Konstitusiya Məhkəməsinin sədrindən xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA

9-11-2019, 10:47           
Konstitusiya Məhkəməsinin sədrindən xarici ölkələrdə məhkum olan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA
Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O qeyd edib ki, 2019-cu il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci, 5-ci, 18-ci, 61-ci və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Azərbaycan Respublikasının tərəfdar çıxmadığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınması yolverilməzdir.

F.Abdullayevin sözlərinə görə, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və Cinayət Məcəlləsinin müvafiq normalarının mənası baxımından belə qənaətə gəlib ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız ölkəmizin Cinayət Məcəlləsinə daxil olunduqdan sonra tətbiq edilə bilər və məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittiham hökmü olmalıdır. Həmçinin qeyd edilib ki, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz:

“Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, ibtidai araşdırmanı həyata keçirən orqanlar cinayət işi üzrə istintaq apararkən təqsirləndirilən şəxsin ölkə daxilində, həmçinin xarici dövlətlərdə əvvəllər cinayət törətməsi və məhkumluğunun olub-olmaması faktının müəyyən edilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru