Təhlükəli manevr: “Qaz savaşı” kimi “vuracaq”? - TƏHLİL

19-06-2020, 09:17           
Təhlükəli manevr:
Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Qrodno vilayətinə işgüzar səfəri zamanı dünyada kifayət qədər təbii qazın olduğunu və ölkəsinin Rusiyadan tədarükünə alternativ tapa biləcəyini deyib.

Belarus Rusiya qazının qiymətini düzgün və ədalətli səviyyədə müəyyənləşdirməklə 2020-ci il üçün yenidən nəzərdən keçirməyi vacib hesab edir.

Aleksandr Lukaşenko bu yaxınlarda bildirib ki, hazırkı şəraitdə Minsk üçün Rusiya qazının qiyməti, hazırkı şərtlər daxilində 127 dollar deyil, logistika nəzərə alınmaqla 1000 kubmetr üçün 40-45 dollar olmalıdır.

Xatırladaq ki, bundan əvvəl də Belarus Rusiyanı neft qiymətlərində qınamışdı və beləliklə, ucuz neft almağa nail olmuşdu.

Belarus Moskvadan qaz almaqdan imtina edərsə, Rusiya iqtisadiyyatını nələr gözləyir?

“Cümhuriyət”ə açıqlamasında politoloq Elşən Manafov deyib ki, Likaşenkonun bu siyasəti Qərbin ona maliyyə qapılarını açmasından qaynaqlanır:

“Lukaşenkonun Kremlə olan hazırkı münasibəti bu konteksdə verdiyi digər açıqlamalardan tamamilə fərqlənir. Çünki Lukaşenko iqtidarı dönəmində Belarus Avrasiya İqtisadi Birliyinin üzvü oldu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşuldu. Hətta Lukaşenko Rusiya ilə birlikdə konfederativ dövlət yaratmaq haqqında müzakirələri dəstəkləyirdi. Belarusun Rusiyaya münasibəti Mayk Pompeonun bu ölkəyə və Mərkəzi Asiya dövlətlərinə olan səfərindən sonra dəyişdi. Çünki Qərb də, ABŞ da Lukaşenkonu “Avropanın sonuncu diktatoru” kimi tanıyırlar. Belarus buna görə Qərbin maliyyə yardımından məhrum edilirdi. Pompeonun Belarusa yaxınlaşması onun Rusiya ilə olan münasibətlərində çat yaratmaq və beləliklə Kremli öz sərhədlərinə geri çəkilməyə məcbur etmək istəyi siyasətindən irəli gəlir. Bununla da əslində, NATO-nun qərbə doğru genişlənmə siyasətinin növbəti mərhələsinə atlamaq istəyirlər. Mənə belə gəlir ki, Lukaşenkonun Pompeo ilə danışığında Belarusa müəyyən vədlər verilib. Bu vədlər Belarusa ehtiyacı olan halda, Qərbin maliyyə institutlarının qapılarının açıq olması haqqındadır. Düşünürəm ki, Lukaşenko Pompeonun məlum səfərindən sonra Rusiya qazının tariflərinin aşağı salınması haqqında sərt çıxışlar etməyə başladı”.

Politoloq qeyd edib ki, Lukaşenko Qərbin təzyiqini və pandemiyanın Rusiya iqtisadiyyatına vurduğu zərəri nəzərə alaraq müəyyən layihələrin içində yer almaq istəyir:

“Maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Lukaşenko ilə eyni mövqedən çıxış etməyə başladı. Paşinyan Lukaşenkodan fərqli olaraq, birbaşa qərbin maliyyə dəstəyi, Sorosun köməyi ilə hakimiyyətə gəlmişdi. Nahaq yerə onun komandasına “Sorosun uşaqları” demirlər. Qərb Ermənistanı da Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Rusiya onsuz da Belarusa qazı Avropaya satdığı qiymətdən çox aşağı verirdi. Hətta Paşinyan Rusiyanın qarşısında qaz tarifləri ilə bağlı məsələ qaldıranda Belarusa daha ucuz satdığını əsas gətirmişdi. Bu da onu göstərir ki, Rusiya Ermənistanla müqayisədə qazı Belarusa daha ucuz verir. Ona görə də düşünürəm ki, bu məsələdə ABŞ-ın təsiri var. Görünür, Lukaşenko Qərbin təzyiqini və pandemiyanın Rusiya iqtisadiyyatına vurduğu zərəri nəzərə alaraq müəyyən layihələrin içində yer almaq istəyir. Çünki pandemiya məsələsi ilə Rusiya və Çin iqtisadiyyatının çökdürülməsi planlaşdırılması fikirləri də var. Ona görə də Lukaşenkonun Rusiyaya münasibətində əvvəlki ilə müqayisədə daha fərqli məqamların olduğunu hiss edirik. Lukaşenko Qərbin maliyyə institutlarından dəstək ala bilməyəndə, bunu Azərbaycandan alıb. Hətta bəzi ekspertlər Belarusla Azərbaycan arasındakı bu ikirətəfli münasibətlərə görə, Azərbaycanla Rusiya arasında çatlar yarana biləcəyindən narahat idilər. Amma görünür, İlham Əliyevin Putinlə qurduğu münasibətlər elə formadadır ki, Belarusla münasibətimiz Kremldə qıcıq yaratmadı”.

Elşən Manafov deyib ki, Lukaşenkonun Rusiya qazından imtina etməsi onun öz ölkəsini risk altına sala bilər:

“Pandemiya Rusiya iqtisadiyyatına xeyli ziyan vurub. Rusiyanın 755 milyarddan artıq qızıl-valyuta ehtiyatları artıq 520 milyarda qədər enib. Amma bütün hallarda Rusiya dünyanın böyük enerji resurslarına malik olan ölkədir. Dünyanın qızıl, neft, qaz ehtiyatlarının böyük hissəsi və hətta meşə ehtiyatların 35 faizi Rusiyanın payına düşür. Hətta zamanında ABŞ-ın keçmiş Dövlət katibi Madlen Olbrayt demişdi ki, biz Rusiyanın belə nəhəng enerji və tükənməz sərvətə malik olması ilə razılaşa bilmərik. Buna görə də Rusiyanı parçalayıb Sibiri, Uralı onun əlindən almaqla bağlı layihələr fikirləşmişdilər. NATO-nun şərqə doğru genişlənməsinin arxasında da bu niyyətlər durur. İndiki məqamda Putinin konstitusiya islahatları adı altında öz mövqeyini möhkəmləndirməsi Rusiyada imperiyapərəstlərlə Qərb arasındakı münasibətlərin kifayət qədər fərqli və ciddi bir müstəvi üzərinə daşınmasından xəbər verir. Onsuz da Suriya ilə bağlı Qərblə Rusiya arasında müəyyən bir fərqli məqam yarandı. Hətta müxtəlif siyasi ekspertlər Rusiyanı ABŞ-da keçirilən sonuncu prezident seçkilərinə müdaxilədə ittiham etdilər. Lakin bütün hallarda düşünürəm ki, Rusiyanın nano texnologiya imkanları, nəhəng təbii sərvəti, enerji imkanları və ən əsası elmi potensialı Qərbin ona açdığı savaşda hələ uzun müddət duruş gətirməyə imkan verəcək. Lukaşenko Rusiya qazından imtina etsə də, bu sözügedən ölkənin iqtisadiyyatına ciddi təsir etməyəcək. Çünki Rusiyanın şərqdə də bazarı var. Elə Çini nəzərə almaq kifayətdir. Hesab edirəm ki, Rusiya şərqdə onun qazına ehtiyacı olan ölkələrlə də bu münasibətləri qura bilər. Əksinə olaraq Lukaşenkonun Rusiya ilə bağlı siyasətində kardinal dəyişikliklər etmək istəyi, onun öz hakimiyyəti üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.