İran vətəndaşları üçün də vizanın ləğvi təklif olunur - Bu, Azərbaycana HANSI TƏHLÜKƏNİ VƏD EDİR?
25-07-2019, 19:56

Türkiyə və ya digər qonşumuz Gürcüstan viza prosedurlarından imtina etdikdən sonra turizmdə sıçrayış yaşayırlar.
Politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlamasında Azərbaycan tərəfindən Türkiyə vətəndaşlarına viza rejiminin ləğv edilməsi ilə bağlı qərarın doğuracağı nəticələrə aydınlıq gətirib. Politoloq hesab edir ki, vizanın ortadan qaldırılmaması Azərbaycan-Türkiyə müttəfiqliyinə kölgə salan yeganə amil idi:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə Bakıya gələndə viza məsələsini qaldırırdı. Ərdoğan bu məsələnin uzanmasından narahat idi. Azərbaycan rəsmiləri bunu hansısa texniki məsələnin həlli, əsl həqiqətdə isə ikili söhbətlərdə təhlükəsizlik məsələləri ilə əlaqələndirirdilər. Yəni viza ortadan qaldırılsa, Türkiyədən hansısa qruplar Azərbaycana gələ və bizə problemlər yarada bilərlər. Bu arqumenti əvvəldən qəbul etmirdim. Çünki Türkiyə başqa dövlətlərin vətəndaşlarına da viza tətbiq etmir. Bu baxımdan gərək indiyə qədər problemlər içərisində boğulardı. Tam əksinə, Türkiyə və ya digər qonşumuz Gürcüstan viza prosedurlarından imtina etdikdən sonra turizmdə sıçrayış yaşayırlar. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və vizanın ortadan qaldırılmaması müttəfiqliyə kölgə salan yeganə amil idi. Gec də olsa doğru qərar verildi”.
Politoloq maraqlı təkliflə çıxış edib:
“Rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza sistemini də ortadan qaldırmalıdır. Onsuz da rəsmi Bakının yeni qərarından sonra Tehran da rəsmi Ankara kimi eyni xahişlə Bakıya müraciət edəcək. İranla bağlı da müəyyən təhlükəsizlik məsələləri ön plana çıxa bilər. Ancaq önəmli olan İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycana rahat gəlişini təmin etməkdir. Bunun Azərbaycan üçün geosiyasi əhəmiyyəti də var. Doğrudur, ABŞ-la İran arasında müharibə başlasa, qonşu ölkədən qaçqın axını ilə üzləşə bilərik. Ancaq belə bir ehtimal olsa, biz onsuz da müharibədən qaçmaq istəyən soydaşlarımıza sərhəddin qapısını bağlı saxlaya bilməyəcəyik. Bu halda vizanın olmasının əhəmiyyəti yoxdur”.
Xatırladaq ki, sentyabr ayının 1-dən etibarən Azərbaycan, Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.