Türkiyədəki seçkilərin azərbaycanlıları həyəcanlandırmasının “sirri”

2-04-2019, 08:40           
Türkiyədəki seçkilərin azərbaycanlıları həyəcanlandırmasının “sirri”
Şahin Cəfərli: “Biz Türkiyəyə sıradan bir xarici dövlət kimi baxmırıq”
Türkiyədə keçirilən bələdiyyə seçkiləri Azərbaycanda da çox ciddi maraq və həyəcanla izləndi. Bu ölkədəki prosesin Azərbaycanın siyasi-ictimai həyatına hansısa təsiri olmayacaqsa, bizim insanlarımız niyə onu bu qədər həssaslıqla izləyir, azarkeşlik edir, nəticələrinə maksimum diqqətlə fokuslanıb?

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, biz Türkiyədəki hər hansı seçkiyə hər zaman diqqətli oluruq. Onun sözlərinə görə, bu dəfə diqqət daha da böyükdür: “Görünür, ətrafda baş verən dəyişikliklər çoxdur. Ermənistanda dəyişiklik oldu. Azərbaycanın özündə siyasi fəallıq 5 ay bundan qabaqkı kimi deyil. İnsanlar onun fərqindədir ki, ətrafdakı ölkələrdə baş verən dəyişiklik bizim ölkəyə də təsir edir. Qarabağ məsələsi ilə bağlı insanlarda nigaranlıq artıb.


Qabaqlar bir qədər ümid çox idisə, son zamanlar Qarabağa dair proseslər, orada məskunlaşma işlərinin getməsi, işğal olunan ərazilərimizdə qəsəbələr tikilməsi, iş yerlərinin, bağların salınması insanları həyəcanlandırıb. Onlarda elə fikir yaradıb ki, Qarabağın üzərində təhlükə yaranıb. Beynəlxalq təşkilatların da bu prosesə biganəliyi müşahidə olunur”.

Müsahibimiz vurğuladı ki, hazırda ümid yerimiz, arxamız Türkiyədir: “Türkiyədə gedən proseslərə biz öz taleyimizi həll edən məsələ kimi baxırıq. Bu da tam təbiidir ki, biz bu qədər fəallıq göstərməliyik. Əhali baxmalıdır. Kimin imkanları olub, gecə yarısına qədər izləyiblər”.


Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyə seçkilərinə Azərbaycandakı marağın dərəcəsindən təəccübünü ifadə edən, bunun səbəbini başa düşmədiyini söyləyən insanlara rast gəlib. Müsahibimizin sözlərinə görə, bu təəccübün özü onu təəccübləndirib: “Çünki Azərbaycan-Türkiyə dövlətlərarası və toplumlararası münasibətlərinin səviyyəsi və dərinliyi hər kəsə məlum olan həqiqətdir və mübahisə mövzusu deyil. İlk dəfə deyil axı bizim cəmiyyət Türkiyədə baş verən hadisələrə, siyasi proseslərə bu cür diqqət göstərir. Səbəbi çox sadədir: dil, din, mədəniyyət eyniliyi, azərbaycanlıların türkiyəliləri, onların da bizi qardaş xalq sayması, ölkələr arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, Türkiyənin Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verən azsaylı ölkələrdən biri olması və s... Yəni biz Türkiyəyə sıradan bir xarici dövlət kimi baxmırıq. ”Bir millət, iki dövlət" şüarı patetik səslənsə də, sosial-mədəni əsasları olan bir sloqandır. Azərbaycan toplumu Türkiyənin mədəni ekspansiyası altındadır, mən bunun mənfi və ya müsbət hal olduğunu söyləmirəm, mövzumuz bu deyil. Demək istədiyim odur ki, Azərbaycandakı evlərdə Türkiyə televiziyaları yerli kanallardan daha çox izlənir, uşaqlarımız türk cizgi filmlərinə baxır, böyüklərimiz serialları, siyasi proqramları, xəbərləri izləyir. Bu, Azərbaycanın müstəqillik əldə etməsindən sonra başlayan və getdikcə arealını genişləndirib, Azərbaycanda daha çox ailəni əhatə edən bir gerçəklikdir. Yəni Türkiyədə nə baş verirsə, anlıq olaraq Azərbaycanda əks-səda doğurur".

Ş.Cəfərli dedi ki, Türkiyə siyasəti ilə davamlı maraqlanan insanlarımızın hər birinin bu ölkədə simpatiya və antipatiya bəslədiyi siyasi partiyalar, liderlər var. Onun sözlərinə görə, biz virtual olaraq oradakı qaynar siyasi mübarizənin iştirakçısına, tərəfinə çevrilmişik. Seçkilərdə həmin partiyaların və liderlərin performansını maraqla, həyəcanla izləyirik: “Tərəf tutmayan insanlarımız da müxtəlif düşüncə və motivasiya ilə Türkiyə siyasətini diqqətlə izləyir - əsasən iki səbəbdən: birincisi, bizə yad olmayan bir dövlət kimi Türkiyənin yaxşılığını (inkişafını, güclənməsini və s.) istəyirik. İkincisi, Türkiyədə baş verənlərin Azərbaycana birbaşa və ya dolayı təsirlərinin olduğuna inanırıq. Bu da əslində yanlış deyil. Məsələn, Türkiyə iqtisadi böhrana daxil olursa, siyasi baxımdan isə orada avtoritarizm möhkəmlənirsə və azadlıqlar məhdudlaşdırılırsa, bunun Azərbaycana da mənfi təsirləri qaçılmazdır. Yaxud əksinə, Türkiyə iqtisadi baxımdan inkişaf edirsə, eyni zamanda orada demokratik inkişaf varsa, bunların bizə də pozitiv təsirləri olur. Türkiyədəki bələdiyyə seçkilərini az əhəmiyyətli siyasi hadisə kimi göstərmək də doğru deyil. Əvvəla, Türkiyədə bələdiyyələr yerli özünüidarəetmə sahəsində real səlahiyyətlərə malik güclü institutdur. Ağlınıza bizim bələdiyyələr gəlməsin. İkincisi, bələdiyyə seçkiləri ölkə miqyaslı siyasətə ciddi təsir göstərən, Türkiyənin gələcəyinə yön verən mühüm siyasi kampaniyalardır. Son seçkilərdə müxalifətin böyük şəhərlərdəki uğurlarının doğurduğu əks-sədanı gördünüz. Bu, Azərbaycanda da böyük marağa səbəb oldu, hətta müxalifyönümlü azərbaycanlılarda ümid də oyatdı. Kimsə bu ümidi sadəlövhlük, boş ümid kimi qiymətləndirə bilər, bu ayrı məsələdir”.

Politoloq bildirdi ki, ölkəmizdəki demokratiya, azad seçki, rəqabətli siyasi mühit aclığının da bu məsələyə ciddi təsiri var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.