ABŞ-ın beynəlxalq dini azadlıq hesabatında Azərbaycanla bağlı məqamlar etiraz doğurdu
13-06-2020, 08:48

Komitə sədri və deputatlar Dövlət Departamentinin hazırladığı sənədi obyektivlikdən uzaq adlandırdılar; Mübariz Qurbanlı: “O məqamların hər biri ilə əlaqədar fikirlərin obyektiv olmadığını göstərmək imkanımız var...”
ABŞ Dövlət Departamenti növbəti Beynəlxalq Dini Azadlıq Hesabatını açıqlayıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü Çin, İran, Nigeriya və digər ölkələrdəki din azadlıqları pozuntularından bəhs edib. Hesabatda müxtəlif ölkələrdə din azadlığının vəziyyəti ilə yanaşı, Azərbaycandakı vəziyyət də analiz edilib. Burada əsas məqam Gəncə hadisələri ilə bağlıdır. Bundan başqa, ABŞ hökuməti Azərbaycanda ümumi əhalinin sayının 10,1 milyon (2019-cu ilin ortalarında) olduğunu bildirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2011-ci il məlumatlarına görə əhalinin 96 faizi müsəlman, bunlardan təxminən 65 faizi şiə və 35 faizi sünnidir. Birlikdə əhalinin qalan 4 faizini təşkil edən qruplara Rus Pravoslav Kilsəsi, Gürcü pravoslav kilsəsi, Erməni Apostol Kilsəsi, Yeddinci gün Adventistləri, Molokan Kilsəsi, Roma Katolik Kilsəsi, digər məsihçilər, o cümlədən evangelist kilsələr və Yehovanın Şahidləri, Yəhudilər və Bahailər daxildir. Digərlərinə Krişna Şüurlu Beynəlxalq Cəmiyyəti və heç bir dinə inanmayanlar daxildir.
Xristianlar əsasən Bakıda və digər şəhər yerlərində yaşayırlar. Təxminən 15 000 ilə 20 000 yəhudi kiçik icmaları da Bakıda yaşayır.

Mübariz Qurbanlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyətinə dair 2019-cu il üçün illik hesabatını dəyərləndirərkən bildirib ki, Azərbaycanla bağlı hissədə ölkəmizdəki din sahəsində müsbət rəylərlə bərabər, bizim razılaşmadığımız və obyektivlikdən uzaq olan, həmçinin əvvəlki illərə aid və artıq həllini tapmış bəzi fikirlər özünə yer tapıb.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və Azərbaycan Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edilib: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət sayəsində Azərbaycan dini etiqad azadlığı baxımından dünyada nümunəvi ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanda ”Multikulturalizm İli", “İslam Həmrəyliyi İli” elan edilib. Çoxlu sayda tədbirlər həyata keçirilib. Həmçinin, Azərbaycanda din sahəsində aparılan siyasət ölkədə dini konfessiyalar arasında harmoniyaya, qarşılıqlı anlaşmaya, tolerant, multikultural mühitə çox böyük imkan yaradıb.
Ona görə də ABŞ Dövlət Departamentinin hesabatını diqqətlə nəzərdən keçirəndə orada olan bəzi məqamlar var ki, o məqamların hər biri ilə əlaqədar fikirlərin obyektiv olmadığını göstərmək imkanımız var. Misal üçün, həmin hesabatda Azərbaycanda dini icmaların qeydiyyatı məsələsinə toxunulur. Nəzərinizə çatdırım ki, qeydiyyat məsələsi ilə bağlı ölkəmizin qanunvericiliyində olan imkanlar ən mütərəqqi və nümunəvidir. Yəni Azərbaycanda 50 nəfərdən ibarət vətəndaşlar bir araya gələrək dini icmanı qeydiyyatdan keçirə bilir. Baxmayaraq ki, bəzi Avropa ölkələrində bu rəqəm daha yüksəkdir. Bu gün statistikaya baxsaq, Azərbaycanda 941 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 906-sı İslam, 35-i isə qeyri-islam (xristian - 24; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür və bu sahədə heç bir məhdudiyyət yoxdur. Çox təəssüf ki, həmin hesabatda bununla bağlı yanlış mövqe vardır. Və yaxud hesabatda “Yehova şahidləri” ilə bağlı 3-4 il bundan qabaqkı məsələlər vardır ki, buna məhkəmədə baxılıb. İndi o məsələni hesabata təkrar daxil ediblər. Halbuki, “Yehova şahidləri” ilə bağlı ölkəmizdə hansısa bir problem yoxdur. “Yehova şahidləri”nin mərkəzi Azərbaycanda bu qurumla bağlı atılan addıma görə ölkəmizə dəfələrlə təşəkkür edib. Eyni zamanda, digər qeyri-müsəlman icmaları vardır ki, bu icmaların qeydiyyatında da, fəaliyyətində də hər hansı bir məhdudiyyətə yol verilməyib".
M.Qurbanlının sözlərinə görə, hesabatda eyni zamanda, Gəncədə baş vermiş məlum hadisələrlə əlaqədar məqamlar vardır ki, onun dinə və dini etiqad azadlığına aidiyyəti yoxdur: “Bu məsələ ilə əlaqədar məhkəmə araşdırması aparılıb, qərar qəbul olunub, cinayət hadisəsi baş verib və cəzalandırılanlar var. Hesabatda bu hadisəni dini məsələ ilə əlaqələndirməyə cəhd ediblər və bu tamamilə qeyri-düzgün yanaşmadır.
Qeyd etdiyim kimi hesabatda Azərbaycanda görülmüş işlər, müsbət hadisələrin qeyd edilməsi ilə əlaqədar yanlış fikirlər, bizim qəbul edə bilməyəcəyimiz qeyri-obyektiv tezislər var. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq sənəd hazırlayaraq öz mövqeyini bildirəcək".

