Dövlət Təhlükəsizliyi Xidməti Nardaran ağsaqqalının azadlığa buraxılması haqda
20-01-2016, 11:35
Nardaran sakini Natiq Kərimovun qəsəbə icması ilə daxili işlər naziri Ramil Usubov arasında danışıqların nəticəsi olaraq azadlığa buraxılması haqda iddia həqiqəti əks etdirmir.
Bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a bildiriblər.
Nardaran ağsaqqalı Natiq Kərimov vətənə xəyanət ittihamı ilə DTX tərəfindən həbs edilmişdi. Açıqlamada deyilir ki, N.Kərimovun saxlanılmasından etibarən prezident onun məsələsini şəxsi nəzarətində saxlayıb. N.Kərimovun səhhətinin pisləşməsini və yaşını nəzərə alaraq dövlət başçısı humanistlik nümayiş etdirib və onun ev dustaqlığına buraxılmasını tapşırıb.
DTX-nin ictimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, cənab prezident Azərbaycanın hər bir vətəndaşının probleminə xüsusi diqqət və həssaslıqla yanaşır.
* * *22:42
Virtualaz.org dünən daxili işlər naziri Ramil Usubovun qəfil Nardaran səfəri barədə məlumat vermişdi. Nardaran icmasından saytımıza verilən məlumata görə, həmin səfər vaxtı icma üzləri ilə nazir arasında gərgin danışıqlar olub.
Mənbənin məlumatına görə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun azadlığa buraxılması barədə razılıq məhz həmin danışıqlar vaxtı əldə olunub.