Ayvazyan səfərlərindən dərs götürməlidir - ETİRAZ

26-01-2021, 13:57           
Ayvazyan səfərlərindən dərs götürməlidir - ETİRAZ
Müharibə nəticəsində hər sahədə ağır məğlubiyyətə düçar olan Ermənistan hökuməti təxribatçı davranışlardan əl çəkmir. Xüsusən, Ermənistanın yeni Xarici işlər naziri Ara Ayvazyan səfərləri və görüşləri çərçivəsində artıq müzakirə predmeti olmaqdan çıxmış köhnə, lazımsız məsələləri israrla gündəmə daşıyır. Hər fürsətdə Azərbaycanı ittiham edərək, ATƏT-in Minsk qrupunun və digər beynəlxalq qurumların proseslərə müdaxiləsinin zəruriliyindən dəm vurur.

Ötən həftə XİN başçısı Ayvazyan Minsk qrupunun həmsədr ölkələrinin səfirlərini qəbul edərkən də absurd təklif və ittihamlarını sıralayıb. Müharibədən sonrakı vəziyyəti “müzakirə” edən tərəflər Qarabağda sülhyaratma prosesində həmsədrlərin yenidən iştirakının vacibliyini qeyd ediblər. Bundan başqa, erməni nazir Xankəndidəki ermənilərin hüquqlarının qorunmasını, təhlükəsizlik və onlara humanitar yardım məsələlərini gündəmə gətirib. Ayvazyan nizamlamadakı əsas prinsiplərin reallaşdırılmasının vacibliyini deyib və bu zaman məsələyə “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi” kontekstindən yanaşıb.

Ermənistan XİN rəhbəri 10 noyabr üçtərəfli bəyanatın üzərinə gələrək hərbi əsirlərin, girovların və digər saxlanılmış şəxslərin geri qaytarılmasından da söz açıb. Beynəlxalq təşkilatların, xüsusən BMT-nin və onun xüsusi agentliklərinin təmsilçilərinin maneəsiz olaraq əraziyə cəlb edilməsinin önəmi vurğulanıb. Ara Ayvazyan həmçinin diqqəti Azərbaycanın nəzarəti altında olan ərazilərdəki erməni mədəni-tarixi və dini irsinin saxlanılmasının aktuallığına yönəldib və iddia edib ki, guya, Azərbaycan onların məhvinə çalışır.

Heç şübhəsiz, hazırda Xankəndidəki ermənilərin təhlükəsizliyinə hər hansı təhdid yoxdur. Azərbaycanın paytaxtı Bakı şəhərində 30 minə yaxın erməni yaşayır ki, onlar da yerli sakinlərlə bərabər hüquqlara malikdirlər. Üstəgəl, Qarabağdakı rus sülhməramlıları ermənilərin hüquq və təhlükəsizliyini təmin edir. Bundan başqa, hökumətimiz dəfələrlə bəyan edib ki, ölkəmizin qanunlarını, Azərbaycanın vətəndaşlığını qəbul edən ermənilər orada sərbəst şəkildə yaşaya bilərlər.

Əsir və girovların “hamının hamıya” prinsipi ilə qaytarılması məsələsinə gəldikdə isə rəsmi Bakı dəfələrlə bəyan edib ki, 10 noyabrda Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra Qarabağa gizli yollarla keçib Azərbaycan əsgərlərinə silahlı basqın edən ermənilər terrorçudur. Onların “hərbi əsir” adı ilə geri qaytarılmasından söhbət belə gedə bilməz. Azərbaycan tərəfi həmin şəxslərin terrorçu olmasına dair tutarlı faktları beynəlxalq təşkilatlara təqdim edib.

Görünür, ermənilərin siyasi hakimiyyətinin ən böyük bəlalarından biri başlarına gələn hadisələrdən nəticə çıxara bilməmək bacarıqsızlığıdır. Yerevan hökumətləri qonşulara qarşı nankorluğu ilə dünyada “məşhurlaşıblar”. Azərbaycan tərəfi 44 günlük müharibə və güclü diplomatiyası ilə düşmənə mövcud reallıqları, məhz işğalçılıq siyasətinin və ərazi iddialarının Ermənistanı siyasi-iqtisadi blokadaya saldığını göstərməyə çalışdı. Belə çıxır ki, Yerevan hakimiyyəti baş verənlərin real mahiyyətini və Ermənistanı hara aparacağını buvaxtadək anlaya bilməyib.

