"Putinin Qarabağ haqqında fikirləri xeyrli təhlükəli və çoxmənalı yanaşmadır" - AÇIQLAMA

18-12-2020, 08:44           
"Putinin Qarabağ haqqında fikirləri xeyrli təhlükəli və çoxmənalı yanaşmadır" - AÇIQLAMA
“Rusiya Dağlıq Qarabağı faktiki olaraq ihlaq edə bilər. Belə ki, orada yaşayan ermənilərə Rusiya vətəndaşlığı verib, sonra da Krımdakı variant üzrə referendum keçirmək niyyətləri ola bilər”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Putinin u gün keçirilən ənənəvi illik mətbuat konfransında Qarabağla bağlı səsləndirdiyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında Qarabağla bağlı bir sıra fikirlər səsləndirib. Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsi olduğunu vurğulayan Rusiya prezidenti həmçinin qeyd edib ki, münaqişə tərəfləri üçtərəfli razılaşma əldə olunan andakı mövqelərində qalmalıdır. Rusiya prezidenti habelə bildirib ki, Qarabağın statusu dəyişməz qalmalıdır və gələcəkdə həll olunacaq. Həmçinin Putin Qarabağ ermənilərinin ötən əsrin sonlarında öz həyatlarını qorumaq üçün silaha sarıldıqlarını söyləyib.

Putinin bu fikirlərini necə dəyərləndirmək və Putinin səsləndirdiyi fikirlərə əsasən Rusiyanın Qarabağ üzrə gələcək siyasətini necə proqnozlaşdırmaq olar?

Mövzunu PİA.az-ın əməkdaşı hal-hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Hər bir halda Azərbaycan dövlətinin ərazi bütövlüyü haqqında başqa bir ölkənin rəsmisinin, xüsusilə də Rusiya prezidentinin verdiyi açıqlamanın bizim üçün qeyri-məqbul olduğunu vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, bu beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərə ziddir. Oruclu qeyd edib ki, Rusiya bu məsələlərə qarışmamalıdır:

“Putinin Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsi olması fikiri əslində ikibaşlı ifadədir. Çünki biz bilirik ki, Rusiya nə beynəlxalq hüquqa, nə d beynəlxalq normalara əhəmiyyət verən ölkə deyil. Əslində Putin desəydi ki, Rusiya Dağlıq Qarabağı, ümumiyyətlə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, bu müəyyən bir yanaşma və mövqe kimi dəyərləndirilə bilərdi. Amma Putinin Qarabağ haqqında fikirləri xeyrli təhlükəli və çoxmənalı yanaşmadır.

Putin sonrakı ifadələrində də status məsələni açıqladı. O bildirdi ki, Dağlıq Qarabağın statusu dəyişməzdir. Yəqin Putin demək istədi ki, bu günkü de-fakto statusu biz qəbul edirik. Rusiyanın davranışlarından da bu belə görünür. Çünki Rusiyanın sülhməramlı adlandırılaraq Azərbaycan ərazilərinə qanunsuz yeridilmiş hərbi qüvvələri hal-hazırda Azərbaycan və dünya tərəfindən tanınmayan qondarma rejimlə əməkdaşlıq edir. Sülhməramlılar bütün fəaliyyətlərini onlarla anlaşıqlı şəkildə tənzimləyir.

Bu baxımdan Putin mesaj da verdi ki, bu status müəyyənləşdirilməlidir. Amma bu status necə müəyyənləşdirilməlidir? Biz görürük ki, Rusiya mətbuatında artıq Dağlıq Qarabağ ermənilərinə Rusiya vətəndaşlığının verilməsi məsələsi müzakirə olunur. Bu da Putinin dedikləri ilə üst-üstə düşür. Belə çıxır ki, Rusiyanın müəyyən planları var.

Yəqin ki, Rusiya Dağlıq Qarabağda qalmaq və orada öz mövqelərini möhkələndirməyə çalışacaq. Hətta Rusiya bunu hüquqi çərçivədə etməyə çalışacaq. Yəni Azərbaycanın razılığı ilə Rusiya qoşunlarının Qarabağda qalmasını qanuniləşdirmək istəyəcək. Rusiyanın bu istəyi alınmayacağı halda da ən müxtəlif üsullara əl ata bilər. Bu üsullardan biri də Dağlıq Qarabağın faktiki olaraq ihlaqı ola bilər. Belə ki, orada yaşayan ermənilərə Rusiya vətəndaşlığı verib, sonra da Krımdakı variant üzrə referendum keçirmək niyyətləri ola bilər.

Hər bir halda Azərbaycan dövlətinin ərazi bütövlüyü haqqında başqa bir ölkənin rəsmisinin, xüsusilə də Rusiyanın verdiyi açıqlama bizim üçün qeyri-məqbuldur. Bu beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərə ziddir. Rusiya bu məsələlərə qarışmamalıdır.

Azərbaycan tərəfi birmənalı şəkildə Putinin bəyanatına reaksiya verməlidir və bildirməlidir ki, Qarabağ Azərbaycan ərazisidir. Qarabağın statusu da heç bir halda dəyişə bilməz. Həmçinin bildirilməlidir ki, Dağlıq Qarabağdakı erməni əhaliyə Azərbaycanın tələbləri çərçivəsində hansı formada idarəçilik veriləcəksə, bu Azərbaycan tərəfindən müəyyən olunacaq.

Azərbaycan tərəfindən belə reaksiya olmayacaqsa, sərt mövqe ortaya qoyulmayacaqsa, sabah baxacağıq ki, ATƏT-in Minsk qrupu yenidən prosesə qayıdıb. Bir yandan da Fransa başqa işlər görəcək. Belə olan halda da bu kimi ölkələr Azərbaycan dövlətinin sərhəddini açıq qapıya çevirəcəklər. Onlar istədikləri addımları ataraq öz maraqlarına xidmət edəcəklər.

Buna görə də bu məsələdə Azərbaycanın mövqeyi birmənalı olmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Hətta buna cəhd olsa, Azərbaycan bu məsələni hərbi yolla birdəfəlik bağlaya bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.