MTN-də həbslər DAVAM EDƏCƏK

23-10-2015, 15:45           
MTN-də həbslər DAVAM EDƏCƏK
Prezident İlham Əliyevin ötən həftə milli təhlükəsizlik nazir Eldar Mahmudovu vəzifəsindən azad etməsi cəmiyyət arasında müzakirə olunan əsas mövzulardan biri olaraq qalmaqdadır.

Ölkə başçısının bu qərarından sonra nazirliyin bir sıra yüksək vəzifəli əməkdaşları saxlanılıb. Bunlar - MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və mərkəzin digər iki əməkdaşı həbs olunanlar arasındadır. Yayılan məlumatlarda nazirliyin əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natavan Mürvətovanın da həbs xəbəri bildirilsə də, sonradan xanım əməkdaşının həbs olunmadığı bildirildi. Maraqlıdır, Milli Təhlükəsizlik Nazirliyində həbslər bundan sonra da davam edəcəkmi?

Hafta.az-a açıqlama verən politoloq Ərəstun Oruclunun sözlərinə görə, həbslərin davam etmə ehtimalı yüksəkdir:

“Proseslər hadisələrin gedişatından asılıdır, saxlanılan şəxslərin verəcəkləri ifadələr də çox önəmlidir. Bildiyimiz kimi, hazırda istinataq əməliyyatı davam etməkdədir. Ola bilsin ki, istintaq zamanı başqa faktlar da üzə çıxsın. Yeni həbslər ehtimalına gəldikdə isə hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində saxlanılanlar olacaq və ən azı 3 nəfər istintaqa cəlb olunacaq”.

Politoloq bir neçə gün əvvəl həbs xəbəri yayılan, amma daha sonra saxlanılan şəxslərin içərisində adı hallanmayan Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natavan Mürvətova haqda da danışdı:

“Natavan Mürvətovanın da həbs xəbəri yayılmışdı. MTN-in xanım əməkdaşını tanıyırdım. O, çox böyük informasiyalara sahib biridir. Amma hazırda yayılan rəsmi məlumatda Natavan Mürvətovanın saxlanılan şəxslərin sırasında olmadığını gördük. Hesab edirəm ki, MTN-in xanım əməkdaşı həbs olunmasa da, istintaqa cəlb olunub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.