İlham Əliyev və Nikol Paşinyanın Vyanada görüşü keçirilib

29-03-2019, 20:44           
İlham Əliyev və Nikol Paşinyanın Vyanada görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyanada cümə günü görüşüblər.

Görüş barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində məlumat verib.

Ermənistan Baş naziri Nikol Paşinyan səfər ərəfəsində Ermənistan Milli Məclisində çıxışı zamanı Qarabağ münaqişəsinin tənzimlənməsinə dair öz mövqeyinin dəyişmədiyi və erməni tərəfin Vyanaya "həmin gündəliklə" yollandığını bəyan edib.

Paşinyan erməni tərəfin bu mövqeyini iki həftə bundan əvvəl Dağlıq Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının "tanınmamış DQR Təhlükəsizlik Şurası ilə" birgə iclasda ətraflı şəkildə izah etdiyini bildirib.

"Əslində, danışıqlara, müzakirəyə apardığımız gündəlik bizim gələcək danışıqlar prosesində əsaslanacağımız platformanı mənim Stepanakertdə [Xankəndidə] Təhlükəsizlik Şurası iclasında açıqladığım [müddəalar] təşkil edir", - Paşinyan deyib.

Azərbaycan Xarici İşlər Nazirliyin sözçüsü Leyla Abdullayeva görüşü şərh etməkdən imtina edib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.

Nikol Paşinyanın 2018-ci il may ayında hakimiyyətə gəlməsindən sonra Ermənistan və Azərbaycan liderləri artıq 4 dəfə, lakin qeyri-rəsmi şəraitdə, görüşüblər.

Son dəfə Nikol Paşinyanla İlham Əliyev 2019-cu il 22 yanvarda Davosda iqtisadi forum zamanı görüşüblər.

Azərbaycanda görüşdən nə gözləyirlər?
Politoloq Rasim Musabəyov BBC News Azərbaycancaya deyib ki, "konfliktin həlli ilə bağlı razılaşmaya gəlmək üçün tərəflər təqdim olunmuş Madrid prinsiplərinə öz müsbət mövqelərini müəyyənləşdirməlidirlər".

"Belə halda, hansısa sənəd üzrə iş gedə bilər, ancaq düşünmürəm ki, bu görüşdə bu, bilavasitə baş versin. İlkin məlumatlara görə, bu görüşdə heç bir sənəd imzalanmalı deyildi. Görüşqabağı həmsədrlər demişdi ki, format dəyişikliyinə ehtiyac yoxdur", - o söyləyib.

Politoloq Zərdüşt Əlizadə Qarabağ münaqişəsinin həllinə "inanmır".

"Münaqişəni yaradan, körükləyən, donduran Rusiya məsələnin həllini istəmir. Nə Paşinyanın, nə də İlham Əliyevin məsələni həll etmək üçün qətiyyətləri yoxdur. Ona görə də bu məsələnin həlli olmayacaq".

"Dağlıq Qarabağın legitim nümayəndəsi danışıqlar prosesində iştirak etməlidir"
Xankəndidə Paşinyan Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesinə cəlb edilməsini "Azərbaycan prezidenti və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə müzakirə ediləcək əsas məsələ" kimi təqdim edib.

"Qeyd etmək istərdim ki, Artsaxın (tanınmamış DQR - red.) danışıqlar prosesinə qatılması tələbimiz nə tərslik, nə də qeyd-şərtdir. Bu, Dağlıq Qarabağın tənzimləmə məsələsində Artsaxın iştirakının xüsusi əhəmiyyət kəsb etməsinin aydın təsbitidir. Bu mövqe bizim tək Artsax xalqı və onun haqlarına deyil, həmçinin danışıqlar prosesi iştirakçısı həmkarlarımızın hamısına hörmətimizi ifadə edir. Çünki biz həqiqətən məsələnin dinc yolla tənzimlənməsində maraqlıyıq və buna nail olmaq istəyirik, danışıqlar prosesinə inanır və onun səmərəliliyi bizim üçün prioritetdir", - Ermənistan baş naziri deyib.

Paşinyan danışıqlar prosesinə "maraqlı tərəflərdən yalnız birinin" cəlb olunmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən danışıqlarda Prezident Əliyev iştirak edir və həmçinin, Qarabağın azərbaycanlı icmasını təmsil edir: "Çünki Azərbaycan vətəndaşları olaraq, icma nümayəndələri Azərbaycan prezidenti seçkilərində iştirak edib və, təbii ki, bununla Azərbaycan prezidentinə özlərini danışıqlarda təmsil etmək səlahiyyətini veriblər".

Paşinyan eyniliklə danışıqlar prosesində Ermənistan Respublikasını, Ermənistan xalqı tərəfindən seçilmiş nümayəndə kimi, Ermənistan baş naziri təmsil etdiyini qeyd edib.

"Odur ki, beləliklə, Ermənistan xalqı və, Minsk Qrupu həmsədrləri simasında, beynəlxalq birliyi də danışıqlar prosesinə cəlb olunub", - deyə, Ermənistan baş naziri danışıqlar prosesində "yalnız taleyi həll olunan Artsax xalqını təmsil etmək səlahiyyətinə malik olan heç bir legitim nümayəndə" olmadığını qeyd edib.

Paşinyan Əliyevlə görüşdən nə gözləyir?
Mövcud fikir ayrılıqları fonunda Paşinyan Azərbaycan prezidenti ilə gözlənilən görüşü "fikir mübadiləsi" kimi nəzərdən keçirdiyini bildirib, BBC News Azərbaycancanın Yerevan müxbiri xəbər verir.

"Azərbaycan prezidenti ilə əvvəlki (qeyri-rəsmi - red.) fikir mübadilələri zamanı da mən öz mövqeyimi bildirmişəm ki, heç olmasa, ilk mərhələdə bu görüşlərin konkret gündəliyi olmamalıdır. Məsələləri müzakirə etməli və, sadəcə, müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparmalıyıq", - Paşinyan Ermənistan parlamentində çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, müzakirələrin "arqumentlər müstəvisində davam etdirilməsinə" çalışacağını, qarşı tərəfin arqumentlərini dinləməyə hazır olduğunu bildirib.

"Danışıqlar bir-birini dinləmək üçündür. Tərəf müqabillərimiz mövqemizi həddən çox sərt hesab etsələr, biz mövqemizi yumşalda bilərik. Lakin onlardan da belə hərəkət gözləyirik, çünki əks təqdirdə söhbət baş tutmaz", - Paşinyan deyib.

Madrid sənədinə əsasən tərəflərə təqdim edilən 6 element bunlardır:
1. Beynəlxalq hüquq qüvvəsinə malik referendum vasitəsilə Dağlıq Qarabağın (DQ)statusunun təyin edilməsi;

2. Son statusu müəyyən edilənə kimi DQ dünya birliyi tərəfindən tanınan keçid statusuna malik olmalıdır;

3. Ermənistanla DQ arasında yerüstü əlaqə təmin edilməlidir;

4. Beynəlxalq təhlükəsizlik təmin edildikdən sonra bütün qaçqın və köçkünlərin öz yerlərinə qayıtması;

5. Beynəlxalq təhlükəsizlik qarantiyaların təmin edilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi daxil olmaqla;

6. Ərazilərin qaytarılması.
bbc.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.