Rusiya Müdafiə Nazirliyindən ABSURD AÇIQLAMA - Xocavənd...
1-06-2021, 20:26

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti məlumat yayıb.
Dünən axşam yayılan məlumatda qeyd olunub ki, sülhməramlılar "sərhəd xəttindəki Amaras monastırını ziyarət edən 117 erməni zəvvarın təhlükəsizliyini təmin ediblər".
"Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək etməyə davam edirlər. Beləliklə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 100-dən çox zəvvardan ibarət bir qrupun Amaras xristian monastırına ziyarətinin təhlükəsizliyini təmin etdilər. Bu adamlar buraya Stepanakert (Xankəndi - red.) şəhərindən və monastıra bitişik yaşayış məntəqələrindən gəliblər. Amaras, erkən orta əsr xristian monastırlarından biridir və Martuni (Xocavənd - red.) bölgəsində yerləşir. Orta əsr Ermənistanda məşhur bir dini və mədəniyyət mərkəzi statusuna sahib idi.
Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzi zəvvarların Dağlıq Qarabağdakı dini yerlərə müşayiəti və qorunmasını həyata keçirir. Belə yerlərdən biri Amaras monastırıdır", - deyə Humanitar Reaksiya Mərkəzinin nümayəndəsi Aleksandr Korolev bildirib.
Rusiya Müdafiə Nazirliyi məlumatda ciddi yanlışlığa yol verib.
Məsələ burasındadır ki, Azərbaycanın Xocavənd rayonu ərazisindəki Amaras monastrı Qafqaz Albaniyasına məxsus məbəddir və onu Ermənistanla əlaqələndirmək kökündən yanlışdır.Teref.az/