Əsir ermənilərin valideynləri etirazlara başladı - Foto
17-12-2020, 03:49

Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində əsir düşdüyü bildirilən erməni hərbçilərin valideynləri Şirak vilayətinin qubernatorunun ofisinə yığışıblar.
Axar.az xəbər verir ki, onlar ofisdə qubernator və polis rəisi ilə görüşüblər. Görüş zamanı valideynlər yerli hökumətdən övladları və yaxınlarının qaytarılmasını tələb ediblər.
“Bizim bir tələbimiz var: uşaqlarımızı geri qaytarın. Hanı mənim oğlum? Aldatdılar. Təkcə Şirakdan 160 nəfər yığdılar və onlar da əsir düşdü”, - əsir düşən əsgərlərdən birinin atası deyib.
Şirak vilayətinin qubernatoru Tiqran Petrosyan Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə görüşəcəyinə söz verib.
Valideynlər sabah yenidən qubernatorluğa toplaşmaqla bağlı razılığa gəlib.
Qeyd edık ki, sözügedən ərazidə əsir götürülənlərin Şirak vilayətindəki 3 kənddən bir müddət öncə toplanaraq, Köhnə Tağlar və Çaylaqqala istiqamətinə yerləşdirildikləri barədə məlumat yayılıb. Halbuki 10 noyabr Bəyanatına əsasən, Qarabağa erməni əsgərlər yerləşdirilməməli, əksinə, orda olanlar çıxarılmalıdır.