Aydın Mirzəzadə
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən YAP-çı deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanda dini vəziyyətlə bağlı həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət kifayət qədər məlumatlıdır: “Ölkəmizdə dini azadlıqlar təmin edilir, hökumət Dini Komitə vasitəsilə dini icmalarla işləyir, bu məsələdə daim dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Dövlət başçısı dini bayramlarda iştirak edir, ayrı-ayrı dini icmaların bayramlarında təbriklər ünvanlanır. Azərbaycanda dini abidələr qorunur, təmir edilir. Eyni zamanda Azərbaycan XX əsrdə yeganə müsəlman dövləti oldu ki, orada katolik kilsəsi tikildi. Bu gün dini məbədlərin dövlət hesabına təmin edilməsi hər kəsə məlumdur. Vaxtaşırı ölkə başçısı prezidentin ehtiyat fondundan ayrı-ayrı icmalara maliyyə ayırır. Bunlar Azərbaycanda dini vəziyyətin real şəraitidir. ABŞ Dövlət Departamentinin hesabatında bu məqamlara qiymət verilməsə də, mən bəzi məqamlarla razılaşmıram. Hesab edirəm ki, dinin siyasətə qarışdırılması, dindən siyasət üçün istifadə edilməsi ABŞ-da belə dözülməz qarşılanır. Bu mənada Gəncə hadisələrinin siyasi maraqlarla baş verdiyi dəfələrlə sübut edilib. Azərbaycan dövləti öz vətəndaşının vicdan azadlığını yüksək səviyyədə qoruyur və bundan sonra da qoruyacaq”.

Fazil Mustafa
Deputat Fazil Mustafa da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ Dövlət Departamentinin hesabatındakı məqamlar ciddi qəbul olunmur, çünki onlar real vəziyyət haqqında bilgisizdir: “Gəncə hadisələri dindarların da iştirak etdiyi terror hadisəsidir. Bunun dinlə əlaqəsi yoxdur. Bu səbəbdən həmin hadisələrə görə hər hansı ittiham irəli sürmək doğru deyil. Qeyri-ənənəvi dini icmalara gəlincə, Azərbaycanda normal dini icmaların qeydiyyatında problem yaranmır. Bəlkə də əvvəllər var idi, ancaq Mübariz Qurbanlı Dini Komitə rəhbəri təyin olunduqdan sonra artıq onlar da qeydə alınır. Azərbaycanda dini durumda tolerantlığın pozulması və başqa hallar baş verməyib, dini zəmində də xüsusi bir iğtişaş yoxdur. Ona görə də, hesabatın qərəzli xarakter daşıdığını deməzdim də, amma bilgisizlikdən doğan informasiyalar var. Bunlar da ciddi qəbul oluna bilməz”.
Nərgiz LİFTİYEVA,