Bakı və Ankaranın İrəvana indi etdiyi təkliflər sabah edilməyə bilər, əgər... - GƏLİŞMƏ
1-06-2021, 08:55

Ermənistanda kritik parlament seçkilərinə 3 həftədən də az qalır. Ən son rəy sorğuları göstərir ki, baş nazi əvəzi Nikol Paşinyanın “Mənim addımım” bloku axır həftələr ərzində reytinq sarıdan qismən geriləsə də, ölkədəki siyasi qüvvələr arasında hakim qüvvəyə rəğbət yenə ən yüksək olaraq qalır - 22.9%. İkinci sırada son həftələr reytinqi 1-2 faiz artmış sabiq prezident, Qarabağ klanının odioz siması, Xocalı hərbi canisi Köçəryanın başçılıq elədiyi “Hayastan” (“Ermənistan”) seçki bloku gəlir - 17.5%. Üçüncü yerdə isə 3,8 faizlə Qagik Tsarukyanın rəhbər olduğu “Firavan Ermənistan” Partiyası qərarlaşıb. Nəticələr MPG sorğu mərkəzinin hesabatından götürülüb.
Lakin müşahidələr və təhlillər belə söyləməyə əsas verir ki, Köçəryanın bloku qalib ola bilməyəcək. Ən yaxşı halda o, elə ikinci yerlə kifayətlənməli olacaq və parlamentdə təzə baş nazir (ölkə rəhbəri) seçkisinə müəyyən təsir imkanı qazanacaq. Əvvəla, ona görə ki, seçkilərə çox da böyük zaman qalmayıb və bu müddətdə Xocalı canisinin xeyrinə kəskin şəkildə işləyəcək hansısa olay, möcüzə gözlənilmir. Bunun da səbəbləri var.
*****
Məsələ ondadır ki, elektoratın əksəriyyəti 20 illik idarəçiliyi dönəmində (1998-2018) ona yaxşı güzəran bəxş etməyən “Qarabağ klanı”nın bir daha iqtidar olmasını istəmir. Əks halda, sosial-iqtisadi durumunun zərrəcə yaxşıya dəyişməyəcəyini bilir. Eyni zamanda Ermənistanın o halda köhnə kursa - konfrontasiya və müharibə yoluna geri dönüş riski artacaq. Ermənilər Köçəryanı yaxşı tanıyır. O, qurucu, islahatçı birisi deyil, kriminal oliqarxiyanın adamı, mafioz olaraq qalır. Köçəryan hələlik açıq söyləməyə risk eləməsə də, revanşist ovqatlıdır. Cəmiyyət isə müharibədən, qarşıdurmalardan bezib.
Sadə erməni seçicisi Qarabağ klanının 20 illik hakimiyyəti dövründə ölkədə korrupsiyanın necə çiçəkləndiyini, əsas hüquq və azadlıqların necə kobud şəkildə pozulduğunu, hansı qalmaqallı kriminal olayların baş verdiyini də yaxşı xatırlayır. O sırada 1999-cu il 27 oktyabrda Ermənistan parlamentindəki gülləbaranın arxasında, 2008-ci ildə hakimiyyəti Sərkisyana “seçkilər” yolu ilə ötürərkən İrəvanda 8 nümayişçinin güllələnməsinin arxasında ovaxtkı prezident Robert Köçəryanın durduğu da hamıya bəllidir.
Ən başlıcası, 20 ildə o və xələfi Serj Sərkisyan ölkənin inkişafı önündə əsas əngəl olan və ölkəni blokadada saxlayan Dağlıq Qarabağ probleminin həlli üçün ciddi heç bir iş görməyib. Tam əksinə, maksimalist mövqeyi ilə onu daha da qəlizə salıb, danışıqlar prosesini mənasız ediblər. O dərəcədə ki, Nikol Paşinyan hökuməti artıq cızılmış “tilsimli dairə”dən kənara çıxmağı bacarmadı və o da öz xalqına boş, heç vaxt reallaşmayacaq vədlər vermək yolunu tutmalı oldu.
