AŞPA Qarabağdakı “seçkilər”i niyə pisləmədi?

15-04-2020, 09:46           
AŞPA Qarabağdakı “seçkilər”i niyə pisləmədi?
Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının Qarabağdakı qondarma “seçkilər”ə münasibət bildirməməsi və aradan iki həftədən çox vaxt keçməsinə baxmayaraq, susqunluq nümayiş etdirməsi əlbəttə ki, qəbuledilməzdir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olan Qənirə Paşayeva Prezident İlham Əliyevin ötən gün 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında AŞ və AŞPA-nın Qarabağdakı qondarma seçkilərə susqunluğunu tənqid etməsinə münasibət bildirərkən deyib.

Q.Paşayeva bildirib ki, zaman-zaman AŞPA-da ikili standartları müşahidə edib:

“Hazırda koronavirus pandemiyasına görə diqqətin tamamilə ayrı istiqamətə yönəlməsi, toplantıların təxirə salınması və sair məsələlərin AŞPA-nın Qarabağdakı qondarma rejimin qondarma seçkisini tanımaması ilə bağlı bəyanatına heç bir aidiyyəti yoxdur. Çünki bu bəyanatları AŞPA-nın baş ofisi tirajlayır və burada da beynəlxalq hüquq, beynəlxalq prinsiplər əsas götürülür. Dağlıq Qarabağdakı qondarma rejimi heç bir qurum, o cümlədən Ermənistanın özü belə tanımır. Belədə burda “keçirilən” hansısa qondarma seçkinin nəticələrini tanımamaq üçün bu qədər gecikməyə heç bir səbəb yoxdur. Nəzərə alsaq ki, AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr də çıxarıb və nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər artıq mövqelərini rəsmən elan ediblər, onda ümumiyyətlə bu susqunluğu heç nə ilə bəraət qazandırmaq mümkün deyil”.

Q.Paşayeva qeyd edib ki, bir çox beynəlxalq qurumlar bəzi maraqlı qüvvələrin əlində vasitəyə, təsir vasitəsinə çevrilib:

“Təsadüfi deyil ki, AŞPA öz nüfuzunu sürətlə itirməkdədir və artıq bu quruma Avropa dövlətlərinin özlərində belə ciddi yanaşmamaq meyili özünü göstərir. Ötən sessiyada 750-dən çox üzvü olan qurumun bir çox qərarlarının qəbulundə 150-160 civarında parlamentarinin iştirakı da bunu deməyə əsas verir. Həmin parlamentarilər də hansısa maraq daxilində hansısa prosesdə iştirak edirlər”.

Millət vəkili qeyd edib ki, amma analoji situasiya Abxaziya, Cənubi Osetiya və yaxud Ukrayna ilə bağlı olsaydı, tamamilə fərqli yanaşma və münasibəti müşahidə edəcəkdik:

“Bunun yeganə səbəbi odur ki, Gürcüstanda və Ukraynada baş verən proseslərdən Rusiyaya qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Yəni söhbət Gürcüstanın və yaxud Ukraynanın ərazi bütövlüyü məsələsi deyil, öz qlobal və regional maraqlarını təmin etmək üçün istənilən fürsətdən istifadə etməkdir. Bildiyiniz kimi, Ukrayna Avropa və dünyanın əsas maraq dairəsində olsa da, hətta Krım məsələsində ciddi fikir ayrılıqlarının yaşandığını müşahidə edirik. Ukrayna siyasətçilərinin tez-tez “Avropa bizi satdı” deməsi də təsadüfi deyil. Çünki hazırkı reallıqda Rusiyaya tətbiq edilən sanksiyalar AB ölkələrinə böyük iqtisadi zərbə vurur və Moskva ilə münasibətlərin yoluna qoyulması üçün Krımı Rusiya ərazisi olaraq tanımaq iddiaları artıq daha tez-tez səslənməyə başlayıb. Yəni beynəlxalq hüquq artıq heç kəsi düşündürmür, hər kəs öz maraqlarını bu qədər açıq formada ifadə etməkdən belə çəkinmir. Bir gün Ukraynanın da qurban verildiyini müşahidə etsəm, təəccüblənmərəm”.

Q.Paşayeva belə bir qurumla Azərbaycanın radikal müxalifətinin “əməkdaşlığının” milli maraqlara zidd olduğunu vurğulayıb:

“Cənab Prezident açıq şəkildə bunu elan etdi və Azərbaycan xalqının bu faktları bilməsini istədi. Bəli, AŞPA illərdir beynəlxalq hüquqdan, demokratiyada “dərs keçməyə” çalışır, ancaq Azərbaycan xalqının və dövlətinin ən ali hüququnu etiraf etmək lazım gələndə susur. Bu qurumların radikal müxalifətlə əməkdaşlığı isə sadəcə dövlətimizə təzyiq üçün yeni bəhanələr tapmaqdan başqa bir şey deyil. Azərbaycanın radikal müxalifəti ilə “əməkdaşlıq” edən Avropa təşkilatlarının maliyyə mənbələrinin erməni diaspor şəbəkəsinə gedib çıxmasını da bilməyən yoxdur. Dövlətini, xalqını sevən, Azərbaycanın haqq davasını çiyinlərində hiss edən heç bir milli qüvvə ölkəmizə təzyiq vasitəsi kimi istifadə edilən qondarma ittihamlar uydurub, bəlli qurumlara ötürməməlidir. Bir çoxlarına yaxşı məlumdur ki, hətta indi, karantin rejimində belə radikal müxalifətin bəzi üzvləri qəsdən qaydaları pozur ki, polis onu həbs etsin və yaxud cəzalandırsın, nəticədə isə “karantindən istifadə edərək, müxalifətə təzyiqlər artırılıb” iddiası ilə faktlar toplayıb, sifarişçi-ağalarına ötürsünlər. Həm də bu, daha “asan” vasitə sayılır. Çünki karantin qaydalarını pozmağa görə ağır cəza verilmir, bir neçə sutkalıq həbs nəzərdə tutulur. Amma bundan məkrli məqsədlər üçün istifadə edilir”.

Q.Paşayeva bildirib ki, heç bir siyasi qüvvə və beynəlxalq qurumun Azərbaycanla diktə dilində danışmaq imkanı olmadığını cənab Prezident dəfələrlə vurğulayıb:

“Azərbaycan bölgənin qüdrətli ölkələrindən biridir. Cənab Prezident də bunu xüsusilə vurğuladı ki, koronavirus pandimiyasına görə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət edib, yəni dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur. Cənab Prezidentimiz bizi qürurlandıraraq qeyd etdi ki, Azərbaycanın adı yardım istəyənlər siyahısında yoxdur. Əksinə, Azərbaycan qonşularına və beynəlxalq qurumlara bu məsələdə yardım edir. Yəni Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, beynəlxalq hüquq çərçivəsində, humanist, qarşılıqlı iqtisadi mənfəətə söykənən əməkdaşlıq qurub və bu siyasi xəttini də davam etdirir. Ona görə də artıq hansısa lobbi təşkilatlarının, erməni diasporlarının maraqlarının ifadəsinə çevrilən qurumlara işləyənlər “milli xain” adından başqa heç nə əldə etməyəcəklər və tarix də belələrini bu adla yadda saxlayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.