Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...

10-04-2021, 09:29           
Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
Son günlər Ukrayna- Rusiya münasibətləri dünya mediasının gündəmindədir. Sərt ritorika güclənir, Qərb Ukraynanı Rusiyadan ayrılmaq üçün qızışdırır, Moskva qısqanc sevgili kimi onu əldən verməmək üçün bütün fəndlərə əl atır.

Əslində Ukrayna Rusiya üçün bir şərəf məsələsidir. Son 500 illik tarixə baxılarsa, Rusiyanın keçmişi Kiyev Rus Dövləti ilə bağlanır. Yəni köklər ordan başlayır. Ukraynanı itirmək Rusiya üçün bütün dünyada nüfuzunu itirmək , paralanmaq kimi bir şeydir. Ukraynanın ilk cəhdi Krımın itirilməsi, Donbas, Luqansk münaqişələri ilə yadda qaldı. Bəs bundan sonra necə olacaq?

Bizimyol.info-ya Rusiya-Ukrayna münasibətlərini şərh edən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, məsələ Rusiyanın parçalanmasına qədər gedib çıxa bilər.

“Ukrayna və Rusiya arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Rusiya işğal etdiyi ərazilərdən çıxmaq, Ukrayna isə bu ərazilərin işğalı ilə barışmaq istəmir. Ukrayna ordusu və hərbi-siyasi rəhbərliyi Rusiya ilə müharibəyə hazır kimi görünür. Burada ancaq Ukrayna ordusunun döyüş hazırlığı imkanlarını qiymətləndirmək doğru olmazdı. Böyük ehtimal, Ukrayna prezidenti Zelenski NATO-dan dəstək alacağına ümidlənərək addım atır. Ərazi bütövlüyü məsələsi Ukraynanın, xüsusən indiki prezidentin qarşısında həllini gözləyən ən mühüm problemdir. Ona görə də Ukraynanın bu sevdadan sadəcə, vaz keçəcəyini gözləmək düzgün olmazdı. Zelenskinin hakimiyyətinin ilk aylarında problemin həlli üçün instensiv danışıqlar gedirdi. Hətta ümidləndirəcək addımlar da atıldı. Ukrayna Rusiyadakı hərbi əsirləri geri qaytara bildi. Avropa dövlətlərinin dəstəyilə iki ölkənin prezidentləri görüşüb müəyyən müzakirələr də apardılar. Lakin son nöqtəni qoymaq olmadı. Nəticə göz önündədir. Ukrayna hərbi qüvvələri Donbas ətrafında cəmləşməkdə davam edir. Rusiya isə Ukraynada baş verə biləcək hadisələri, Moskvanın təbirincə desək “vətəndaş müharibəsi”ni qəbuledilməz adlandırmaqdadır. Rusiya hərbi əməliyyatların başlamasını arzuedilməz hal adlandırmaqla buna seyrçi qalmaq niyyətində olmadığını göstərməyə çalışır. Müharibə başlayarsa Ukrayna Rusiya ilə çətin ki, təkbaşına bacara bilər. Bütün bu baş verənlərə görə situasiya gərginləşməyə, tərəflərin sərt ritorikası güclənməyə doğru gedir. Bu gərginlik dünya dövlətlərinin də diqqət mərkəzindədir. Artıq ABŞ, Avropa Birliyi, Almaniya, Fransa kimi dövlətlər, beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqədar fikirlərini, narahatçılıqlarını da gündəmə gətirirlər. NATO da çox böyük hərbi-siyai təsir gücünə malik olan bir təşkilat kimi narahatlıqla hadisələri izləyir. Əgər hərbi əməliyyatlar başlayarsa və əvvəl olduğu kimi bu dəfə də Ukrayna NATO-dan, Qərbdən ciddi dəstək ala bilməyəcəksə, çox böyük çətinliklərlə qarşılaşacaq. Əgər ciddi dəstək olarsa, Ukrayna ordusu qətiyyətlə vuruşarsa, o zaman Rusiya ordusunu yenərək torpaqlarını azad edə bilər. Rusiyanın məğlubiyyəti isə ona baha başa gələ bilər. Bu məğlubiyyət imperiyanın dağılmasının başlanğıcı ola bilər”,- deyə ekspert bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.