“Keşikçi qala” təxribatının qarşısını yalnız təmkinli və rasional siyasətlə almaq olar - TƏHLİL

26-07-2019, 09:55           
“Keşikçi qala” təxribatının qarşısını yalnız təmkinli və rasional siyasətlə almaq olar - TƏHLİL
Bu ilin birinci yarısında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 508 milyon 899,1 min dollar olub. Bu dövrdə Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 8,5% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-iyun aylarında Gürcüstanın Azərbaycana ixracı 211 mln. 326,8 min dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 3,7% artıb. Azərbaycan Gürcüstanın ümumi ixracında 11,9% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

İlk yarım ildə Gürcüstan Azərbaycandan 297 mln. 572,3 min dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 3,2% azalma qeydə alınıb. Qonşu ölkənin ümumi idxalında Azərbaycanın payı 7,1% təşkil edib. Azərbaycan qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan sonra dördüncü əsas idxal tərəfdaşı olub.
Bundan başqa, Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 240 mln. ABŞ dolları məbləğində investisiya qoyub. Xarici investisiyalarda Azərbaycanın payı 19,5% təşkil edib və ölkəmiz 2015-ci ildən etibarən “Gürcüstanın bir nömrəli investoru” adını qorumaqdadır. Bu o deməkdir ki, Gürcüstan iqtisadiyyatına qoyulan hər 5 dollardan 1 dolları Azərbayacanın payına düşür.

Azərbaycandan sonra Gürcüstana ən çox sərmayə qoyan ölkələr Böyük Britaniya ( 203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) olub.

Nəhayət, 2 ölkənin birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft və qaz layihələri Avropanın enerji xəritəsini yenidən cızmaqdadır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti isə bölgənin mühüm nəqliyyat qovşağına çevrilməsində əhəmiyyətli rol oynayır. Bu kimi layihələr Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının formalaşmasına gətirib çıxarıb.

2 ölkənin oxşar problemləri da var – hər 2 ölkə etnik separatizmdən əziyyət çəkir. Gürcüstanın Osetiya Abxaziya, Azərbaycanın isə Qarabağ poblemi var. Yəni əm iqtisadi, həm siyasi, həmdə coğrafi baxımdan Qafqazın bu ik qonşu dövləti həm statreji, həm siyasi, həm də iqtisadi baxımdan ən yaxın müttəfiq olmağa məhkumdur və bu müttəfiqlikdən ən çox udan da məhz Gürcüstandır.

Statistikanın təhlilindən də açıq görünür ki, Azərbaycanın iqtisadi gücündən ən çox faydalanan ölkələrdən biri, bəlkə də birincisi Gürcüstandır. Belə halda münasibətlərin yaxşılaşdırılmasında ən çox Gürcüstan maraqlı olmalıdır. Ancaq görünür bu müttəfiqlik üşüncü ölkənin maraqlarına cavab vermir və ona görə də yeni münaqişə ocağı yartmağa cəhdlər edilir. Söhbət “Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisədən və bununla bağlı ajiotajdan söhbət gedir.

Rəsmi Bakı bu təxribata çox təmkinli reaksiya verdi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakının təmkinli mövqeyini ortaya qoydu: “İyulun 14-də “Keşikçi qala” sərhəd məntəqəsində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycanın sərhəd növbətçi dəstəsinə qarşı insident törədilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib. Qeyd etməliyik ki, ümumiyyətlə, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz. Artıq hər iki tərəfin ekspertləri səviyyəsində müzakirələrdə belə fikirlər səslənir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Müzakirələrdə bu qüvvələrin kimliyi barədə də müəyyən fikirlər səsləndirilir. Şübhəsiz, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də, hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı ciddi ölçü götürülməliydilər. Artıq Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib”.

Prezident köməkçisi onu da vurğulayıb ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Həmçinin, istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar. Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda, məhz belə halları nəzərdə tuturuq – deyə Ə.Həsənov vurğulayıb.

Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası ilə bağlı müzakirələr yalnız Gürcüstanla aparılmır. Tarixə nəzər salsaq, görərik ki, bu məsələdə insident yaşanan yeganə sərhəd xətti də son hadisənin baş verdiyi “Şəmkir” sərhəd dəstəsinin ərazisi olmayıb. Amma Azərbaycan ictimaiyyəti onu da çox gözəl bilir ki, mübahisələr, insidentlər zamanı bizim diplomatlarımız və sərhədçilərimiz bəzən ağır, yorucu görünən müzakirələrdə heç vaxt təmkinlərini itirməyiblər, milli maraqlarımızı əzmlə, peşəkarlıqla qoruyublar, Azərbaycanın haqlı mövqeyindən zərrə qədər də geri addım atmayıblar və bundan sonra da belə olacaqdır.

