Baydenin Münhen konfransında açıqladığı yeni kurs bizə nə vəd edir? - Ekspert danışır

23-02-2021, 09:22           
Baydenin Münhen konfransında açıqladığı yeni kurs bizə nə vəd edir? -
ABŞ prezidenti Co Bayden fevralın 19-da online formatda keçirilən Münhen Təhlükəsizlik Konfransında çıxışında bildirib ki, dünya demokratik və avtokratik dəyərlər arasında gedən ideoloji döyüşün dönüş nöqtəsindədir. O, ABŞ-ın müttəfiqlərini azadlığın müdafiəsində Vaşinqtona qoşulmağa çağırıb. Avropada ölkəsinin transatlantik öhdəliklərinə sədaqətinə dair narahatlıqları aradan qaldırmağa çalışan Bayden demokratiyanı sarsıtmağa və NATO-nu zəif salmağa çalışan Rusiyadan, eləcə də Çindən gələn təhlükələrin bərabər neytrallaşdırılmasının həyati önəmini vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, hazırda bir çox ölkələr dünyada qismən texnoloji inqilabların və ölümcül pandemiyanın yaratdığı təbəddülatlardan çıxmaq üçün avtokratiyanın ən yaxşı sistem olub-olmadığına dair debatdadır. Onun fikrincə, çətinliklərin öhdəsindən gəlinməsində demokratiyanın zəruri olduğu şübhə doğurmamalıdır: “Avropa və Birləşmiş Ştatlar da daxil, bir çox yerlərdə demokratik tərəqqi hücumlara məruz qalır. Tarixçilər bu anın dönüş nöqtəsi olub-olmadığı məsələsini araşdıracaq və bu barədə yazacaqlar. Mənsə varlığımın hər zərrəsi ilə inanıram ki, demokratiya qalib gələcək və gəlməlidir”.

Co Bayden sələfi Donald Tramp administrasiyasının təcrid siyasətindən sonra Avropa ilə münasibətləri düzəltmək, NATO-nu gücləndirmək və dünya boyunca demokratiyanı dəstəkləmək əzmində olduğunu bəyan edərək Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmasını Birləşmiş Ştatlar və Avropa üçün başlıca narahatlıq kimi qiymətləndirib.

Bəs, Cozef Baydenin elan etdiyi ABŞ-ın yeni xarici siyasət kursu postsovet məkanına, bizim bölgəmiz Cənubi Qafqaza, Orta Asiyaya necə sirayət edə bilər? Qarabağ müharibəsindən sonra regionda dəyişən qüvvələr balansında hansısa dəyişikliklər gözləmək mümkündürmü?

Siyasi icmalçı Rauf Mirqədirov “Press Klub”a şərhində bildirdi ki, prezident Co Bayden və dövlət katibi Entoni Blinkenin çıxışlarında bir məsələ qırmızı xətlə keçir, bu da ondan ibarətdir ki, Amerika qlobal siyasətə – o cümlədən Avropaya, postosvet məkanına qayıdır. Deməli, Vaşinqton bu regionlarda daha fəal siyasət yeritməyə başlayacaq. R.Mirqədirov Baydenin Obama administrasiyasındakı fəaliyyətini xatırladaraq qeyd etdi ki, o vitse-prezident kimi ABŞ hökumətinin keçmiş sovet məkanı üzrə siyasətinə cavabdeh idi:

“Burada onun şəxsi maraqlarının olub-olmadığı haqda heç nə deyə bilmərəm. Bayden bu məkanı Rusiyanın təsir dairəsindən çıxarmaqda maraqlı olan siyasətçidir. İndi bu siyasət davam etdiriləcək və daha fəal həyata keçiriləcək. Sözsüz ki, biz bunun ilk nəticələrini Rusiyanın qərbində yerləşən ölkələrlə bağlı siyasətində hiss edəcəyik. Söhbət ilk növbədə Ukraynadan, Moldovadan və qismən Belarusdan gedir. Bayden bu ölkələrdə Avropa Birliyi ölkələri ilə birgə Qərbin maraqlarını həyata keçirməyə çalışacaq. Əlbəttə, bu siyasətin müəyyən pozitiv tərəfi var ki, Rusiyanın bölgədə təcavüzkar siyasətinin qarşısını almağa xidmət edəcək. Məlumdir ki, Rusiya regionda aqressiv siyasət aparır. Burada siyasi müdaxilələrlə yanaşı, qonşu ölkələrə qarşı hərbi təcavüzdən də söhbət gedir. Bayden ilk növbədə bunun qarşısını almağa çalışacaq”.