Bu ölkə ya özündə hünər tapıb ayağa qalxmağı bacarmır, ya da düşdüyü vəziyyətin nəticəsini dərk etmir. Xatırladaq ki, Ermənistanın köhnə təxəyyüllü yeni Xarici işlər naziri Ayvazyan Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı da “Ermənistan Artsaxda xalqların öz müqəddəratını təyinetmə hüququ mövqeyindən çıxış etməkdə israrlıdır” demişdi. Ayvazyan israrla bildirmişdi ki, “Dağlıq Qarabağ münaqişəsi”nin əsasında “Artsax xalqı”nın “özünütəyinetmə” məsələsi durur. Əvvəllər də qeyd edirdi ki, Qarabağ münaqişəsinin uzunmüddətli nizamlama prosesi Minsk qrupunun himayəsi altında danışıqlar yolu ilə həll olunmalıdır. Erməni nazirin əksinə olaraq Sergey Lavrov öz açıqlamasında real vəziyyətdən çıxış edərək bildirib ki, biz indi-indi Dağlıq Qarabağ münaqişəsinin qaynar mərhələsindən çıxırıq: “Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı və müharibəni dayandırmış 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir”.

Təbii ki, məcburiyyət sindromu Ayvazyana da aiddir. İstisna deyil ki, erməni nazir öz ölkəsinin auditoriyası üçün bu ifadələrdən istifadə edir. Lakin prosesə başqa prizmadan yanaşanda məsələnin əksini də görmək mümkündür. Ayvazyan Moskvada bəyan edir ki, Dağlıq Qarabağda situasiya sabitləşəndən sonra İrəvan və Bakı danışıqlar stolu arxasında əyləşə bilər. Onun bu sözlərindən sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qross bəyanat verərək bildirir ki, sülhə hazırlaşmağın, nifrətə son qoymağın və regionda etimadı, tərəqqini və sabitliyi möhkəmləndirməyin vaxtıdır: “Azərbaycan Dağlıq Qarabağa bitişik yeddi rayon və Şuşa şəhərini qaytarıb. Hər iki tərəfdən çox sayda insan həlak olub. Birgə yaşamanın yeni formaları tapılmalıdır. Çağırışlar və perspektivlər olacaq”. Bəyanatın ruhundan belə nəticə çıxır ki, Azərbaycanın döyüşlə yox, hərbi-diplomatik səylərlə azad etdiyi ərazilər hələ də “ermənilərə məxsusdur”. Məhz bu cür ikibaşlı yanaşmanın sayəsində Ermənistanın XİN rəhbəri köhnə xülyalar müstəvisində çıxış edir. Baxmayaraq ki, onun fəallığı “özü çalıb, özü oynayır” hökmündən o yana keçmir. Görünür, Fransa tərəfdən eyhamlı bəyanatların verilməsi Ayvazyanı ürəkləndirir. Ayvazyan daha da irəli gedərək Türkiyə silahlı qüvvələrinin regiondan uzaqlaşdırılmasını tələb edir. Lakin son vaxtlar Fransa tərəfdən atılan addımlar göstərir ki, rəsmi Parisin məsləhətləri heç də Cənubi Qafqazda dincliyə yönəlmiş addımlarla həmahəng deyil.

Ermənistan Xarici işlər naziri Ara Ayvazyanın xülyalarını “Şərq”ə şərh edən “Bakı Politoloqlar Klubu”nun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, Ayvazyanın son açıqlamaları onunla Baş nazir Nikol Paşinyan arasında fikir ayrılıqlarının olduğunu göstərir. Siyasi təhlilçinin sözlərinə görə, Paşinyanın Şuşa etirafları, region ölkələri ilə əməkdaşlıqdan danışdığı bir dövrdə XİN rəhbərinin təxribatçı ritorika sərgiləməsi başqa siyasi məqsədlərdən xəbər verir:

“Ayvazyanın hansı ölkəyə yaxın olduğu bizə məlumdur. Görünür, elə həmin dövlətdən aldığı təlimatla ortalığı qarışdırmağa, regionda gərginliyi artırmağa çalışır. Anlamaq lazımdır ki, bundan sonrakı istənilən təxribatçı addım, davranış və açıqlama birbaşa Ermənistanın ziyanına olacaq. Yerevan hökumətinin qazancı olmayacaq, əksinə, əlində qalanları da uduzacaq. Yeni nazirin absurd iddia və ittihamlardan uzaq durması ermənilər üçün daha məqsədəuyğundur. XİN rəhbəri özündən əvvəlki nazirlərdən dərs götürməli və sələflərinin 30 il ərzində davamlı səsləndirdikləri müharibə ritorikasının sonda nə ilə nəticələndiyini unutmamalıdır”.