Sonuc məlumdur. Hərçənd pislərin içində ən yaxşısı olan Paşinyanın özü də 44 günlük müharibədən ciddi dərs götürmüş kimi görünmür. 10 noyabr kapitulyasiya sənədinin icrasını min bəhanə ilə yubatmağa çalışır. Azərbaycanla sərhəddə (Kəlbəcər və s.) ard-arda törədilən təxribatlar, rəsmi İrəvanın delimitasiya və demarkasiya ilə bağlı qaldırdığı hay-küy, cığallıq, ermənipərəst qlobal gücləri bölgəyə cəlb eləmək cəhdləri buna bariz sübutdur.
*****
Ancaq bütün bunlar əbəs cəhdlərdir. Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib və süni əngəllərə rəğmən, tezliklə Ermənistanla yerdə qalan sərhədlərini də dəqiqləşdirib möhkəmlədəcək. Həmçinin Zəngəzur dəhlizi gec-tez işə düşəcək. Yeri gəlmişkən, bu arada Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsindən danışıb.
“Nəqliyyat kommunikasiyalarının ləğvi, ilk növbədə, hələ sovet illərində fəaliyyət göstərən dəmir yolu kommunikasiyalarının açılması deməkdir. Hələlik avtomobil yollarından söhbət getmir” - Paşinyan öz tərəfdarları ilə görüşündə deyib.
Onun sözlərinə görə, prioritet hesab olunan dəmir yolu xətlərinin bərpası və yenidən açılmasıdır. “Dəmir yolu rabitəsi MDB-nin təsdiq etdiyi razılaşmalar çərçivəsində beynəlxalq hərəkət standartlarına uyğun olmalıdır”, - deyə o qeyd edib və Ermənistan və Azərbaycanın MDB sazişlərində bir sıra məsələlərdə “xüsusi fikir və qeyd-şərtləri” olduğunu xatırladıb, həmçinin yük daşınması prosesinə başlamaq üçün qeyd olunan rezervasyonların geri götürülə biləcəyini istisna etməyib.
*****
Öz növbəsində rusiyalı tanınmış hərbi-siyasi analitik İqor Korotçenko belə hesab edir ki, Ermənistan rəhbərliyi həqiqətən Azərbaycanla sərhədlərin müəyyənləşməsini istəmir, çünki ona təxribatlar lazımdır. Analitik deyir ki, Ermənistan öz addımları ilə KTMT və Rusiyanı münaqişəyə cəlb etməyə çalışır: “İrəvan heç bir söz dinləmək və delimitasiya problemi ilə məşğul olmaq istəmir. Halbuki sərhədlərin müəyyənləşdirilməsi, ilk növbədə sabitlik, sərhədyanı insidentlərin olmaması deməkdir”.
Korotçenko vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi zamanın tələbidir və üçtərəfli bəyanatda nəzərdə tutulub: “Putin və Lavrov kömək barədə də çıxış edib, Rusiya prosesin başlaması üçün tərəflərə dəstək verməyə hazırdır. Ermənistan isə bunu istəmir, ona təxribatlar və növbəti dəfə Azərbaycanı ittiham edə biləcək insidentlər lazımdır ki, sərhədlərin dəqiqləşdirilməsi prosesindən imtina etsin”.
Təəssüflər olsun ki, sərhəd məsələsində Paşinyanın opponentləri də eyni, daha dəqiqi, ondan da sərt mövqedədirlər. Bu isə yekun etibarilə Azərbaycanla çox vacib olan böyük sülh müqaviləsinin imzalanmasını, onunla birgə erməni xalqının, nəhayət, rifah və inkişaf yoluna çıxmasını ləngidir.