Ekspertin fikrincə, ABŞ-ın Rusiyaya qarşı bu siyasətinin neqativ tərəfləri də var, çünki qarşıda bizi uzunmüddətli ABŞ-Rusiya qarşıdurması gözləyir:

“Bu mərhələnin ağırlığını biz hamımız hiss edəcəyik. Yəqin ki, Vaşinqtonda hər bir bölgəyə fərqli münasibət bəslənəcək. Məsələnin əsas ağrılı tərəfi ondan ibarətdir ki, Rusiya da buna cavab olaraq bölgədə öz təcavüzkar siyasətini genişləndirməyə çalışacaq. Biz daha aqressiv Rusiya görəcəyik və o, regionda siyasətini həm siyasi, həm də hərbi vasitələrlə genişləndiməyə cəhd edəcək”.

Ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son çıxışından misal gətirir:

“Lavrov artıq qarşıdurma dövrünün başlandığını bildirib. O, Avropa İttifaqı ilə hər hansı danışıqların, razılaşmaların, ümumiyyətlə, dialoqun mümkünlüyünü şübhə altına alıb. Lavrov açıq şəkildə bəyan edib ki, artıq kollektiv Qərblə hər hansı dialoq mümkün deyil. O, bütün məsuliyyəti Qərbin üzərinə atır və bəyan edir ki, onlar bərabərhüquqlu dialoq aparmaqdansa, diktə mövqeyinə keçirlər, məhz buna görə münasibətlər sistemi dağılır. Lavrovun dediklərindən bu qənaətə gəlmək mümkündür ki, Rusiya yaxın 4 il ərzində kollektiv Qərblə üz-üzə gəlməli olacaq. Çünki Bayden “Amerika qayıdır” deyəndə Avropa Birliyi ilə birgə qayıtmağı nəzərdə tutur. O, Rusiyaya qarşı Avropa ilə birgə, vahid siyasət yeritməyə çalışacaq. Bu isə o deməkdir ki, Rusiyanın manevr imkanları azalacaq. Ona görə də, Rusiya indidən Qərblə hər hansı dialoqun qeyri-mümkünlüyündən danışır”.

“Bakı tələb etsə belə, Rusiya Qarabağdan çıxmayacaq”

Siyasi şərhçi hesab edir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı biz ABŞ-ın iki siyasi xətti ilə qarşılaşacağıq. Birinci xətt Rusiyanın bölgədəki təsir dairəsini dağıtmaqdan ibarətdir:

“Məlumdur ki, Rusiya bölgədə hərbi-siyasi imkanlarını genişləndirib. Məsələn, əvvəllər olmadığı Azərbaycana – Dağlıq Qarabağa sülhməramlı adı altında hərbi qüvvələr yeridib. Moskva Tramp hökumətinin yaratdığı qeyri-müəyyənlikdən istifadə edərək geosiyasi mövqelərini bir qədər möhkəmləndirə bilib. Əvvəlki status-kvonu bərpa etmək Bayden hökuməti üçün çox çətin olacaq. Çünki indiyə qədər biz Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi bölgədə ABŞ-ın fəal siyasət yeritməsinin şahidi olmamışıq. Moldovanın timsalında bunu görürük. Bu ölkədə rusiyayönümlü, yaxud qərbpərəst hökumətin olmasından asılı olmayaraq, ABŞ-ın fəal xarici siyasət aparmasının şahidi olmamışıq. Nəticə etibarı ilə ABŞ və bütövlükdə Qərb Moldovanı öz təsir dairəsinə daxil edə bilmir. Rusiya yeni prezident Maya Sandunun tələblərinə baxmayaraq, öz qoşunlarını bu ölkədən çıxarmaq niyyətində deyil.

Azərbaycanda isə bəzi qüvvələr bildirirlər ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti 5 illikdir. Bu müddət bitdikdən sonra Bakı rus qoşunlarının bölgədən çıxarılmasını tələb edə bilər. Mən əlbəttə, bunun baş verməsini istəyirəm, amma real həyatda bu, mümkün deyil. Ruslar Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyi bəhanəsi ilə orada qalmaqda davam edəcəklər. Hətta Bakı tələb etsə belə, Rusiya oradan çıxmayacaq”.

ABŞ-ın bu halda tutacağı mövqeyə gəlincə, Mirəqdirov bildirir ki, Vaşinqtonun regiona təsir imkanları hələlik məhduddur:

“Lavrov son çıxışında Qarabağ bölgəsini də misal gətirərək deyib ki, Qərb postsovet ölkələrinə təsir göstərmək istəyir. Əlavə edib ki, Rusiya bölgədə atəşkəsi, sülhü bərqərar etdikdən sonra Qərb ölkələri ortalığa çıxıb deyirlər ki, biz də varıq. Lavrovun sözlərindən belə çıxır ki, Qərb ölkələri prosesə daxil olmaq, orada iştirak etmək istəyirlər, Rusiya isə onları mümkün qədər kənarlaşdırmağa çalışır. Kreml hər şey edəcək ki, sülhməramlı qüvvələrin tərkibi dəyişməsin, Minsk Qrupu indiki halda həlli mümkün olmayan status məsələsinin müzakirəsi ilə məşğul olsun. Rusiya Madrid prinsiplərində qismən razılaşdırılmış sülhməramlıların tərkibi məsələsinin reallaşmasına imkan verməyəcək”.

