Lavrovun “məxfi” dediyi Moskva danışıqları - TƏHLİL

18-04-2019, 08:46           
Lavrovun “məxfi” dediyi Moskva danışıqları - TƏHLİL
Aprelin 15-də Rusiyanın təşəbbüsü, həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Moskvada keçirilən Qarabağ danışıqlarında bir sıra anlaşmalar əldə olunduğu rəsmən bəyan edildi.

Bununla bağlı həmsədrlərin bəyanatında detallı məlumat verilməsə də, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında bir sıra məqamlara aydınlıq gətirdi, razılaşmalardan bəhs etdi. Diqqətçəkən budur ki, Azərbaycan XİN-in başçısı ermənistanlı həmkarı ilə keçirdiyi budəfəki görüşü müsbət qiymətləndirib, danışıqların faydalı və substantiv keçdiyini bildirib. E.Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: “İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Aprelin 17-də isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında əldə edilən razılaşmalar faydalıdır. Maraqlıdır ki, Lavrov da təfərrüatlara varmaq istəmədiyini, təfərrüatların məxfi olduğunu deyib: “Moskvada bazar ertəsi keçirilən görüşün yekunlarına görə humanitar tədbirlərlə bağlı görüşün yekun birgə bəyanatında müfəssəl şəkildə qeyd olunub. Bu tədbirlərin məğzi vəziyyəti xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə səylər göstərmək zərurətinə razılıq vermək, həbs yerlərində saxlanılanların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, habelə insanlar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstək verməkdir”.

Dağlıq Qarabağ münaqişəsinin bu danışıqlar çərçivəsində həllinə dair 2016-cı ildə verilən təkliflərə toxunan S.Lavrov xarici işlər naziri Elmar Məmmədyarovun görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu təsdiqlədiyini bildirib: “Həmin təkliflərin məğzinə gəlincə, həmsədr ölkələr Rusiya, Fransa, ABŞ rəhbərlərinin bir çox açıqlamasında təsbit olunmuş yanaşmalara uyğun gələn bu təkliflər tərəflər arasında ərazi bütövlüyü, xalqların müqəddəratının təyini, müdaxilələrə və güc tətbiqinə yol verməmək prinsiplərinə əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir”.

Rusiyalı nazir dövlət başçılarının silsilə bəyanatlarını, habelə ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal gətirib: “Orada işlərin bütün təməl istiqamətləri göstərilir. Təfərrüatlar isə təbii ki, məxfidir”.

Bəs Elmar Məmmədyarovun və Sergey Lavrovun hələ demək istəmədikləri, gizli saxladığı nələr ola bilər?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Rusiya tərəfi son dövrlərdə Qarabağ münaqişəsi ilə bağlı fəallaşır. Dağlıq Qarabağ məsələsi ətrafında bir hərəkətlənmə müşahidə edilir. Rusiya Amerika və Avropa İttifaqının Dağlıq Qarabağ məsələsinə diqqətinin artdığını, müəyyən təkliflər irəli sürdüyün görür. Rusiya nazirlərin Moskvada görüşünü təşkil etməklə hansısa razılaşmalar əldə edildiyini bəyan etməklə münaqişənin tənzimlənməsi məsələsində söz sahibi olduğunu bir daha nümayiş etdirir: “Yəqin ki, Rusiya elə bir təklif edir ki, bu, həm Azərbaycan, həm də Ermənistan tərəfindən qəbul ediləcək məsələ olsun. Ehtimal etmək olar ki, mərhələli həll planı əsasında ilkin olaraq 5 rayonun azad edilməsi məsələsi müzakirə edilib, Rusiya bu təklifi ola bilsin, yenidən gündəmə gətirib. İstisna deyil ki, Azərbaycan və Ermənistan rəhbərliyinin son mövqeyi ifadə olunmadığından məsələnin hələ məxfi olduğunu bəyan edirlər. Münaqişə artıq böyük güclərin diqqət mərkəzindədir. Rusiya da bunun fərqindədir. Ola bilsin ki, Moskva görüşündə müəyyən irəliləyişlər olub. Ola bilsin Moskva Avropa İttifaqının hansısa təkliflərinə alternativ variantlarını təklif kimi irəli sürüb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.