“Əli Kərimlinin, yoxsa Razi Nurullayevin AXCP-sini tanımaqda söz bizə yox, Ədliyyə Nazirliyinə düşür”

23-10-2015, 13:06           
“Əli Kərimlinin, yoxsa Razi Nurullayevin AXCP-sini tanımaqda söz bizə yox, Ədliyyə Nazirliyinə düşür”
“2000-ci ildə Mirmahmud Mirəlioğlu və Əli Kərimli özlərini AXCP sədri elan etdilər. İndiki kimi, siyasi qurumlar da seçim arasında qaldı ki, hansını tanısın. Müsavat Partiyası o vaxt Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi AXCP-ni tanıdı. Amma üstündən 5 il keçməmiş, “Azadlıq” blokunda Əli Kərimlinin rəhbərlik etdiyi AXCP ilə birgə təmsil olundu. Bu onu göstərir ki, bu məsələlərdə siyasi mövqe qoyub, sonradan dəyişiklik etmək doğru deyil. Yəni, bu problemi hüquqi baxımdan həll edəcək qurum, mənəvi baxımdan həll edəcək insanlar var. Biz isə tələsməməliyik".

Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, bu gün Müsavat Partiyasında hər şey başqan Arif Hacılının siyasi maraqları kontekstində həll olunur. Onun sözlərinə görə, A. Hacılının başqan kimi 1 ildə yürütdüyü siyasət Müsavatı 10 il geri salıb: “Arif Hacılı qurultayda ona rəqib olan iki nəfəri partiyadan kənarlaşdırıb, təkcə mən qalmışam. Mənə qarşı da əsassız ittihamlarla cəmiyyətdə bir görüntü yaradır ki, Tural Abbaslı partiyanın nüfuzuna zərbə vurur. Bunlar hamısı qurultayda ona rəqib olmuş adamların Müsavatdan kənarlaşdırılmasına xidmət edir. Odur ki, bu məsələ partiyada Nizamnamə ilə yox, məhz subyektiv yanaşmalarla həll olunur. O, partiyanın fədakar, sıravi müsavatçıların canı-qanı bahasına yığdığı imici darmadağın elədi. Müsavatın bütün dəyərlərini ayaq altına atdılar. Buna görə tarix qarşısında cavab verəcəklər”.

T. Abbaslı Razi Nurullayevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsinin Partiyasının (AXCP) yaradılmasına da münasibət bildirib. O, Müsavat Partiyasının AXCP sədri kimi Əli Kərimlini tanımasının səhv tendensiya olduğunu vurğulayıb: “Bu gün hansısa partiya elən edir ki, Əli Kərimlini tanıyır, digəri elan edir ki, Razi Nurullayevi tanıyır. Partiya üzvü, Ədliyyə Nazirliyi olmadığı halda, hansı statusla bu iki qurumdan birini legitim, digərini qeyri-legitim hesab etmək olar? Odur ki, bu məsələdə bizə yox, Ədliyyə Nazirliyinə söz düşür. Kimin AXCP kimi təsdiq olunacağını zaman göstərəcək. Mənəvi baxımdan tanınmaqda isə fədakar cəbhəçilərin seçimi rol oynayacaq. Onlar kimi seçəcəklərsə, AXCP kimi də o qurum tanınacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.