ABŞ NATO-nu Qafqaza gətirir - Nizamnamə dəyişir
15-02-2019, 08:20
Pompeonun Rusiyanın Ukrayna və Gürcüstana müdaxiləsini ölkəsinin təhlükəsizliyinə təhdid hesab etməsi çox ciddi bəyanatdır.
Bunu Axar.az-a ABŞ Dövlət katibi Mayk Pompeonun bəyanatını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, ABŞ ilk dəfədir ki, Rusiyanın Ukrayna və Gürcüstana müdaxiləsini öz təhlükəsizliyi ilə birmənalı əlaqələndirir və bu ölkələrin NATO-ya üzvlüyünü ciddi şəkildə qabardır:
“Bu, Kiyev və Tiflis üçün çox vacib bir amildir. Əvvəla, Ukrayna və Gürcüstan Rusiya ilə konfrantasiya şəraitindədir. Hər iki ölkə MDB-dən çıxıb və qərbyönümlü siyasət yürütdükləri heç bir şübhə doğurmur. Xüsusən də Poroşenkonun prezident seçkisi ərəfəsində Rusiyanı birbaşa arqessor kimi qələmə verməsi və bunu BMT-nin Baş Assambleyasının tribunasından elan etməsi Ukraynanın Rusiyadan tamamilə uzaqlaşdığını göstərir. Artıq Ukrayna və Gürcüstanın NATO-ya daxil olması yönündə yeni perspektivlər açılıb. Trampın NATO nizamnaməsinin 5-ci bəndinin yenidən işlənilməsi və Gürcüstanla Ukrayna üçün girişin tapılması haqqında tapşırıq verməsinə dair məlumatlar əslində reallığı əks etdirir. Çünki Pompeo Trampın razılığı olmadan belə bir bəyanatla çıxış edə bilməzdi”.
Politoloq hesab edir ki, ABŞ-ın bu addımının Tiflis və Kiyev üçün mühüm siyasi əhəmiyyəti var:
“ABŞ kimi bir dövlət sırf geostrateji maraqlarını nəzərə alaraq, Ukrayna və Gürcüstanın ərazilərinin ilhaqını öz təhlükəsizliyinə təhdid hesab edir. ABŞ-ın Ukrayna və Gürcüstana bu qədər önəm verməsi sözügedən dövlətlərin alyansa üzvlüyünü intensivləşdirəcək. Çünki dünya nizamı özünün çox təhlükəli bir dövrünə qədəm qoyur və bu da ikiqütblü dünyanın mövcud olduğu dövrdə soyuq müharibəni körükləyir”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Varşavada Rusiyanın Ukrayna və Gürcüstana müdaxiləsinin ABŞ-ın təhlükəsizliyi üçün də təhdid yaratdığını bildirib.