Paşinyan masanı çevirdi: sülh ehtimalı yoxa çıxır
8-08-2019, 08:20

“Paşinyanın inqilabına ən böyük təhlükə 10 ildən çox Ermənistanı idarə etmiş qarabağlılardan və bu klanın Dağlıq Qarabağdakı hərbi-siyasi uzantılarından qaynaqlanır”.
“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Nikol Paşinyanın Xankəndindəki çıxışını şərh edən politoloq bildirir ki, əlində maddi kapital olan, Dağlıq Qarabağdakı silahlı dəstələr üzərində təsirə sahib və güclü xarici bağlantılara malik (Rusiya) Qarabağ klanı qısa vaxt ərzində real əksinqilabi təhdidə çevrilə bilər.
“Ermənistanda iqtidara gəlmiş yeni qüvvə bu təhlükəni neytrallaşdırmadan və Dağlıq Qarabağda öz nəzarətini bərqərar etmədən rahat ola və hakimiyyətini möhkəmlədə bilməz. Paşinyanın Xankəndindəki çıxışına bu kontekstdə yanaşmaq daha doğru olar. Onun nitqində daxili siyasət konteksti güclüdür.
Paşinyanın məqsədi Koçaryan-Sarkisyan klanına yaxın olan Saakyan rejiminin Qarabağdakı seçkilərin nəticələrinə təsirlərinin qarşısını almaqdır. Məsələn, o, seçkilərdə namizəd olmayacağını açıqlamış Bako Saakyanı Vitali Balasanyan tipli şəxslərin əvəz etməsini istəmir və öz adamını bu posta seçdirməkdə maraqlıdır ki, bir gözü və bir ayağı daim Dağlıq Qarabağda qalmasın, diqqətini Ermənistan daxilindəki islahatlara yönəltsin.
"Qarabağ Ermənistandır” sözləri həm daxilə, həm xaricə mesajdır, Paşinyan opponentlərinə, eləcə də bütün ermənilərə nümayiş etdirir ki, yeri gələndə Qarabağ məsələsində ən radikal mövqeni onun özü sərgiləyir.
Eyni zamanda, bu bəyanat işğalın ilhaq mərhələsinə keçməsi təhlükəsinin olduğunu göstərir ki, bu da Azərbaycan üçün həyəcan siqnalıdır. Əgər Ermənistanın rəsmi mövqeyi belədirsə, bunun anlamı masanı devirmək və sülh anlaşması ehtimalını heçə endirməkdir”.