"Azərbaycan Əsgərinin Xankəndində keçirilən paradda iştirakı təmin edilməlidir" - Ruslar paradını Gümrüdə keçirsin...
20-04-2021, 14:16

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başlaması barədə yayılan xəbərlər Azərbaycan ictimaiyyətinin haqlı etirazlarına səbəb olacağı gözlənilən idi.
9 May münasibətilə keçiriləcək tədbiri hərbi parad adlandırmaq doğru deyil. Çünki müasir hərbi paradın bir neçə konpanenti olur. Belə ki hərbi paradda adətən aviasiya, zirehli, zirehsiz və yüngül zirehli texnikalar, HHM vasitələri, artileriya vasitələri, raket kompleksləri, pilotsuz aparatlar və s. nümyiş etdirilir. Lakin bu tədbirdə yalnız avtomat silahlarla silahlanan sülhməramlıların bir təntənəli keçidi və ya yürüşü keçiriləcək. Maraqlı olan məqam isə bu xəbərin Bakının “İskındər-M” raketi ilə bağlı məntiqli açıqlama tələbi fonunda tirajlanmasından ibarətdir.
Bu tədbiri əslində Azərbaycan təşkil etməli və rusları da dəvət etməsi daha doğru olardı. Azərbaycanın hansısa xüsusi təyinatlı birqadası öz texnikası və vasitələrilə Xankəndində ruslarla bərabər bizim də zamanında iştirak etdiyimiz İkinci Dünya Müharibəsindəki qələbəni qeyd etməsi daha doğru addım ola bilər. Həmin tədbirdə İkinci Dünya Müharibəsi qəhrəmanı Həzi Aslanovun ailə üzvləri də iştirak edə bilərdi.
Rusiya sülhməramlıları öncə öz üzərinə düşən erməni silahlılarının oradan çıxarılması vəzifələrinin yerinə yetirilməsinə köklənməlidirlər. Bu kimi tədbirlərin Azərbaycanda, rəsmi Bakı ilə razılaşmadan, Ordumuzun tədbirdə iştirakı olmadan keçirilməsi yolverilməzdir.
Çünki, Rusiya Qarabağda Azərbaycan-Ermənistan və Rusiya rəhbərlərinin birgə imzalanan üçtərəfli bəyanatın şərtlərində əks olunmayan fəaliyyətləri genişləndirməsi yolverilməzdir. Bu tədbir hərbi parad və ya təntənəli yürüş adlandırılmasından asılı olmayaraq, mütləq Azərbaycan ilə razılaşdırılmalıdır. Bundan əvvəl də Rusiya, istər hansısa hərbi şəhərciklərin salınması və s. bunların keçiriləcəyi yer, ərazi, məkan, say, bütün detallar Azərbaycanla razılaşdırılmalıdır.
İstənilən halda bu məsələ Rusiyanın Azərbaycandakı səfiri ilə müzakirə olunmalı və Əsgərimizin Xankəndində keçirilən paradda iştirakı təmin edilməlidir. Əks halda ruslar bu tədbiri Gümrüdə keçirsələr, daha yaxşı olar. //moderator.az//