GÜRCÜSTANDA AMERİKA-ÇİN QARŞIDURMASI: bu respublikada “İpək Yolu”na “duman çökür” - ARAŞDIRMA

1-04-2019, 21:36           
GÜRCÜSTANDA AMERİKA-ÇİN QARŞIDURMASI: bu respublikada “İpək Yolu”na “duman çökür” - ARAŞDIRMA
Georgi Lomsadze

Eurasianet.org. (ABŞ), 30.03.2019

İki il yarım qabaq Qara dənizin şərq sahilində ilk dərinsulu limanın özülqoyma mərasimi baş tutub. Həmin gün tutqun səma qaşqabaqla baxırdı, amma havada bayram havası dolaşırdı. Müğənnilər, keşişlər və fəxri qonaqlar kiçik Anakliya şəhərciyinin və onun bataqlıq çevrəsinin beynəlxalq tranzit-nəqliyyat qovşağına çevrildiyini qeyd edirdilər.

O zamankı baş nazir Georgi Kvirikaşvili arxasında bir-birini qovan dalğaların şarıltısı altında bildirib: “Bu liman Gürcüstanın İpək Yolu xəritəsindəki mövqeyini möhkəmləndirəcək”.

Onun sözlərinə görə, limanın ehtimal edilən 16 m dərinliyi “istənilən ölçüdə gəmini qəbul etmək və yükdaşımaların artan dinamikasına çatmaq imkanı verir”.

Gürcüstanın ən məşhur bankiri və limanın inşası və istismarı üzrə hökumətin eksklüziv hüquqlar verdiyi “Anakliyanın inkişafı üzrə Gürcüstan-Amerika konsorsiumu”nun qurucusu Mamuka Xazaradze əlavə edib ki, yeni liman öz anbar kompleksi ilə və çevrəsində inşa edilmiş bütöv bir şəhərlə “Gürcüstan iqitsadiyyatının künc daşı olacaq”. Onun amerikalı həmkarı, “Conti Group” şirkətinin sədri Kurt Konti Anakliyanı “Çindən Avropaya qapı” adlandırıb.

2019-cu ilə keçək. Kvirikaşvili öz postunu tərk edib, hökumətin rəsmi təmsilçiləri isə layihənin yaşarılıq bacarığını tez-tez şübhə altına alırlar. “Anakliya” konsorsiumunun rəhbərliyi hökumətin tikintini vaxtında başa çatdırmamaq və yatırım cəlb edə bilməmək ittihamlarından başını qoruyur. Konsorsiumun qurucusu Xazaradze fırıldaq ittihamıyla istintaqdadır. Konsorsium əməkdaşları isə, ola bilsin, Rusiyanın və ya Çinin iştirakıyla əlbirlik xəbərdarlığı edirlər.

Müşahidəçilərə isə ancaq nəyin qaydasında getmədiyini sezmək qalır. Konsorsiumla bağlı dolaşıq durum maliyyə çəkişməsinin, rəqiblərin intriqasının, Xazaradze ilə ölkənin ən varlı və nüfuzlu adamı arasında münaqişənin, ya da eyni zamanda yuxarıda sadalananların hamısının nəticəsi ola bilər.

Konsorsium rəhbərliyi bu günlərdə çətin duruma düşmüş gələcəyin limanı ətrafında havadan asılı qalan məsələləri aydınlaşdırmaq cəhdiylə Tiflisdə mətbuat konfransı çağırıb. Baş direktor Levan Axvlediani 2016-cı il buraxılışı mərasimindən bəri Anakliyada görülən işlərdən danışıb. “Dənizin dibindən beş milyon kubmetr qum çıxarılıb, – o, martın 20-də keçirilən tədbirdə deyib, arxasındakı böyük ekranda isə sözlərini təsdiqləyən kadrlar göstərilib. – Özəl yatırımların həcmi 70 milyon dollar olub”. Amma bu, limanın inkişafının birinci mərhələsinin başa çatması və burada ilk gəminin qəbulu üçün gərəkən 620 milyon dollardan xeyli azdır. Axvlediani bildirib ki, konsorsium dörd beynəlxalq maliyyə institutundan – Avropa Rekonstruksiya və İnkişaf Bankı, Özəl Xarici Yatırımlar Korporasiyası, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur Yatırımları Bankından 400 milyon dollar həcmində girov krediti cəlb etməyə nail olub.

Lakin bu institutlar imzalamadan qabaq tələb edir ki, kredit sənədləşdirilərkən Gürcüstan hökuməti zamin kimi çıxış etsin. Başqa sözlə, layihə iflasa getsə, Gürcüstan hökuməti yüz milyonlarla dollar ödəməyə borclu olacaq. İlk baxışdan, ən azı, problem də bundan ibarətdir. Hökumət təmsilçiləri israr edirlər ki, bankların tələbi Anakliyanın ilkin inşaat planına daxil olmasın və Gürcüstan buna razılaşmaqla öz üzərinə böyük maliyyə öhdəlikləri götürərdi. İnfrastruktur və bölgəsəl inkişaf naziri Mayya Skitişvili martın 21-də parlament toplantısında bildirib: “Ehtimal edilirdi ki, yatırımçı, konsorsium bu riski saf-çürük etməliydi”.

