“Azadlığa buraxılması Əli İnsanov üçün böyük humanist addım olardı” - Şahlar Əsgərov

16-03-2019, 09:02           
“Azadlığa buraxılması Əli İnsanov üçün böyük humanist addım olardı” - Şahlar Əsgərov
Yeni Azərbaycan Partiyasının ilk fəallarından olan Maksim Musayev “Yeni Müsavat”a müsahibəsində keçmiş silahdaşı, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barədə bir sıra fikirlər səsləndirib.

14 ilə yaxındır məhbus həyatı yaşayan sabiq nazirin bu günlərdə veriləcək əfv sərəncamı ilə azadlığa buraxılmasının vacib olduğunu vurğulayan M.Musayev onun müxalifətə qoşulacağına inanmadığını bildirib. Eyni zamanda, müxalifətin Ə.İnsanovla bağlı düzgün mövqe tutmadığını da qeyd edib.

Sabiq deputatın əsas diqqətçəkən fikirləri bunlardır: “Onu tanıyan biri kimi onun müxalifətə qoşulacağına qətiyyən inanmıram. İnsanovu kənardan kimsə nəyəsə yönəldə bilməz. Digər tərəfdən, o, həbsxanadan çıxan kimə niyə müxalifətə qoşulsun ki? Müxalifət sözsüz ki, ətrafını gücləndirmək istəyir. Amma İnsanovun o düşərgədə olacağını qətiyyən düşünmürəm. Əgər onun ətrafına kimlərsə yığılacaqsa, bunlar keçmiş YAP-çılar olacaq”.

Sabiq nazirin daha bir keçmiş silahdaşı, sabiq deputat, YAP-çı professor Şahlar Əsgərovun İnsanov azadlığa çıxarsa onun yanında olub-olmayacağı barədə mövqeyini öyrəndik: “Əvvəla onu deyim ki, Əli İnsanovun azadlığa çıxmasına hər bir azərbaycanlı kimi mən də sevinərəm. Çünki yaşının bu vaxtında onun azadlığa buraxılması Əli İnsanov üçün böyük humanist addım olardı. Amma onun azadlığa çıxandan sonra nə edəcəyi, siyasi işlərlə məşğul olub-olmayacağı ilə bağlı münəccimlik edə bilmərəm. Onun ətrafında olub-olmayacağıma gəlincə, mən elə bir yaşdayam ki, bu yaş heç kəsin ətrafında olmağıma imkan vermir. Əslində mən siyasətdən çox uzaqlaşmışam. Məndən çox-çox qabaqda gənclərdir. Son 10 ildə siyasətlə bağlı hər hansı bir məqaləmə rast gəlmisiz? Hazırda elmlə məşğul oluram. Qoy siyasətlə siyasətçilər məşğul olsun. Lakin istənilən halda Əli İnsanovun azadlığa çıxmasına çox sevinərəm. Yeni Azərbaycan Partiyasında nominal təmsil olunuram. Amma mən çox istəyirəm ki, görəcəyim işləri gənclər görsünlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.