İrəvanın Bakıya “hədəsi”nin pərdəarxası - GƏLİŞMƏ

3-04-2019, 17:41           
İrəvanın Bakıya “hədəsi”nin pərdəarxası - GƏLİŞMƏ
Son zamanlar düşmən ölkədə ayrı-ayrı şəxslərin verdiyi müharibə ritorikalı bəyanatların arxasında əslində qorxu hissi dayanır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O bildirib ki, qonşuluğumuzda Ermənistan kimi işğalçı dövlətin olması təəssüfedici haldır:

“Prezident hər zaman öz çıxışlarında da bildirir ki, Azərbaycan torpaqlarının işğal altında olması ilə barışmayacaq. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bunu istəməyənlər çoxdur. Bu qüvvələr həm daxildə, həm də xaricdə fəaliyyət göstərir. Müstəqil Azərbaycan üçün dövlətçiliyin güclənməsi vacib idi. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Çünki bu proseslər dünya güclərinin, dünyadakı qrupların, elitaların maraqlarından irəli gəlir. Bu kimi layihələrin bizim regionda keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir”.

Politoloq vurğulayıb ki, bu gün Azərbaycan istər iqtisadi, istər siyasi imic məsələsində, istərsə də informasiya müharibəsində düşməni çox arxada qoyub:

“Əgər əvvəllər ermənilərin yazıq obrazına dünyada inananların sayı kifayət qədər çox idisə, bu gün hər kəs onların işğalçı olduğunu çox yaxşı bilir. Azərbaycan Ordusunun gücü Ermənistan ilə müqayisə edilməyəcək səviyyədədir ki, bu da düşməni qorxudur. Ümumilikdə götürdükdə Prezident İlham Əliyevin daxili və xarici siyasətdə atdığı addımlar dövlətin güclənməsinə xidmət edir. Bütün bunların nəticəsində biz öz ərazi bütövlüyümüzü təmin edə biləcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.