“O halda Kəlbəcərdəki son faciədə Rusiya-Türkiyə birgə monitorinq mərkəzi də məsuliyyət daşıyır…” - ekspert

9-06-2021, 16:49           
“O halda Kəlbəcərdəki son faciədə Rusiya-Türkiyə birgə monitorinq mərkəzi də məsuliyyət daşıyır…” - ekspert
“Kəlbəcərdə ikisi jurnalist olmaqla üç soydaşımızın həlak olması, 4 nəfərimizin yaralanması ilə nəticələnmiş məlum faciədən öncə Yuxarı Qarabağ, o cümlədən hələ ötən il noyabrın sonunda Hadrutda 62 terrorçunun yaxalanması, bu il mayın sonunda isə Kəlbəcərdə ərazini minalamağa çalışan 6 erməni diversantının ələ keçirilməsi onu göstərir ki, Ermənistan tərəfi heç vaxt 10 Noyabr üçtərəfli razılaşmasına əməl etməyib. Və Rusiya tərəfi də buna, demək olar ki, göz yumub”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Əfqanıstan və 1-ci Qarabağ savaşlarının iştirakçısı, son dövrlərdə hərbi ekspert kimi tanınan kəşfiyyatçı kapitan Tərlan Eyvazov dilə gətirib.

“Bu, eyni zamanda ermənilərin tarixən formalaşmış xain xislətindən irəli gəlir. Odur ki, Ermənistanla sərhədlərimiz tam bərkidilməmiş, Qarabağdan erməni silahlı birləşmələri son nəfərinədək tərksilah edilib həbs olunmamış, yaxud çıxarılmamış bizim hələ böyük sülhdən danışmağımız tezdir. Ermənilər 44 günlük savaşdan sonra hələ də nəzarət etdikləri Azərbaycan ərazilərində böyük sayda canlı və silah ehtiyatlarına malikdir. Onların bir çox yerlərdə anbarları və gizli saxlanc yerləri var. Və keçmiş Dağlıq Qarabağın 50 faizindən çox ərazisində mövcud olan separatçı və silahlı erməni qüvvələri ilə Ermənistandan sərbəst gedib-gələn emissarlar daim əlaqə saxlayırlar. Ona görə də düşünürəm ki, biz hər an ayıq-sayıq və ehtiyatlı olmalıyıq. Çünki ermənilərin təxribatları və revanş cəhdləri hələ davamlı olacaq. Bu, hələ mina müharibəsi ilə bitməyəcək” –deyə Qarabağ qazisi təəssüf hissi ilə bildirib.

Hərbi ekspert işğaldan azad ərazilərimizə gedib-gələn və gələcəkdə orada məskunlaşacaq mülki əhalinin təhlükəsizliyini əsl mənada təmin etməyin əsas yolundan da danışıb:

“Ermənistanda gözlənilən parlament seçkilərindən sonra daxildə sabitlik yaranan kimi ermənilər heç bir sülh danışıqları gözləmədən yenə də 30 il öncə olduğu kimi bütün təxribat, diversiya əməllərini “Artsax xalqının azadlıq mücadiləsi” kimi dünyaya sırımağa başlayacaqlar. Və “dünya ictimaiyyəti” da, təbii ki, bunu qəbul edəcək. Çünki həmin “ictimaiyyət” adi bir erməni xaçının qırılmasını böyük bir faciə kimi qəbul etdiyi halda 30 il ərzində bizim yüzlərlə şəhər və kəndimizin xaraba qalmasına, on minlərimizin amansızlıqla qətliamına, yüz minlərimizin köçkün düşməsinə göz yumur. Həmin “dünya”nın bu gün haqqında danışdığımız Kəlbəcərdəki 3 insan itkisi ilə nəticələnmiş mina partlayışı və ondan əvvəl onlarl mülki və hərbi vətəndaşımızın həyatını itirməsinə heç bir ciddi reaksiya verməməsi, amma bizim Ermənistanla sərhəddəki qanuni işlərimizə kəskin münasibəti də bunu göstərir. Odur ki, işğaldan azad ərazilərə gedib-gələn və gələcəkdə orada məskunlaşacaq mülki əhalinin təhlükəsizliyini əsl mənada təmin etmək üçün 44 günlük uğurlu savaşımızın nəticələrinə və 10 Noyabr razılaşmasının müddəalarına güvənərək dərhal Yuxarı Qarabağdakı bütün terror yuvaları dağıdılmalı, oradakı separatçı və terrorçular ya həbs edilməli, ya da sərhədlərimizdən çıxarılmalıdır. Bəhs edilən razılaşmanın müddəalarının yerinə yetirilməsi buna cavabdehlik daşıyan Rusiyadan tələb olunmalıdır. Həmin müddəalar yerinə yetirilmədiyi halda Azərbaycanın müvafiq qurumları hərəkətə keçməli və Yuxarı Qarabağ və ətraf rayonlarda qarşımızda duran vəzifələri layiqincə yerinə yetirməlidirlər. Və bundan ötrü Azərbaycan dövlətinin kifayət qədər imkanları var”.

