Ermənistana o zaman yardım edilə bilər ki... - ŞƏRTLƏR AÇIQLANDI
13-04-2020, 12:06

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ermənistana yardım məsələsi ilə bağlı Türkiyə hökümətinə çağırış edib.
Lent.az -ın xəbərinə görə, Federasiya adına açıqlama verən qurum rəhbərinin köməkçisi, mətbuat katibi Sərdar Ünsal bildirib ki, Ermənistana koronavirusla bağlı hansısa bir yardım ediləkcə, bu ölkə əvvəlcə illərdir irəli sürdüyü soyqırım yalanından əl çəkməlidir: "Türk milləti atalarını soyqırım etməkdə günahlandıran bir dövlətə, millətə yardım etməyi qəbul edə bilməz. Ermənistan qondarma soyqırımla günahlandırdığı bir dövlətdən hansı üzlə koronavirusla bağlı yardım tələb edə bilər? Ermənilər edilən yaxşılıqları unudan bir millətdir. 1988-ci ildə ölkədə baş verən zəlzələdə Türkiyə Ermənistana hər cür yardım etdi.
Hətta Ermənistanı respublika kimi tanıyan ilk ölkələrdən biridir. Bunun əvəzində ermənilər hər fürsətdə Türkiyəyə qarşı düşmənçilik edib, torpaq tələb edib. Avropa Parlamentlərində yalançı soyqırımı qəbul etdiriblər. Türk milləti ona açılan əli geri çevirən millət deyil. Ancaq elə bir millətə yardım etməyin nə qədər doğru olduğunu xalqın təqdirinə həvalə edirəm".
S.Ünsal 1914-20-ci illərdə Osmanlıya xəyanət edən, yaşadıqları yerlərdə günahsız insanları öldürən ermənilərin ölkədən köçürdüyünü xatırladıb və bildirib ki, o tarixdə pandemiyadan ölən ermənilərin Türkiyə tərəfindən soyqırıma məruz qalması iddiasını etmək həddini bilməməkdir:"Hörmətli dövlət başçımızdan Ermənistana insani yardım edərkən onlara yalançı soyqırım yalanlarından əl çəkmələri ilə bağlı bir məktub göndərmələrini, Türk millətinin heç kimi soyqırım etməyəcəyini vurğulamasını istəyirik. Biz Federasiya olaraq
Ermənistana aşağıdakı şərtlər altında yardım edilməsinin tərəfdarıyıq.
1. Ermənistan işğal altında saxladığı Qarabağ torpağından dərhal çəkilməlidir.
2. Türkiyəyə qarşı saxta soyqırım iddialarından əl çəkdiyini dünya ictimaiyyətinə bildirməli, erməni silahlılarının - əsgərlərinin Anadolu və Azərbaycanda etdiyi qırğınları etiraf edib hər iki dövlətdən üzr istəməlidir".