mitinqimizə gəlib deyərdi görək, bu günə qədər insanların rifah halının yüksəlməsi üçün, konkret olaraq yaşadığı ərazinin vətəndaşları üçün nə iş görüb ki, onların səsini qazanmaq istəyir? Məsələ burasındadır ki, məndə olan məlumata görə, özü nə qədər çallışsa da 20-ci dairədə kiçik məhəllə toplantısı belə keçirməyə gücü çatmır, heç kim mənzilindən aşağı enib onu dinləmək istəmir. Məhəllədə 5-10 nəfəri yığa bilməyən şəxs hansı məntiqlə minlərlə seçicinin səsini qazanıb millət vəkili seçilmək istəyir? Bir də ki, Aslan İsmayılov belə teledebat həvəskarıdırsa, 2010-cu ildə İctimai Televiziyada təşkil olunan pulsuz debata niyə gəlmədi? Mən həmin debata qatılmışdım, sözümü də efirdən dedim, bəs bu vaxt o harda idi? Harda olduğunu sonra öyrəndik. Seçkinin ən qızğın vaxtında, seçiciləri arasında təbliğat aparmaq və özünün çox “arzuladığı” teledebatda iştirak etmək əvəzinə Amerikaya getmişdi.