"Bircə Araz deməyin... Çünki o namizəd deyil. Lütfən deməyin!" İqbal Ağazadənin müvini yazdı...

23-12-2019, 02:44           
"Bircə Araz deməyin... Çünki o namizəd deyil. Lütfən deməyin!"  İqbal Ağazadənin müvini yazdı...
Hörmətli Rauf Arifoglu 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Əvvəla qeyd edim ki, Rauf bəy, çox üzüldüm. Həddindən artıq. Bilmirəm, bəlkə də mənim üzgünlüyümün sizinçün heç bir anlamı olmayacaq. Olsun. Sadəcə bir çoxlarından dürüst və səmimi olmağı üstün tutdum.

Statusunuzda Araz Əlizadənin üzərinə gedərək sanki onu məğlub edəcəyinizi bildirməklə dostunuzun dairəsindən namizədliyinizi irəli sürdüyünüzə başqa ad qoymağa çalışırsınız.

Hə, indi siz deyə bilərsiniz ki, o dairə İqbal Ağazadənin alnına yazılmayıb. (Hətta statusunuzda bir punkt da açıq qoymusunuz ki, namizədliyinizi ola bilsin ki, geri götürdünüz. Ümumiyyətlə nə ehtiyac vardı ki? ) Olsun. Burasını keçək.

O dairədə 2015-ci ildə nə baş verdi hamınız gördünüz, amma susdunuz, haqq-ədalət adına mübarizə apardığını iddia edən heç kimsə İqbal Ağazadə - nin qazandığı mandat haqqını müdafiə etmədi. Yəqin belə məsləhətmiş sizinçün. Bunu da keçək.

Bu statusu yazmağa çox ehtiyac duydum, çünki sizə və statusunuzda şərh yazan dostlara xatırlatmaq istəyirəm ki, Araz Əlizadə o dairədən namizəd olmayacaq. O, keçən seçki idi - 2015 ci il - indi isə o dairədən illərlə çörək kəsdiyiniz İqbal Ağazadədir namizəd.

Biz bizlərdən öncə siyasətdə olanlardan örnək götürürük. Dəyər bumu? Hər zaman böyüklərimizin bir sözünü dinləmişik, elə sizin dost dediyiniz İqbal Ağazadənin də, bəlkə elə sizin özünüz də bu sözləri müdafiə etmisiniz - "Dəyəri olmayanın millətə xeyri olmaz" deyiblər.

Siz dəyərsizmisiniz? Təəssüf edirəm ki, dəyərli bildiyimiz bəziləri də Rauf Arifogluna uğurlar arzulayır bu dairədəki namizədliyi ilə bağlı. Tamam. Arzulasın. Amma bütün gerçəkləri bilə-biləmi? Çoxlarınız üçün bəlkə də bunu yazmağın necə çətin olduğu düşüncəsindəyəm.

Siz doğrudanmı dəyərləri ayaqlamaqla millətə xeyir veriləcəyini düşünürsünüz? Axı bu xalqın gözəl örnəklərə ehtiyacı var.

Məgər indi Araz Əlizadə var ki, bu dairədə? Hardan namizəd olmadınız indiyə kimi? 28 - ci dairə, 25 - ci dairə, indi isə 35... Niyə?

Nə bağlayır sizi bura, nə gətirdi sizi bu dairəyə axı?

Bircə Araz deməyin... Çünki o namizəd deyil. Lütfən deməyin!

İqbal Ağazadə heç vaxt başqa dairədən namizəd olmayıb. Bunu ən gözəl siz bilirsiniz. Əslində hər şeyi gözəl bildiyiniz üçün yazdım bu statusu. Siz İqbal Ağazadəyə alternativ oldunuz. Mənsə sizin qazanacağınız dairədən namizəd olmanızı istərdim, uduzacağınız yox. Gerçəkdən də xalqın seçəcəyi.

Sizin namizədlikdən çox-çox əvvəl Arazın namizəd olmayacağını hər kəs bilirdi. Hətta yatdığı xəstəxananın "sanitarka"sı da. İndi Əlizadəni yola saldım demək yerinə Ağazadəyə rəqib oldum demək daha doğru olmazmı?

Siz Yeni Müsavatda gedən köşə yazılarımın adını qoyan biri idiniz. İndi də sizdən israrla xahiş edirəm. Hər şeyin adını doğru söyləyin, Rauf Arifoğlu! Dəyərin də, dəyərsizliyin də...

P.S. Kimsə bu statusda təhqir yazmasın, təhqir yazan olsa, silinəcək!

P.P.S. Bəlkə də bu statusuma dəyərli İqbal bəy üzüləcək, sadəcə dürüst və səmimi olmaya bilməzdim...
Tamilla Qulami












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.