Ramiz Yediyarov heç kimi saymır - İcra başçısına etiraz etdilər

28-10-2015, 22:15           
Ramiz Yediyarov heç kimi saymır - İcra başçısına etiraz etdilər
Gədəbəydən olan bir qrup sahibkar rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovdan şikayətlərini bildirmək üçün mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, sahibkarlar icra başçısı R.Yediyarovun onların sahibkarlıq fəaliyyətinə maneçilik törətdiyini iddia ediblər.

Sahibkar Oqtay Əliyev bildirib ki, icra başçısı rayon sahibkarlarının fəaliyyətinə imkan vermir, rayonda işsizliyin artmasına səbəb olur: "Ramiz Yedyarov bizə qarşı böyük haqsızlıq edir, obyektlərimizi dağıdır. Mənim 300 min manat dəyərində olan turizm obyektimi yerlə-yeksan etdilər. Halbuki, əvvəlcədən İcra Hakimiyyətindən tikinti üçün icazə vermişdilər. Obyektimə iki kilometr yol çəkdirmişəm, bütün şəraiti qurmuşdum, amma qanunsuz olaraq dağıdıldı. Məhkəmə qərar çıxardı, mənim xeyrimə cərimə kəsdilər, o cəriməni ala bilmirəm. Bizim səsimizi eşitmirlər".

Oqtay Əliyev adlı digər iş adamı qeyd edib ki, rayonda 44 sahibkarın hüquqları pozulub: "Prezident sahibkarlara böyük imkanlar yaradıb, amma Gədəbəydə bizə imkan vermirlər ki, işləyək. Mağazam Ramiz Yediyarov tərəfindən ağır texnika ilə dağıdılıb. İcra başçısının tapşırığı ilə məni polisə apardılar. Yeddi nəfər mənim üzümə durdu, on beş gün həbs etdirdilər. İcra başçısı elə şərait yaradıb ki, sahibkarlar başqa rayonlarda iş qururlar. Elə bir vəziyyətdə yaşayıram ki, qardaşımın, bacımın xeyir işinə görə rayona gedə bilmirəm. 2004-cü ildən vergi ödəyicisiyəm. Vergimi vaxtı-vaxtında ödəmişəm. Xahiş edirəm, mənim səsimi yuxarı orqanlara çatdırasınız".

Mətbuat konfransında iştirak edən digər sahibkarlar - Qasım Məmmədov, Vaqif Səfərov, Rəşad Cəfərov, Sahibə Cəfərova və başqaları da üzləşdikləri problemlərdən danışıblar.

Səsləndirilən ittihamlara qarşı tərəfin münasibətini öyrənmək mümkün olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.