Azay Quliyevdən gənclərə çağırış: "Bu gün Prezidentimizin ətrafında daha sıx birləşməliyik" (FOTO)

24-10-2015, 10:42           

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün gənclərlə görüş keçirib.

“Mən sizi özümə dost bilirəm” deyə çıxışına başlayan A.Quliyev bu görüşün seçki kampaniyasının ən qızğın dövrünə təyin edilməsinin təsadüfi olmadığını bildirib: “Çünki gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Gənclik gələcəkdir. Bugünkü gənclik gələcəyə inamla baxır. Gənclərdə daha xoşbəxt gələcəyə bu inamı Azərbaycan dövləti, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi sistemli siyasət, ölkəmizin dinamik inkişafı yaradıb. Ona görə biz də seçkiyə “Gələcəyə inamla” şüarı ilə qatıldıq. Bu şüar məhz sizlərin - gənclərin şüarıdır”.

Açılış nitqindən sonra toplantı gənclərlə deputatlığa namizəd arasında, həmçinin "facebook" vasitəsilə sual-cavab şəklində davam etdirilib. Gənclər onları maraqlandıran ən müxtəlif məsələlərlə bağlı A.Quiliyevə suallar ünvanlayıblar.

A.Quliyevin 10 il deputatı olduğu Şirvan şəhərində gənclərlə bağlı göstərdiyi uğurlu fəaliyyətin Binəqədi rayonunda da davam etdiriməsi ilə bağlı sual verilib. A.Quliyev bildirib ki, seçki qərargahı dairə ərazisində yaşayan gəncləri maraqlandıran məsələləri ətraflı öyrənib. Bununla bağlı artıq təkliflər hazırlanır, dövlətin və digər resursların hesabına bir çox məsələlərin həllinə nail olmaq niyyətindədir.

Gənc ailələrin güzəştli şərtlərlə ipoteka krediti vasitəsilə mənzil alması ilə bağlı sualı cavablandıran A.Quliyev bu məsələnin onu da narahat etdiyini qeyd edib: “İlk növbədə, ipoteka krediti ilə mənzil almaq üçün ödənişin aylıq məbləği 250-300 manat civarında olmalıdır. İlkin ödənişlə bağlı isə güzəştli variant seçilməlidir. İpotekanın müddəti uzadılmalı, faizlər daha da aşağı salınmalıdır. Bir sıra sosial kateqoriyadan olan ailələrə xüsusi güzəşt edilməlidir”.

Hazırda dünyada, o cümlədən, bir sıra Şərq ölkələrində gedən arzuolunmaz proseslər fonunda Azərbaycanın gələcək inkişaf perspektivləri ilə bağlı sualı cavablandıran A.Quliyev ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Dünyada neftin qiymətinin aşağı düşməsi respublikamız üçün də yeni situasiya yaradır: “Qeyri-neft sektorunun inkişafı üçün cənab Prezident mühüm iqtisadi proqramlar qəbul edib və bu gün uğurla icra olunur. Son günlərdə dövlət başçısının sahibkarlığın dəstəklənməsi, bir sıra lisenziya növlərinin ləğvi, gömrük qaydalarının sadələşdirilməsi və s. yönündə verdiyi mühüm qərarlar ölkəmizin yeni mərhələdə dinamik inkişafını təmin etməyə hesablanıb”.

A.Quliyev bildirib ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik seçki kampaniyasına da müsbət təsirini göstərir: “Əgər bu gün deputatlığa namizədlər azad və sərbəst şəkildə seçki kampaniyası aparırsa, belə möhtəşəm görüşlərdə toplana biliriksə, bu, Azərbaycan dövlətinin mühüm nailiyyətlərindən biridir. Bu gün Yaxın Şərq ölkələrində baş verən qanlı prosesləri hamımız hüznlə izləyirik. Xarici qüvvələrin təhriki ilə bu ölkələrdə həyata keçirilən məkrli planların, Azərbaycan üçün də tətbiq edilməsi niyyətləri haqqında məlumatlıyıq. Lakin bu ssenarilərin Azərbaycanda ayaq tuta bilməməsinin başlıca səbəbi xalqla hakimiyyət arasında olan birlikdir. Ona görə də biz bu sabitliyin qədrini bilməli və Prezidentimizin ətrafında daha sıx birləşməliyik”.

Alqışlarla müşayiət olunan çıxışının sonunda A.Quliyev gəncləri maraqlandıran suallara ətraflı cavab verib və ölkəmiz üçün çox mühüm əhəmiyyət daşıyan 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdə bugünkü tədbirdə olduğu kimi mütəşəkkül qaydada iştirak etməyə çağırıb.

\


Görüşdən yüksək əhval-ruhiyyə ilə ayrılan gənclər 1 noyabr seçimlərinin A.Quliyev olduğunu bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.