Prezident humanizm göstərdi, amma "Diqlas" sahibi... - deputat
29-03-2019, 10:33
Dövlətin bütün yükü öz üzərinə götürməsi heç də baş vermiş hadisədə yanğından mühafizəni təşkil etməməklə sahibkarlara ziyan vuran bina sahiblərini məsuliyyətdən azad etmir.
Bu sözləri Axar.az-a martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi, daha sonra reqress qaydasında mərkəzin sahiblərindən geri tələb edilməsi məsələsinə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Millət vəkili bildirib ki, dövlət sahibkarlara dəyən ziyanı qarşılamaqla əsas iddiaçı tərəfə çevrilir:
“Diqlas”da baş verən yanğın nəticəsində yüzlərlə insanın mallarının yanması bədbəxt və çox acı bir hadisədir. Ölkə rəhbərinin sahibkarlara dəyən ziyanın qarşılanmasına dair göstərişi analoqu olmayan bir qərardır. Çünki dövlətin həmin ziyanın ödənilməsi ilə bağlı heç bir öhdəliyi yoxdur. Prezident İlham Əliyev isə bir daha humanizm nümunəsi göstərdi, baş vermiş olaya seyrçi qalmadı və dərhal reaksiya verdi. Ancaq dövlətin bütün yükü öz üzərinə götürməsi heç də bu işdə günahı olan şəxsləri məsuliyyətdən azad etmir. Hadisə ilə əlaqədar olaraq istintaq işi aparılır. Əminik ki, günahkarlar texniki səhvlərinə və ya digər yanlışlıqlarına görə məsuliyyətə cəlb olunacaqlar və müvafiq addımlarla cəzalanacaqlar. Hesab edirəm ki, istintaq yekunlaşdıqdan sonra dövlət qarşıladığı ziyanı geri ala biləcək”.