25 ildir bitməyən monitorinq: “ATƏT-in Minsk qrupu Azərbaycana buraxılmasın” - TƏKLİF

5-10-2019, 10:46           
25 ildir bitməyən monitorinq: “ATƏT-in Minsk qrupu Azərbaycana buraxılmasın” - TƏKLİF
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat yayıb.

Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (Amerika Birləşmiş Ştatları) BMT Baş Assambleyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla ayrı-ayrılıqda, eləcə də birgə görüşüblər. Görüşlə bağlı bəyanatda bildirilir ki, həmsədrlər yaxın vaxtlarda regiona səfər etməyi planlaşdırır.

Həmsədrlər regiona səfər zamanı həmişə həm Azərbaycan , həm də Ermənistan tərəfi, həm də Dağlıq Qarabağın qondarma rejiminin nümayəndələri ilə də görüşürlər. Lakin Dağlıq Qarabağın Azərbanlı İcması ilə görüş keçirilmir.

Cebhe.info-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov ümumiyyətlə, həmsədrlərin Azərbaycana buraxılmasının tərəfdarı olmadığını deyib. Ekspert vurğulayıb ki, həmsədrlərin Azərbaycan İcması ilə görüşməməsinin səbəbi münaqişənin böyüməsində maraqlı olmalarıdır:

“Son vaxtlar cəbhədə olan itkilər həmsədrlərin öz vəzifə borclarına səhlənkar yanaşmasının nəticəsidir. Əslində, burada günahkar özümüzük, ona görə ki, biz indiyədək həmsədrlər üçün hər şəraiti yaratmışıq. Məlumdur ki, bu məsələdə zərərçəkən tərəf Azərbaycandır. Məhkəmədə iddiaçı və cavabdeh olur, biz Dağlıq Qarabağ məsələsində iddiaçı tərəfik. Beynəlxalq hüquq və normalar çərçivəsində də təsbit olunub ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri də bilavasitə Azərbaycanın maraqlarını təmsil etməlidirlər. Bu günə qədər üç xristian dövləti , yəni Rusiya, ABŞ və Fransa birbaşa olaraq ermənilərin mənafeyinə xidmət edib. İndiyə qədər biz təkid etməmişik və onlar qondarma rejimin rəhbərləri ilə görüşdükləri halda Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşməyə həvəssiz yanaşıblar. Əslində, mən onların ümumiyyətlə, Azərbaycana buraxılmamasının tərəfdarıyam. Özləri üçün 25 ildir çox gözəl iş yeri tapıblar, milyonlarla vəsait əldə ediblər. Mən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi ilə həm Ermənistanda, həm də işğal olunmuş ərazilərdə olmuş biri kimi bunu deyirəm.
O, ermənilər üçün olduqca əziz insandır”.

Ekspert bildirib ki, Paşinyan hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərini təhqir edir:

“Amma onlardan reaksiya yoxdur. Çünki onların marağındadır. İstəyirlər ki, bir qədər də münaqişə böyüsün, gəlib monitorinqlər keçirsinlər. Dağlıq Qarabağın Azərbaycanlı İcması ATƏT-in həmsədr ölkələri olan Amerika, Rusiya və Fransanın səfrlikləri ilə görüşməli, tələb etməlidir ki, həmsədrlər Azərbaycana səfəri zamanı mütləq onlarla da görüşülsün. Hər şeyi dövlətin üstünə atmaq olmaz”.

Həmsöhbətimiz eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə əməl etmədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələdə sərt mövqe bildirməlidir, ancaq bu yolla nəticə əldə etmək olar:

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, həmsədrlər yaxın zamanlarda regiona səfər edəcəklər. Onların səfərlərinin məqsədi nədir, indiyə qədər səfərlər nəticəsində nəyə nail olublar? BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Danışıqlar aləmində BMT Təhlükəsizlik Şurasından böyük bir təşkilat yoxdur. 4 qətnamə bir tərəfdə qalıb, bunlar hər şeydən danışırlar, amma işğalçının işğal etdiyi ərazilərdən danışmırlar. Ona görə də Azərbaycan tərəfi bu məsələdə bir qədər də qətiyyət nümayiş etdirməlidir. Müstəqil dövlətik, ordumuzun silah təchizatı var. Azərbaycan tərəfi bu məsələdə mövqeyini sərt bildirməlidir ki, nəticəyə nail olaq. Mən inanıram ki, nəticə olacaq, çünki Prezidentin dünən Soçidəki çıxışı hər şeyi göstərdi. Bu, diplomatik xəbərdarlıqdır. Bizim haqlarımız var və ona hörmətlə yanaşmaq dünyada vəzifəsindən, siyasi statusundan asılı olmayaraq hər kəsin borcudur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.