Təcrübəli diplomat, Azərbaycanın sabiq xarici işlər naziri i Tofiq Zülfüqarovbildirib ki, ümumiyyətlə son aylarda baş verən hadisələrin kökündə Gürcüstandakı proseslər dayanır: “Yəni baş verən proseslər Gürcüstandakı siyasi böhranın təzahürüdür. Bu böhran isə Gürcüstanda keçirilən prezident seçkilərindən sonra daha da aktivləşib. Nəticədə Gürcüstanda siyasi elita iki yerə bölünüb. Ruspərəst və qərbəstə qüvvələrə. Hazırda mübarizə bu qüvvələr arasında gedir. Lakin erməni diasporuna bağlı qüvvələrin də aktivliyi hiss olunmaqdadır. Ermənipərəst qüvvələr yaranmış durumdan faydalanaraq Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa cəhd edirlər. Onlar çalışırlar ki, iki ölkə arasındakı problemlər münaqişə həddinə çatsın. Bunun üçün də müxtəlif təxribatlara əl atrılar. Elə “Keşikçidağ” məbədindəki son təxribatı bunun bariz nümunəsi kimi dəyərləndirmək olar”.

Sabiq nazir onu da vuğulayıb ki, bu təxribatçılar tarix boyu çox yaxşı münasibətə, eyni zamanda strateji tərəfdaşlıq münasibətlərinə malik Gürcüstan- Azərbaycan münasibətlərini pozmaq planlarından əl çəkmək niyyətində deyil. Məqsədlər bəlli deyil. Həmin qüvvələrin niyyəti bir yandan Azərbaycanla münasibəti korlamaqdırsa, digər tərəfdən Gürcüstanda qərbyönümlü siyasətin qarşısını almaqdır. Yəni niyyət həssas geopolitik nöqtədə münaqişə yaratmaqdır. Ancaq sonuncu təxribat göstərdi ki, rəsmi Tiflisin baş verən təxribatların vaxtında qarşısını almaq üçün yetərincə təsirə malik deyil.

T.Zülfüqarovun fikrincə, Ermənilər yaxşı başa düşür ki, hansısa mərhələdə Paşinyan hakimiyyəti ilə Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatlar baş verə bilər və o zaman Rusiya ermənilərə əvvəlki kimi dəstək verməyəcək: “Və bu sual altındadır. Ermənilər bu təhlükəni gördüklərindən Azərbaycanın başını qatıb ikinci cəbhə açmaq istəyirlər. Ermənilər Gürcüstan-Azərbaycan sərhədində gərginlik yaratmaqla, diqqəti ora çəkməklə əsas məsələnin həllindən Azərbaycanın diqqətini yayındırmağa çalışırlar. Ümumiyyətlə ermənilər ikinci cəbhə açmaqla özlərinə olan aktual təhlükənin qarşısını almaq istəyirlər. Təqribən geopolitik məqamlar bundan ibarətdir”.

Beləliklə, Azərbaycan-Gürcüstan münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olur. Rusiya və Ermənistan Azərbaycan-Gürcüstan müttəfiqliyindən məmnun deyil və yeni münaqişə ocaqları yaratmağa çalışır. Vəziyyət heç də 90-cı illərlə müqayisə oluna bilməz. 90-cı illərin əvvəllərində Azərbaycan dövləti və hökuməti nominal olaraq mövcud idi. Adii bir fakt. Erməniləri Qarabağ iddiaları 1998-ci ildə ortaya qoyulsa da, müstəqil Azərbaycanın müdafiə nazirliyi 1991-ci ilin sentyabrında yaradılıb. XİN isə simvolik olaraq mövcud idi, real fəaliyyətə 1992-ci ildə başladı. İndi Azərbaycanın normal dövlət strukturları (ordusu, sərhəd xidməti, xarici siyasət idarəsi və başqa qurumlar) var və belə təxribatları zərərsizləşdirmək gücündədir. Qarşı tərəf də rasional siyasət yürütsə, təxribatlar ideya olaraq qalacaq. Əks halda uduzan yenə Gürcüstan olacaq.
Qadir İbrahimli \\qafqazinfo.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.