*****
Bunu az-çox anlayan erməni siyasətçilərindən biri də ölkənin birinci prezidenti Levon Tet-Petrosyandır. 1997-98-ci illərdə konfliktin yeganə mümkün dinc həlli kimi mərhələli planını dəstəklədiyi üçün Rusiyanın “dobro”su, Qarabağ klanının - Köçəryan-Sərkisyan cütlüyünün isə əli ilə iqtidardan salınan Ter-Petrosyan.
Qısaca xatırladaq ki, həmin plana görə, ilkin mərhələdə keçmiş DQMV ətrafında bütün rayonlar (“Laçın dəhlizi” saxlanmaqla) Azərbaycana qaytarılmalı, köçkünlər yurd yerlərinə qayıtmalı, separatçı rejimin və Ermənistanın blokadası götürülməli, sonuncu mərhələdə isə Dağlıq Qarabağın yekun statusu müəyyənləşməli idi. Təbii ki, heç bir referendumdan, torpaqlarımızda ikinci “erməni dövlətinin” yaradılmasından söhbət getmirdi - Bakı və İrəvan oturub statusu razılaşdırmalı idi.
Plan Azərbaycana sərf edirdi. Elə ermənilərə də. Ən azı ona görə ki, Azərbaycanın və Türkiyənin sayəsində həm Ermənistan, həm də Qarabağ erməniləri ağ günə çıxmaq şansı tapacaq, indiki rəzil durumda olmayacaqılar. 44 günlük Vətən savaşımızda minlərlə gənc erməni də boş yerə, artıq gorbagor olan “miatsum” ideyasına qurban getməyəcəkdi.
O vaxt sözügedən həll planı ilə bağlı Ter-Petrosyan demişdi ki, “Əgər bu gün Ermənistan ona təklif ediləni qəbul eləməzsə, zaman gələcək yalvaracaq, çünki Azərbaycan güclənəcək, Ermənistan isə zəifləyəcək”. Ermənistanın niyə zəifləyəcəyini də o, ura-patriot və radikal opponentlərdən fərqli olaraq, yaxşı başa düşürdü: ona görə ki, heç bir sanballı təbii qaynağı və dünya okeanına çıxışı olmayan işğalçı ölkə Azərbaycan və Türkiyənin sərt blokadası şəraitində zamanla regionun “izqoyuna” çevrilib siyasi-iqtisadi məhvə məhkum idi.
Sabiq prezident yerli İTV-yə son müsahibəsində bir daha bu haqda danışıb, öz xalqını gec də olsa ayıltmağa cəhd edib. Sitat: “Mənim Qarabağ münaqişəsinin həllinə dair ovaxtkı planım bu gün təklif olunsaydı, ölkə əhalisi onu dəstəkləyərdı. Ermənistan, hətta Azərbaycana güzəştə getməklə belə, qalib statusunda daha çox şey əldə edə bilərdi. Əfsus ki, hakimiyyətlər zaman amilini tutmadı və şansı əldən verdilər, nəticədə müharibədə məğlubiyyətə tuş gəldik”.
*****
Problem də ondadır ki, ermənilər, onların hazırkı siyasi elitasi və xaricdəki radikal diaspor yenə zaman anlayışı ilə düz davranmırlar. Kapitulyasiya edən Ermənistan və onun cəmiyyəti, erməni diasporu gərək unutmasın ki, bu gün Ermənistana Bakı və Ankaranın təklif etdikləri də artıq sabah edilməyə, qüvvədən salına və mənfur qonşular növbəti dəfə bizim və digərlərinin ayağına düşə, yalvara bilərlər. Yəni Dağlıq Qarabağa və 7 rayona nəzarəti tam itirən Ermənistan növbəti mərhələdə özü də siyasi xəritədən silinə bilər.
Seçim həmişəki kimi, məğlub ölkənin, onun xalqının, dünya erməniliyinidir. Bu, son seçim olacaq. Onlara bir daha indiki kimi real dirçəliş şansı verilməyəcək... //musavat.com//