“Azərbaycan qızlarının orta əsr zülmətinə sürüklənməsinə imkan verməməliyik” – DEPUTAT ÇAĞIRIŞ ETDİ
7-08-2019, 17:00
Erkən nikahların, qızların bəzi hallarda ailələri, valideynləri tərəfindən zorla erkən nikahlara vadar, məcbur edilməsinin, nəticədə də intiharların və digər ağrılı hadisələrin yaşanmasının qarşısının alınması üçün çox ciddi işlər aparılmalıdır. Həm dövlət səviyyəsində, həm hökumət səviyyəsində bu yöndə təcili və zəruri addımlar atmalıdır.
Bunu Etikxeber.az-a açıqlamasında DİP sədri, millət vəkili Asim Mollazadə deyib.
Bununla yanaşı, millət vəkili bildirib ki, bu kimi narahatlıq doğuran hallara qarşı cəmiyyətin özündə də ictimai təzyiqlər müəyyənləşdirilməli, ictimai qınaq artırılmalıdır.
“Bu cür hallar əslində Azərbaycanı yenidən orta əsrlərə, zülmətə, cəhalətə döndərmək deməkdir. Bunun baş verməməsi üçün də çox mühüm bir amil qızların təhsili məsələsidir. Bu, çox önəmli və mühüm məsələdir, qızların təhsili məsələsi daim diqqətdə saxlanılmalıdır.
Həmçinin, gənc qızların, qadınların cəmiyyətdə, ictimaiyyətdə, siyasətdə, idarəçilikdə mövqelərinin gücləndirilməsi çox vacib məsələdir. Özü də qeyd edim ki, Azərbaycan hər zaman bu məsələdə İslam və Türk dünyasında liderik edib.
Azərbaycan müsəlmanların yaşadığı ilk ölkədir ki, hələ 100 il öncə xanımların, qadınların seçib-seçilmək hüquqlarını tanıyıb və dediyim kimi, Azərbaycan xanımları bu istiqamətdə Türk və İslam dünyasının lideri olub.
Onun üçün biz heç cür imkan verməməliyik ki, Azərbaycan qadınları, Azərbaycan qızları yenidən orta əsr zülmətinə sürüklənsin. Buna yol və imkan vermək olmaz”-deyə, A. Mollazadə deyib.