Tehranın tez-tez təkrarlanan "səhvləri": İndi də İran Səhiyyə Nazirliyi Qarabağı müstəqil dövlət kimi tanıdı

20-04-2020, 11:42           
Tehranın tez-tez təkrarlanan "səhvləri": İndi də İran Səhiyyə Nazirliyi Qarabağı müstəqil dövlət kimi tanıdı
Düzgün olmayan bir addım ilk dəfə atılırsa, bunun adı səhvdir. İkinci dəfə atılırsa, artıq bədniyyətdən şübhə duyulur. Üçüncü dəfə eyni “səhv” təkrarlanırsa, addımın qəsdən atıldığına şübhə qalmır.

Nə yazıq ki, qardaş ölkə bildiyimiz, eyni dini, mədəni çevrəyə daxil olduğumuz İrandan ölkəmizə qarşı tez-tez təkrarlanan “səhv”lərlə üzləşirik. Hər dəfəsində də İran rəsmiləri bu addımların onlardan asılı olmayan səbəblərdən qaynaqlandığını bildirir, öz aləmlərində bizi yola verirlər. Rəsmi Bakı isə münasibətlərə xələl gəlməsin deyə hər dəfə bu yolavermələrə “sadəlövh uşaq” kimi “aldanır”. Tehranda isə bu qəsdən “sadəlövhlüyümüz”, yəqin ki, rişxəndlə qarşılanır və arxamızca “bu dəfə də belə getdilər” deyib gülürlər.



Rəsmi Tehranın ən çox səhvə yol verdiyi məsələlərin başında isə nədənsə xəritələr gəlir. Unutmasınızsa, saytımızın fevralın 10-da dərc etdiyi “İrandan növbəti Qarabağ təxribatı: “DQR” müstəqil dövlət kimi rəsmi xəritəyə salınıbmış” sərlövhəli məqalədə ölkənin Yolsalma Təşkilatının bir xəritəsindən bəhs etmişdik. Yazıda vurğulamışdıq ki, İranın beynəlxalq yol xəritələrində Dağlıq Qarabağ ərazisi müstəqil dövlət kimi göstərilib.

Həmin vaxt təşkilatın Yollar İdarəçiliyi Mərkəzinin müdir müavini Mujqan Cəliliyan ölkənin rəsmi xəbər agentliklərinə verdiyi açıqlamada bu “səhvə” aydınlıq gətirərək bildirmişdi ki, bəs, bunun günahı onlarda yox, beynəlxalq qurumlardadır: “Ölkənin Yollar İdarəçiliyində işlədilən xəritələr üçün xarici online və offline açıq qat xəritələrdən istifadə olunur. Online xəritələrin qarşısını almaq mümkün deyil və hansısa coğrafi ad ya məkanın adının dəyişdirilməsindən hadisənin baş verməsindən sonra xəbər tutmaq olur”.



Halbuki saytımızın apardığı araşdırmalarda ortaya çıxmışdı ki, heç bir beynəlxalq qurumun yol xəritələrində bu səhvə yol verilməyib.

Maraqlıdır ki, Azərbaycanın XİN o vaxt qonşu və qardaş dövlətin bu “səhvi”nə xüsusi təmkinlə yanaşmış və səsini çıxarmağa cəsarət etməmişdi. Bu susqunluqda, görünür, İranın Yolsalma Təşkilatının öz “səhvini” gec də olsa düzəltməsı önəmli rol oynamışdı.



Daha sonra İranın yanacaq daşıyan yük maşınları erməni işğalı altındakı Xankəndində görünmüş, bu da həmin yol xəritəsinin təsadüfən hazırlanmadığı ehtimalını doğurmuşdu. Rəsmi Tehran isə açıq-aşkar hər şeyin ortada olduğu videonu təkzib etmişdi. Görünür, səhv ikinci dəfə təkrarlandığından, yuxarıda da qeyd etdiyimiz qaydaya uyğun olaraq, bu açıqlama rəsmi Bakı tərəfindən şübhəylə qarşılanmış və Xarıci İşlər nazirinin müavini Xələf Xələfov İranın Bakıdakı səfiri Cavad Cahangirzadəyə, daha sonra isə həmkarı Seyid Abbas Əraqçiyə zəng edib rəsmi iradlarımızı ünvanına çatdırmışdı. Yenə İranın bizi yola verməsinə “aldanmış” və qardaşlıq xətrinə çox üstünə getməməyə qərar vermişdik.

Sözügedən hadisənin üzərindən heç bir həftə belə keçməyib, amma İranın Dağlıq Qarabağı tanımaq mənasına gələn 3-cü səhvi ortaya çıxıb. Bu dəfə eyni səhvi edən isə İranın Səhiyyə Nazirliyidir.



Bildirildiyinə görə, nazirlik koronavirusla bağlı yaratdığı "Mask" adlı tətbiqdə (application-red.) Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik edib.

Həmin sənəddə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində "Qarabağ Respublikası" kimi təqdim olunub. Azərbaycan XİN isə torpaq bütünlüyümüzə və dövlət suverenliyimizə açıq –aşkar hörmətsizlik barədə hələ də heç bir reaksiya vermir. Bu da İranı növbəti səhvə həvəsləndirir.

Bəli, nə qədər ki, Azərbaycan XİN bu qorxaq və yava mövqeyindən əl çəkməyəcək, İran da bizi bir o qədər dövlət yerinə qoymayacaq. Bu baxımdan günahı xəritə hazırlayanda Azərbaycanın ərazi bütovlüyünü yaddan çıxaran İranda yox, özümüzün xarici siyasət anlayışımızın fağırlığında və mağmunluğunda axtarmalıyıq. Zira eyni diqqətsizlik və ya hörmətsizlik başqa dövlətə edilsəydi və İranın az qala yarısı həmin dövlətin əhalisiylə eyni soy-kökdən gələn insanlardan formalaşsaydı, yəqin ki, reaksiyaları da fərqli olardı.



Həmin dövlət ən azı İranın diplomatik nümayəndəliyini XİN-nə çağırıb təmsil etdiyi ölkənin etnik-demoqrafik xəritəsini qabaqlarına qoyar və növbəti dəfə səhvə yol verilərsə, xəritənin rəsmi sənəd kimi yayıla biləcəyini xatırladardı. Onu da nəzərinə çatdırardı ki, İranın Qarabağ erməniləriylə hansı mədəni, tarixi tellərlə bağlandığı bəlli deyil, amma qarşınızdakı etnik-demoqrafik xəritədəki bir çox subyektlər ya Azərbaycanın bir parçası, ya da eyni milli-mədəni çevrəyə daxil olan qardaşlarıdır. Bu baxımdan Azərbaycanın həmin xəritəni yaymağa daha çox mənəvi haqqı çatır.

Nə yazıq ki, Azərbaycan XİN-də belə bir iradə yoxdur.

Ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.