Politoloq vurğulayıb ki, Ayvazyan populist bəyanatlar verərək erməni ictimaiyyətinin başını qatmağa çalışır:

“O, münaqişənin hələ yekunlaşmadığını, erməni tərəfinin iddialarının təmin olunmadığını iddia edir. Kimin hansı tərəfdən baxmasının heç bir əhəmiyyəti yoxdur. Münaqişə artıq bitib və bölgədə yeni reallıqlar formalaşıb. Bu reallıqları uzun zaman işğalçı Ermənistanı müdafiə edən kənar dövlətlər də etiraf edirlər. Əgər Yerevan hökumətinin təmsilçiləri, xüsusən yeni nazir öz illüziyalarından əl çəkməzsə, onları da məğlub siyasilərin acı aqibəti və xalqın qəzəbi gözləyir. Paşinyan hakimiyyətini gücləndirmək istəyirsə, Ayvazyanla bağlı vaxtında ölçü götürməlidir. Ancaq problem ondadır ki, Ermənistanda Xarici İşlər Nazirliyi və güc strukturları Rusiya paytaxtından gələn əmr və təlimatlar əsasında fəaliyyət göstərir. Bu da baş nazirin əl-qolunun bağlanması anlamına gəlir”.

Politoloq Tofiq Abbasov da “Şərq”ə deyib ki, Ermənistanın qatarı çoxdan gedib. Ekspertin fikrincə, Ara Ayvazyanın fəaliyyəti iki istiqamətdə özünü göstərir. Ermənistan xarici işlər naziri köhnə və dağılmış bazarda yeni “islahat” cəhdlərinə təşəbbüs edir. Digər tərəfdən isə artıq çoxdan stansiyadan uzaqlaşmış qatarın ardınca təngnəfəs qaçaraq özünü yetirməyə çalışır:

“Normal düşüncəyə malik diplomatın əsas missiyası real vəziyyəti düzgün qiymətləndirməyi bacarmaqdır. Prosesləri doğru qiymətləndirməməyin nəticəsini yaxından görmüş bir ölkənin təmsilçisi isə hazırkı durumu daha aydın sezməlidir. Ayvazyan ilk növbədə özünü, daha sonra erməni xalqını aldatmaq yolunu tutub. Həm də onun siyasəti Baş nazir Nikol Paşinyanın indiki siyasətinə ziddir. Paşinyan son günlər ümidverici bəyanatlar səsləndirir. Azərbaycanla Türkiyənin Ermənistana əməkdaşlıq platforması təklif etdiyini bildirən baş nazir Yerevanın bununla razılaşmalı olduğunu söyləyir. Bu cür açıqlama fonunda onun kabinetini təmsil edən XİN rəhbərinin tərs-mütənasib mövqe sərgiləməsi və qıcıq doğuran bəyanatlar verməsi Ermənistanın özünü çıxılmaz duruma salır. Ayvazyan Qarabağ məsələsinin yarımçıq qaldığını, daha doğrusu, ermənilərin ziyanına həll edildiyini vurğulayır”.

T.Abbasovun qənaətincə, XİN başçısının mövqeyi yanlış olmaqla bərabər, həm də təhlükəlidir:

“Sağlam düşüncəli diplomat bu cür oyunbazlığa getməməlidir. Əks halda növbəti dəfə sərt cavablarını alacaqlar. Azərbaycan 44 günlük müharibədən sonra tam hüquqlu söz sahibidir. Rusiya da rəsmi Bakı ilə sıx təmasdadır və bütün prosesləri Azərbaycanla razılaşdırır. Bu, təbiidir, çünki, son sözü qalib tərəf deməlidir. Biz isə deyirik ki, “status” və “xalqların öz müqəddəratını həll etmək” məsələləri artıq gündəmdən çıxıb və heç vaxt müzakirə mövzusu olmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.