Siyasi icmalçı hesab edir ki, bu geopolitik qarşıdurma Azərbaycana olduqca müərəkkəb perspektiv vəd edir:

“Bir tərəfdən sülhməramlıların tərkibinin dəyişdirilməsi, Rusiyanın bölgədə maraqlarının zəifləməsi Azərbaycanın maraqlarına cavab verir. Amma Azərbaycanın açıq şəkildə Moskvaya qarşı demarşlar etməyə, sülhməramlıların tərkibinin dəyişdirilməsi tələbini irəli sürməyə imkanları olmayacaq. Bu, çox ciddi və yeni bir siyasi şərait yaradır. İkinci Qarabağ müharibəsinin Azərbaycan üçün ən mənfi cəhəti ondan ibarətdir ki, onun öz xahişi ilə rus sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilib. Bu da Bakının manevr imkanlarını həddən artıq məhdudlaşdırır. Təəssüf ki, bundan sonra Azərbaycan üçün çox mürəkkəb situasiya yaranacaq”.

“Monitorinq Mərkəzində 60 türk hərbçisinin fəaliyyət göstərməsi Rusiya üçün heç bir təhlükə yaratmır, Ankaranın prosesdə iştirakı minimal səviyyədədir”

Kremlin Qərb ölkələrindən fərqli olaraq, Türkiyənin prosesdə iştirakına hansı səbəbdən imkan verməsinə gəlincə, ekspert bunu Ankara və Moskvanın anti-Qərb siyasətinin üst-üstə düşməsi ilə əlaqələndirir:

“Ortaq Monitorinq Mərkəzində 60 türk hərbçisinin fəaliyyət göstərməsi Rusiya üçün heç bir təhlükə yaratmır. Ankaranın prosesdə hərbi-siyasi iştirakı minimal səviyyədədir. Konkret ifadə etsək, bu, Türkiyənin imkanlarından qat-qat aşağı, belə desək, təsirsizlik səviyyəsindədir, Rusiyanın bölgədəki hegemonluğuna heç bir təhlükə yaratmır. Amma Moskva görüntü yaradır ki, biz burada tək deyilik, Türkiyə də var”.

Mirqədirov vurğulayır ki, bu qarşıdurmanın bir ucu da bölgədəki beynəlxalq nəqliyyat dəhlizlərinə nəzarət məsələsinə uzanır:

“Bayden hökumətinin bu dəhlizlərə çox önəm verməsini nəzərə alsaq, mübarizə daha da gərginləşəcək. Beləliklə, Qarabağ müharibəsi geopolitik qarşıdurmanın bir hissəsidir. Yəni, Şimal, Cənub, Şərq, Qərb nəqliyyat dəlizlərinin kəsişdiyi cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana nəzarət məsələsidir”.

Ekspert hesab edir ki, bu mübarizədə Bayden hökumətinin imkanları ilkin mərhələdə Tramp hakimiyyətinin buraxdığı səhvlər ucbatından çox zəifdir:

“Həmin siyasətin necə həyata keçiriləcəyi mənim üçün kifayət qədər müəmmalıdır. Qərbdə yeganə ümid ondan ibarətdir ki, Rusiya xarici siyasətdə qarşısına qoyduğu öhdəlikləri, hədəfləri həyata keçirmək üçün əhəmiyyətli resurslara malik deyil. Bu aqressiv siyasət daha çox resurs tələb edəcək və müəyyən müddətdən sonra resurs çatışmazlığı Rusiyaya hədəflərinə çatmağa imkan verməyəcək, Moskva ciddi məğlubiyyətlərlə qarşılaşacaq və bu da ölkənin daxilində ciddi proseslərin başlamasına rəvac verəcək”.

Bayden administrasiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı xarici siyasətinin ikinci xəttinə gəlincə, Rauf Mirqədirov bu xəttin Azərbaycan hökumətinə problemlər yaradacağını düşünür:

“Məlumdur ki, demokratlar Amerika dəyərlərinin, demokratiyanın ixracı ilə məşğuldurlar. Mən buna heç bir neqativ çalar vermək istəmirəm. Rusiya başda olmaqla, avtoritar rejimlər ABŞ-ı buna görə rəngli inqilabların ixracında ittiham edirlər. Təəssüflər olsun ki, bizim insan haqları və demokratiya sahəsində ciddi problemlərimiz var. Sözsüz ki, bu amil ABŞ-la Azərbaycan arasında müəyyən gərginlik yaradacaq. İkitərəfli münasibətlərdə soyuqluğun mənbəyi olacaq. Onu da nəzərə almaq lazımdır ki, qardaş Türkiyənin də ABŞ-la münasibətləri istənilən səviyyədə deyil, bütövlükdə onun kollektiv Qərblə münasibətlərində kifayət qədər problemləri var. Bu da Bakı-Vaşinqton münasibətlərinə təsir edəcək və növbəti gərginlik mənbəyi olacaq”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.