"Hamı başa düşür ki, SSRİ-nin bərpası..." - Professor şok detalları açıqladı

21-04-2020, 09:58           
"Hamı başa düşür ki, SSRİ-nin bərpası..." -
Bir zamanlar Sovet İttifaqının yenidən bərpa olunması qorxusu var idi. Bu, həqiqətdir. Ancaq sonrakı mərhələdə məlum oldu ki, SSRİ-nin yenidən bərpa edilməsi real ola bilməz. Nəzərə almaq lazımdır ki, SSRİ-nin tərkibindən çıxan dövlətlər öz müqəddəratını yeni formada təyin edib və 30 ilə yaxın bir inkişaf yolu keçiblər. İndi bu dövlətlərin yenidən SSRİ boyunduruğu altına girməsində nə məntiq ola bilər? Həm də belə cəhdlər müharibəyə səbəb ola bilər. Rusiya Prezidenti Vladimir Putin də bu reallıqdan çıxış edir.

Bu fikirləri Teleqraf.com-a hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədov Rusiya lideri Vladimir Putinin “SSRİ-nin yenidən bərpası qorxusu postsovet məkanında tədricən aradan qaldırılır” fikrini şərh edərkən deyib.

Xatırladaq ki, Putin dünən Rusiya KİV-lərdə yayılan açıqlamasında bildirib ki, SSRİ-nin bərpası ilə bağlı fobiyanın aradan qalxması, MDB liderlərinin güclərini birləşdirilməsinin hamının xeyrinə olduğunu anladıqlarını sübut edir.

Rüstəm Məmmədovun fikrincə, bir müddət əvvəl Belarusun Rusiyaya birləşəcəyi və bununla da MDB məkanında yeni konfiqurasiyanın başlanacağı haqda səsləndirilən fikirlər özünü doğrultmadı:

“Görürsünüz ki, bu ideya baş tutmadı. Deməli, bundan sonra da baş tutmayacaq”.

Avrasiya İqtisadi İttifaqı və Gömrük Birliyinin yarandığını xatırladan müsahibimiz əlavə edib ki, bu qurumlar da hər hansı bir inteqrasiya və sonunda SSRİ-yə bənzər yeni dövlətin ortaya çıxmasına səbəb ola bilməz:

“Avrasiya İqtisadi İttifaqı məncə, Nazarbayevin fikirləşdiyi nağıldır. Bu da əslində real bir nəticə vermədi. Digər tərəfdən, Gömrük Birliyi daha çox beynəlxalq əməkdaşlıq qrurumu kimi maraqlıdır. Hamı başa düşür ki, SSRİ-nin bərpası qeyri-mümkündür. Artıq Putin də bunu dilə gətirir. Hesab edirəm ki, belə bir şey heç vaxt baş verməyəcək. Bu artıq ötüb keçən tarixdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.