İlqar Məmmədov 2024-cü ilin avqustunadək heç bir seçkidə iştirak edə bilməyəcək
28-03-2019, 20:13
Bu gün də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin REAL Partiyasının sədri İlqar Məmmədovun haqqındakı cəzasını dəyişdirib. Dəyişikliyə əsasən, İlqar Məmmədovun şərti cəzası ləğv olunub. Başqa sözlə, onun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.
İlqar Məmmədovla bağlı bütün məhdudiyyətlər, o cümlədən, ölkədən çıxış qadağası da aradan qaldırılıb.
Modern.az xəbər verir ki, REAL Partiyasının xarici əlaqələr katibi Erkin Qədirli İlqar Məmmədovla bağlı yeni açıqlama verib. O bildirib ki, Ali Məhkəmə İlqar Məmmədovun kassasiya şikayətini qismən təmin edib.
“Üzərindən şərti cəzanı və ölkədən çıxmaqla bağlı qadağanı ləğv etdi. Amma cinayət işinə xitam vermədi. Bu isə o deməkdir ki, İlqar Məmmədov 13 avqust 2024-cü ilə qədər heç bir seçkidə namizəd kimi iştirak edə bilməyəcək”.
E.Qədirli məsələ ilə bağlı yenidən məhkəməyə müraciət olunacağını istisna etməyib.