Hacı Məmmədovun 10 il sonra “Qobustan”a köçürülməsinin SƏBƏBLƏRİ

28-10-2015, 14:58           
Hacı Məmmədovun 10 il sonra “Qobustan”a köçürülməsinin SƏBƏBLƏRİ
2004 –cü ilin iyulunda Eldar Mahmudov ölkənin təhlükəsizlik məsələlərindən cavabdeh olan birinci şəxs kimi təyin edildikdən 8 ay sonra Daxili İşlər Nazirliyinin Baş Cinayət –Axtarış şöbəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun saysız cinayətləri ifşa edilib həbs olundu. Məhşur “Qara kəmər” əməliyyatı o zaman məhz MTN-nin aktivinə bir uğur kimi yazılmışdı. İndi isə, Eldar Mahmudov vəzifəsindən azad edilənədən sonra on il yarım adıçəkilən nazirliyin təcridxanasında saxlanılan Hacı Məmmədov təzə rəhbərliyin gəlişi ilə Qobustan türməsinə köçürülür.

Bəs Azərbaycan qanunlarına zidd olaraq bu qatı cinayətkarın belə bir şəraitdə saxlanmasına səbəb nə idi? Onun “Qobustan”a köçürülməsində nə kimi pərdəarxası məqamlar ola bilər?

Məsələni Hafta.az-a şərh edən sabiq polis rəisi, sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev açıqlamasında deyib ki, qanunvericiliyə görə, hər hansı bir şəxs məhkum olunduqdan sonra təhqiqatın davam etdiyi müddət ərzində istintaq təcridxanasında saxlanılmalıdır:

“Məhkum edildikdən sonra ola bilsin ki, birinci məhkəmənin hökmündən sonra apelyasiya şikayəti edilsin. Şikayətə Ali Məhkəmənin baxdığı müddət ərzində məhkum istintaq təcridxanasında qalmalıdır. Qanun belədir. Qanun qüvvəyə mindikdən sonra rejim də nəzərə alınmaqla istintaq təcridxanasından mütləq qaydada islah əmək müəssisəinə keçirilməlidir”.

Mahmud Hacıyev Milli Təhlükəsizlik Nazirliyində rəhbərliyin dəyişməsindən sonra Hacı Məmmədovla bağlı qanuni qərarın belə tezliklə verilməsini də şərh edib:

“İndi MTN-dəki keçmiş rəhbərlik tam mənada dəyişib. Həmin rəhbərlik hesab edirdi ki, Hacı Məmmədov qanuna zidd olsa da istintaq təcridxanasında yatsın. Hazırda təzə rəhbərlik gəlib, qanun – qaydaya da riayət edirlər. Görürlər ki, Hacı Məmmədovun burada saxlanılması qanuna ziddir, ona görə də rejimə müvafiq islah əmək müəssisəsinə köçürürlər. Bu hökmü qanuna minmiş bir adamdır. Bu vaxta qədər Hacı Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılması qeyri-qanunidir”.

Sabiq rəis Hacı Məmmədovun Qobustan təcridxanasına belə gec köçürülməsini qatı cinayətkarın qaçma təhlükəsi ilə izah edənlərin fikirlərini də əsassız hesab etdiyini deyib:

“İstər kalon, istərsə də istintaq təcridxanası olsun, bunların öz təlimatları var. Həm də ölkədə işləyən müvafiq qanunlar var. Onun təhlükəli cinayətkar olduğu üçün bu vaxta qədər MTN-nin istintaq təcridxanasında saxlanmasının heç bir əsası yoxdur. Xüsusi təhlükəli adamdır deyə burada saxlayırıq ifadəsi qanunda yoxdur. Onun qaçma ehtimalını rejiminə uyğun olaraq məhkəmə müəyyənləşdirir, hər hansı nazirlik yox. Bu cür haqqazandırmalar qeyri-qanuni motivlərdir. Qeyri-qanuni əsaslandırmalardır. Rusiyada, dünyada xüsusi amansızlıqla qətlə yetirmədən, terrorizmdən əziyyət çəkən insanlar var, o zaman onlar da belə saxlansın də. Hamısı da islah əmək müəssisələrində saxlanılır. Hər bir müəssisəinin özünün qoruma sistemi, əməliyyatçı komandası var. Qobustanın da əməliyyat xidməti var, rəisi, iki müavini, siravi nəfərləri də var. Bəs onlar nədən ötrüdür”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.

Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.