İran İnqilab Keşikçilərinin koronavirusu 100 metrlikdən “aşkarlayan” cihazı

18-04-2020, 00:00           
İran İnqilab Keşikçilərinin koronavirusu 100 metrlikdən “aşkarlayan” cihazı
İranda 100 metrlikdən koronavirus infeksiyalarını maqnit dalğalar vasitəsilə aşkarlayan cihaz təqdim olunub. Bu, İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) üçün zəfər anı kimi qələmə verilib.
İnqilab Keşikçiləri Korpusu yanvar ayında Tehran aeroportundan qalxan Ukrayna sərnişin təyyarəsini vurandan bəri kəskin tənqidlə üz-üzə qalıb və nüfuzu sarsılıb. “Bu heyrətamiz elmi texnika bir sıra xəstəxanalarda sınaqdan çıxarılıb”, – İnqilab Keşikçilərinin komandiri general- mayor Hüseyn Salami aprelin 15-də televiziya ilə çıxışında deyib.
Lakin İranda, çoxları bu cihazın “yeni və nadir elmi nailiyyət olması” fikrini lağa qoyurlar. Sosial mediadakı tənqidçilər cihazın britaniyalı fırıldaqçıların satdığı saxta bomba detektoruna bənzədiblər. Həmin şəxslər on il qabaq bu fırıldağa görə məhkum olunublar. BBC həmin saxta cihazın İraq və başqa ölkələr tərəfindən alınaraq istifadə olunduğunu yazırdı.

İranın Səhiyyə Nazirliyi isə bu cihazın hələlik, lisenziya almadığını bildirib və bu da koronavirus pandemiyası ilə mübarizə aparan ölkədə aparıcı rəsmilər arasındakı fikir ayrılığını göstərir.
COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusuna indiyədək 78 min iranlının yoluxduğu, onlardan 4 min 900 nəfərin vəfat etdiyi bildirilir. Amma bu rəqəmlərin daha yüksək olması ehtimalı səsləndirilir.
Salami deyib ki, antena quraşdırılmış cihaz 100 metr radiusda maqnit sahəsi yaradır, infeksiyalar aşkarlanır və aşkarlanan hədəf göstərilir. Onun sözlərinə görə, cihazı İnqilab Keşikçilərinin Bəsic yarımhərbi qüvvələrində xidmət edən alimlər hazırlayıb və bu, qan analizləri götürülmədən kütləvi yoxlama aparmağa yaxşı seçimdir.



İndiyədək dünyada koronavirus testləri burun və boğazdan götürülən, laboratoriyaya göndərilən yaxma vasitəsilə aparılır. İkinci növ test isə seroloji, yaxud anticisim testidir, yoluxmanın baş verib-vermədiyi qan analizi ilə müəyyənləşdirilir.
İranın Səhiyyə Nazirliyi indiyədək 310 mindən çox koronavirus testinin aparıldığını bildirir.
Məqalədə deyilir ki, yeni cihaz İnqilab Keşikçiləri Korpusunun təyyarə insidentindən sonra imicini düzəltmək cəhdi ola bilər. Təyyarədəki 176 nəfər həlak olmuşdu. Bu insident İran və ABŞ qüvvələrinin qarşılıqlı hava zərbələri endirdiyi bir vaxta düşürdü. Yanvarın əvvəlində ABŞ İİKK-nın Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin Bağdadda dron zərbəsilə öldürəndən sonra ikitərəfli münasibətlər pisləşib.



Bu arada Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur deyib ki, ölkənin Ərzaq və Dərman Təşkilatı cihaza lisenziya verməyib. Bu, İranda sərt-xətt tərəfdarları ilə praqmatiklər arasında gərginliyin dərinləşdiyini üzə çıxarır. Prezident Həsən Ruhaninin müşaviri Hesamedin Ashena da sərt-xətt tərəfdarlarının nəzarətində olan dövlət televiziyasını təsdiqlənməmiş alət, yaxud dərmanların reklamından çəkinməyə çağırıb.
Ötən ay İnqilab Keşikçilərinə bağlı gənclər qrupu koronavirusla mübarizə üçün Birləşmiş Ştatlara humanitar yardım göndərməyə hazır olduğunu demişdi. Amma hökumət bunu “şayiə” adlandırdı, Jahanpur dedi ki, ölkəsi hər hansı ölkəyə tibbi avadanlıq, digər ləvazimat göndərmək durumunda deyil.
Cahanpur hökumətin pandemiyanı önləmək üçün fiziki məsafə saxlamaq çağırışlarına baxmayaraq, Keşikçilər Korpusunun keçmiş komandiri üçün mart ayında Tehran yaxınlığında keçirdiyi böyük dəfn mərasimini də tənqid etmişdi.
Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.