“Əgər bu gün bizim dinc mülki vətəndaşların olduğu avtobus yeni basdırılmış minada partladılırsa, bunun da əsas günahının guya vasitəçilik və sülhməramlı missiyasını yerinə yetirən Rusiya hərbçilərinin, o cümlədən razılaşmaya əsasən bütün müasir texniki vasitələrlə ərazinin dəqiq monitorinqini aparmağa borclu olan Rusiya-Türkiyə birgə monitorinq mərkəzində olmasını vurğulamaq gərəkdir. Biz beynəlxalq müşahidəçi və vasitəçi kimi Yuxarı Qarabağın və həm Ermənistanla həmsərhəd, həm də Qarabağda ermənilərin qaldığı ərazilərlə qonşu olan işğaldan yenicə azad torpaqlarımızın təhlükəsizliyiini onlara həvalə etmişik. Həmin ərazilərdə hər hansı bir insidentin qarşısını almaq üçün Qarabağdakı qanunsuz erməni silahlı qruplarının hərəkətlərini dəqiq izləmək bilavasitə birgə monitorinq qrupunun vəzifəsidir. Amma məlumdur ki, Kəlbəcərdəki son faciədən öncə də hərbçilərimiz və mülki insanlarımız minalara düşüblər. Hətta Kəlbəcərdəki 6 diversantın tutulmasından əvvəl hərbçilərimizin bir “KaMAZ” maşınının da minaya düşərək sıradan çıxması haqda rəsmi məlumat yayılmışdı. Əvvəl deyilirdi ki, bu partlayanların hamısı hərbi əməliyyatlar zamanı basdırılmış minalardır. Amma sonralar hərbçilər özləri də etiraf etməyə başladılar kli, bəzən daim gedib-gəldikləri yollarda da təkrar minaya düşürlər. Və son faciədən sonra yayılan video-görüntülərdən də bəlli oldu ki, Susuzluq kəndinə gedən yola mina yenicə basdırılıb. Eyni zamanda bundan əvvəl həmin yol gediş-gəlişli yol olub. Və ermənilər də o yolda daimi hərəkətlilik olduğunu bildiklərindən oraya mina basdırıblar. Onu da qeyd etmək gərəkdir ki, Susuzluq kəndi Ermənistanla sərhəddən çox uzaqdır, Kəlbəcərdəki Xudavəng məbədindən isə uzağı təxminən 15 km məsafədədir. Və məlumdur ki, ermənilər “din xadimləri” adı altında 2-3 gündən bir Rusiya hərbçilərinin iki "BTR"-nin müşayiəti ilə həmin məbədə gedib-gəlirlər. “Sülhməramlı” adlanan Rusiya hərbçiləri də, eyni zamanda Rusiya-Türkiyə birgə monitorinq qrupu da bütün digər intensiv hərəkətlilik olan yerlər kimi, həmin əraziyə də xüsusi nəzarət etməlidir. Və bir daha təkrar edirəm, əgər Susuzluq yolundakı faciə erməni diversiyası nətucəsində baş veribsə, bizim hərbçilərlə yanaşı, ilk növbədə sülhməramlılar və monitorinq qrupu da buna görə məsuliyyət daşıyır. Adları çəkilən qüvvələr həmin monitorinqi, yəni üzərlərinə götürdükləri missiyanı düzgün həyata keçirmirsə, bunu biz özümüz icra etməli və mülki vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin olunması və bəhs edilən faciəvi hadisələrin təkrar baş verməməsi üçün əlimizdən gələni etməliyik” –deyə Qarabağ qazisi vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.