Sərdar Cəlaloğlu İskəndər Həmidova cavab verdi........
22-01-2016, 16:45
Sabiq daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında müxalifətin bir araya gələ bilməməsindən danışıb.
O deyib ki, bu vəziyyət üzücü olmaqla yanaşı, bütün müxalifət qüvvələrinin ziyanınadır:
“Belə pərakəndəlik mənəm-mənəmlikdən bir-birini qəbul etməməkdən, bir-birinə qarşı mübarizə aparmaqdan, lider olmaq iddialarından irəli gəlir. Bu vəziyyət gətirib müxalifəti o günə salıb ki, hətta 20 Yanvar kimi gündə də müxalifət bir yerdə ola bilmədi. Biz özümüz bir yerdə olmadan xalqı bir yerə toplaya bilmərik”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında İsgəndər Həmidovun müxalifətin birləşməsi istəyinə münasibət bildirib:
“Əvvəla İsgəndərov Həmidova sual vermək lazımdır ki, siz özünüz 20 Yanvar günü Şəhidlər Xiyabanına hansı partiya ilə gəlmək təşəbbüsündə bulundunuz? İsgəndər bəy hansı partiyaya Şəhidlər Xiyabanına getmək təklif etdi ki, o partiya da imtina etdi ? İsgəndər Həmidov özü də başqa partiyalar kimi Şəhidlər Xiyabanına təklikdə gəldi-getdi”.
ADP rəhbəri qeyd edib ki, siyasi birliklərin bir araya gəlməsi və dağılması ictimai-siyasi hadisələrlə bağlıdır.
“Əgər sosial sifariş yoxdursa, müxalifətin birləşməsi, yaxud harasa bir yerdə getməsinin məsələyə dəxli yoxdur. Məsələ odur ki, görəsən müxalifət bir yerdə birləşə bilərmi, bir araya gələ bilərmi ? Bunun özü də çox ciddi bir sualdır.
Həqiqət odur ki, bu gün Azərbaycan müxalifəti istər ölkə iqtidarına və istərsə də ölkənin gələcək inkişafı ilə bağlı məsələlərdə bir-birindən fərqli yol tutub. Bir qrup inqilabi yollarla Azərbaycanın dəyişilməsinin tərəfdarıdır. Onlar bu iqtidarın mütləq şəkildə getməsinin və ölkədə hər şeyin birdəfəlik dəyişilməsini istəyir.
Şəxsən bizim partiya və bizim partiya kimi qurumlar ölkədə iqtidarla dialoqun və birlikdə problemlərdən, böhrandan çıxmağın yollarını müzakirə edib və sonra da ölkənin demokratikləşdirilməsi istiqamətində addımların atılmasının tərəfdarıdır”.
S.Cəlaloğlu deyib ki, fərqli düşüncəli müxtəlif siyasi qüvvələrin bir araya gəlməsi mümkün deyil.
“Bəzən söhbət gedir ki, iqtidara eyni münasibətdə və mövqedə olan qüvvələrin bir araya gəlməsi vacibdir. Burada da şəxsi və digər ziddiyyətlər var. Bu ziddiyyətlər sosial sifariş, tələbat olmadığına görə həmin qüvvələrin bir araya gəlməsini vacib etmir.
Cəmiyyətdə həqiqətən ciddi proseslər başlayarsa, müxalifətin bir araya gəlməsi məsələsi ola bilər. Burada da uyğun siyasi baxışlı və yönümlü müxalif siyasi qüvvələrin bir ortamda birləşməsi təbii ki, olacaq”.
Sərdar Cəlaloğlu hesab edir ki, İsgəndər Həmidovun təklifi ölkədəki mövcud siyasi gərginliyi daha da artıra bilər:
“İsgəndər Həmidovun bu təklifi onsuz da ölkədə getdikcə gərginləşən siyasi situasiyada siyasi münasibətləri daha da gərginləşdirməyə xidmət edəcək. Amma müxalifətlə iqtidarın bir hissəsinin birləşərək koalision hökumət yaratması nəticəsində problemləri aradan qaldıraraq ölkə islahatlar yolu ilə bu gərginlikdən çıxa bilər. Biz isə hesab edirik ki, ilk olaraq müxalifətin birləşməsi yox, müxalifətin islahatçı qanadı ilə iqtidarın islahatçı qanadının koalision hökumət yaratması vacibdir. Daxildə iqtidarı düşmən kimi görüb cəbhə yaratmaq düz deyil”.
Sərdar Cəlaloğlu bu günə qədər əsas aparıcı müxalifət qüvvələrin bir araya gələ bilməməsini partiya rəhbərləri arasında mövcud olan şəxsi konfliktlərlə əlaqələndirib :
“AXCP ilə Müsavatın bu günə kimi hələ də bir araya gələ bilməməsinə əsas səbəb aralarında olan şəxsi intriqalardır. AXCP ilə Müsavat liderləri arasında qarşıdurma olub, bu, indi də bu davam edir.
Əsas səbəb odur ki, uzun müddət nailiyyətsizlik sindromu yaşayan bu iki partiya problemlərin həll olunmamasının əsas səbəblərini bir-birlərində görürlər.
İndiki iqtidarın hələ olmadığı vaxtlardan Azərbaycan Xalq Cəbhəsi (AXC) ilə Müsavat Partiyası arasında münasibətlər gərgin və konfliktli idi. Əli Kərimli-Elçibəy-İsa Qəmbər arasında düşmənçilik var idi.
Əsas məsələ kimin öz qüvvələrindən, öz qruplarından daha çox adamı hakimiyyətə, vəzifəyə gətirmək idi.
İndiki durumda onsuz da bu adamların bütün fəaliyyəti və addımları Azərbaycan iqtidarına sərf edən formadadır. Çünki onsuz da kimsə nəsə deməsə də, Əli Kərimlinin davranışları , özünü təkəbbürlü göstərməsi, bütün partiyaları “agent” adlandırması, Azərbaycan dövlətinin və xalqının maraqlarını güdmədən istənilən an öz partiyasının maraqlarını önə çəkməsi onun siyasi hərəkətlərindən xəbər verir.
Azərbaycanda birliyin olmasını aşkar şəkildə pozan Müsavat və gizlin şəkildə pozan isə AXCP olub. Bu günə qədər nə AXCP, nə də Müsavat siyasi təşkilatların birləşməsinin gerçək təşəbbüskarı olub. Əksinə, siyasi qüvvələrin parçalanmasının əsas səbəbkarı Əli Kərimli olub. Gizli şəkildə buna şərait yaradıb. Müsavat isə açıq şəkildə bu faəliyyətini davam etdirir”.