İran tankerini kim və niyə vurub...
12-10-2019, 09:04

Səudiyyə Ərəbistanı və İran arasında barışıq prosesinin başlamasına az qalmış baş verən hadisənin şübhəli dairəsi çox genişdir
Oktyabrın 11-də Qırmızı dənizdə Səudiyyə Ərəbistanı Ciddə limanı yaxınlığında İrana məxsus neft tankerində partlayış baş verib. İran Milli Neft Şirkətindən verilən məlumata görə hadisə Ciddə limanına 60 dəniz mili (100 km) məsafədə açıq dənizdə baş verib. İlkin məlumata əsasən İran Milli Neft Şirkətinə məxsus “Snofia” adlı tankerə iki raket atılıb.
Hadisə nəticəsində tankerin anbarında zədə əmələ gəlib. Şirkət eyni zamanda dənizə neft sızıntısının olduğunu bildirib. ancaq tankerdə xəsarət alan olmayıb. hadisə ilə bağlı araşdırmalar başlayıb. İran rəsmi dairələri hadisənin terror aktı ola biləcəyini ehtimal edir.
İran XİN sözçüsü Abbas Musəvi, cümə günü Qırmızı dənizdə İran neft tankerinə hücuma münasibət bildirib. Tankerdə vəziyyətin sabit olduğu, heyət üzvlərinin xəsarət almadığını qeyd edən Musəvi son aylarda İrana məxsus neft tankerlərinin hədəfə alındığını qeyd edib.
Bölgədə xidmət edən ABŞ-ın 5-ci hərbi donanması da hadisəyə münasibət bildirib. Donanmanın sözçüsü leytenant Pete Paqano hadisə ilə bağlı məlumatlı olduqlarını qeyd etsə də, əlavə məlumat verməyib.
Qeyd edək ki, hadisənin məhz Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında baş verməsi şübhəni bu ölkənin üzərinə gətirsə də, ər-Riyadın qisas üçün bu qədər açıq hərəkət etməsi inandırıcı gəlmir. Məlum olduğu kimi, mayın 12-də Norveç, BƏƏ və Səudiyyə Ərəbistanına məxsus 4 tanker Fars körfəzində hücuma məruz qalıb. ABŞ prezidentinin müşaviri Bolton bu hücuma görə İranı ittiham etsə də, rəsmi təhqiqatda İranın adı qeyd olunmayıb. Tehran isə bu hadisənin təxribat olduğunu bəyan edib.
İyunun 13-də səhər saatlarında biri Marşall adaları, digəri isə Panama bayrağı altında üzən Norveç və Tayvan şirkətlərinə məxsus iki tanker Hörmüz boğazı bölgəsində hücuma məruz qalıb. Tankerlərdən biri batmaq təhlükəsi ilə üzləşib. Bu hücumlara görə İran günahlandırılsa da, rəsmi olaraq Tehrana qarşı hər hansı ittiham irəli sürülməyib. Lakin bu hadisələr İranla Səudiyyə Ərəbistanı və körfəz ölkələri arasında münasibətləri daha da pisləşib. Sentyabrın 14-də isə Səudiyyə Ərəbistanına məxsus neft terminalları dron və raket hücumuna məruz qalıb. Nəticədə dünya neft birjalarında ciddi təlatüm yaranıb. Səudiyyə Ərəbistanı bu hücuma görə İranı ittiham edib. Lakin sentyabrın sonlarında BMT Baş Assambleyasının gedişində ABŞ və Səudiyyə Ərəbistanı İran məsələsində daha yumşaq mövqe nümayiş etdirib. Pakistan baş naziri İmran Xan bildirib ki, ABŞ və Səudiyyə Ərəbistanı vəliəhdi ondan İranla danışıqlarda vasitəçi olmasını istəyib. Maraqlıdır ki, iki gündən sonra İmran Xan İrana səfər edəcək və əsas məqsədi sülh danışıqlarında vasitəçilikdir. İndi belə görünür ki, Səudiyyə Ərəbistanı özü danışıqlar istədiyi halda eyni zamanda İrana hücum həyata keçirib. Bu isə inandırıcı deyil.
Ehtimal olunur ki, Ciddə limanı yaxınlığında İran gəmisinə hücum edən qüvvə məhz İran və Səudiyyə Ərəbistanı arasında barışığı istəməyən qüvvədir. Bu isə xarici ölkələrdən biri, ya da Ərəbistan hakimiyyəti daxilindəki qruplar ola bilər Ya da bu ikisinin ittifaqı. Çünki hazırda Səudiyyə Ərəbistan hakimiyyəti daxilində ciddi mübarizə var və qruplar hakimiyyət uğurunda savaşır. Bu qrupların vəliəhd-şahzadənin sülh təşəbbüsünü bu şəkildə provokasiya etməsi mümkündür.
Bu hadisə regionda gərginliyin artacağı ilə bağlı işarələr versə də, aydındır ki, həm tərəflər, həm də vasitəçilər bu hadisənin provokasiya olduğunun fərqindədir. Bu mənada hadisənin daha da böyüməsi inandırıcı deyil, təbii ki, arxasındakı qruplar tezliklə üzə çıxmasa.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”