Konsorsium iddia edir ki, krediti kimin təmin etməli olduğu haqda dartışma ciddi planlaşdırılmış, layihənin pozulmasına, ya da, ən azı, konsorsiumun ondan çıxdaş edilməsinə yönəlmiş kampaniya çərçivəsində yayındırıcı bir manevrdir.

Yeni liman Novorossiysk – Rusiyanın güneyindəki ən yaxın dərinsulu liman üçün təhlükə təşkil edir, çünki Anakliya indiki anda Asiya ölkələrindən Rusiya ərazisi üzrə Qərbə daşınan yüklərin bir bölümünü tovlayıb özünə çəkməklə onun konteyner yükdaşımaları üzrə liderlik mövqeyini sarsıda bilər. Konsorsium təmsilçiləri “Eurasianet.org”-la söhbətdə ehtimala yol verirlər ki, Rusiya Anakliyanın inşasına mane olmağa çalışır, ya da Çin durumu öz nəzarətinə götürməyə və Gürcüstan-Amerika tandemini layihədən uzaqlaşdırmaq qəsdilə Tiflisə duyulmaz basqı göstərir. Konsorsiumda habelə şübhələnirlər ki, yaranmış durum milyarder və keçmiş baş nazir Bidzina İvanişvilinin Xazaradze ilə şəxsi hesab çürütməsidir.

Anakliya ətrafında maxinasiyalar şübhəsi yatırımçı və hökumət arasındakı sozalan dartışmanın açıq qarşıdurmaya keçməsinə gətirən hadisələr düzümünün nəticəsidir. Hökumət təmsilçiləri Anakliya layihəsinin gerçəkləşməsinə şübhə etməzdən qabaq dövlətin yönəldici maliyyə qurumları, sonra isə prokurorluq da Anakliya konsorsiumunun qurucusu Xazaradze haqda maliyyə fırıldağı mövzusunda araşdırmaya başlayıb.

Araşdırma Xazaradzenin baş övladına – Gürcüstanın iki ən böyük bankından biri Ti-bi-siyə (TBC Bank) cəmləşib. Yönəldici qurumlar ötən il Xazaradzeni 10 qabaqkı bank əməliyyatına görə cərimə, sonra isə bankın idarə heyətinin uzun zaman tutduğu sədri postunu tərk etməyə vadar edib. Xazaradze indiki anda məhkəmədə bu qərara etiraz edir. Sonradan dövlət prokurorluğu bildirib ki, bu sazişi pulyuma haqda iş kimi araşdırır. Bu açıqlama qabaqlar hökumətlə münaqişəsini car çəkməməyə üstünlük verən Xazaradzenin hiddətini doğurub. Biznesmen ittihamı danır və deyib ki, hökumət təmsilçiləri ona qarşı araşdırmanı ictimaiyyətə bilə-bilə bəlli ediblər ki, onun nüfuzuna ziyan vurulsun və Anakliya üçün maliyyə cəlb etməyinə mane olunsun.

Bir hissəsi TBC Bank olan Ti-bi-si holdinqi (TBC Holding) Anakliyanın inkişafı üzrə konsorsiumda 40 %-lik paya sahibdir və bu gün layihəyə ən çox yatırım qoyub – 40 milyon dollar.

Xazaradze güman edir ki, hakim “Gürcü arzusu” partiyası siyasi isteblişmentə və İvanişviliyə siyasi loyallıq göstərməkdən imtinaya görə ona qarşı inzibati resurs tətbiq edir. Bankir martın 4-də parlament qarşısında duyğusal çıxışı zamanı qalmaqallı açıqlama verib ki, hökumət İvanişvilinin keçən il vəzifəyə şəxsən seçdiyi prezident Salome Zurabişvilinin seçkiqabağı kampaniyasını dəstəkləməyə məcbur etmək məqsədilə оnu şantaj edib.

Hökumət təmsilçiləri bu ittihamı yalana çıxararaq israr edirlər ki, Anakliya üzrə danışıqlar və TBC haqda araşdırma bir-birinə bağlı olmayan iki məsələdir, amma konsorsiumda özgə sayaq düşünürlər. Axvlediani mətbuat konfransında deyib: “Mən dərindən əminəm ki, baş verən bütün bunların baş səbəbi Anakliyadır”.

Müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Roman Qotsiridze bu məsələ üzrə parlament debatları zamanı hökumətə müraciətində deyib: “Siz Anakliyanı batırdınız və indi günahı yatırımçının üstünə yıxmağa çalışırsınız”.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.