"Mədət Quliyevin peşəkar vərdişləri kifayət qədərdir" - İlham İsmayıl
22-10-2015, 14:27
Ötən şənbə prezident İlham Əliyevin milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad etdi.
Prezidentin sərəncamı ilə general-leytenat Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin olundu.
Avropa.info xəbər verir ki, MTN-nin keçmiş zabiti, ekspert İlham İsmayıl Meydan TV-yə müsahibəsində Mədət Quliyevin təyinatı ilə bağlı da danışıb.
İ.İsmayıl deyib ki, o, Mədət Quliyevi şəxsən Gəncədən tanıyır, onun keçdiyi yol daha çox banditizmə qarşı mübarizədə olub: "Ona görə bu adamın qanında əməliyyatçılıq kifayət qədər yüksəkdir. Mədət Quliyevin peşəkar vərdişləri kifayət qədərdir. Məhz birinci müavin, əməliyyatçı və nizam-intizama xüsusi diqqət yetirən adam kimi Quliyev nazirlikdə əməliyyat işlərinə və nizam-intizama bir təkan verəcək. Amma birdən-birə olmayacaq. Xüsusi xidmət orqanının spesifikası var, bunu tədricən mənimsəyəcək. İkinci, Mədət Quliyev rusdillidir, kifayət qədər intellekti də var. 2004-cü ilə qədər MTN elitar hüquq-mühafizə orqanı olub".
Onun sözlərinə görə, nazirlikdə müraciətlər, davranışlar tənqidlər olmağına baxmayaraq, etik çərçivə daxilindəydi: "2004-cü ildən sonra bu çərçivə pozuldu və tam sovet milis aurası gəldi. Mən Mədət Quliyevin etik çərçivəni bərpa edəcəyinə inanıram. Ancaq nazirliyin işi baxımından ölkədə kifayət qədər kadr qıtlığı sezilir. Başqa bir məqam, nazirliyin əsas işi kadr dəyişikliyindən çox ölkənin təhlükəsizliyini təmin etməkdir. Bu işlə məşğul olmağa isə kadr yoxdur, aşağıdakılar qeyri-müəyyən vəziyyətdədirlər. Bunun üçün paralel olaraq kadr siyasəti aparılmalıdır, peşəkarlar üzə çıxmalı, onların qarşısında vəzifələr kəskin şəkildə qoyulmalıdır. Sadaladıqlarım birinci müavinin və nazirin gücü çərçivısində deyil. Bunun üçün bu sahəni bilən adamlar oturub dövlətin vacib qurumunu ayaqüstə qaldırmalıdırlar".