Ermənistanın illərlə apardığı su terroru... - Bundan sonra...
11-06-2021, 09:13

30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ərazilərdəki infrastruktur, yaşayış evləri və digər binaları dağıtmaqla kifayətlənməyib. Bu müddət ərzində erməni vəhşiləri işğal altındakı ərazilərdən Azərbaycanın başqa bölgələrinə bir damla suyun gəlməsinə imkan verməyib.
Bununla bağlı “Yeni Müsavat”a danışan mütəxəssisin sözlərinə görə, dünyada insanların suyunu kəsmək ən ağır cinayətlərdən biri, beynəlxalq hüququn pozulması hesab olunur: “Lakin işğal dövründə bizim təbliğatımızda ermənilərin Qarabağdan digər rayonlara gələn suların qarşısını kəsməsi məsələsinin üstünə ciddi gedilməyib. Halbuki onlar məqsədyönlü şəkildə suyun Azərbaycanın digər ərazilərinə axmasının qarşısını alıblar. Bu isə beynəlxalq hüququn pozulmasıdır. Məsələn, Köndələnçay su anbarına qədər Köndələnçaya indi rus sülhməramlılarının nəzarətində olan bölgədən bir çay da axıb tökülür. Ermənilər Qırmızı Bazardan Füzuliyə tərəf gedən ərazidə çayın üstündə 3 su anbarı tikmişdilər. Qış aylarında gələn su axınlarını da kiçik kanallarla öz nəzarətlərində olan ərazilərə buraxıb, Füzulinin kəndlərinə tərəf gəlməsinə imkan vermirdilər. İndi Köndələnçay üzərindəki 3 su anbarı azad olunduqdan sonra Aşağı Mahmudbəyli və digər onlarla kəndlərdəki minlərlə hektar ərazinin suvarılmasına imkan verəcək. Xaçınçay su anbarının azad olunması da həmçinin. Təsəvvür edin ki, ermənilər Füzulinin aşağı hissəsindəki ərazidən keçən Quruçayın qarşısını iri beton lövhələrlə kəsmişdilər. O çay Horadizdən keçib gəlib Araza tökülməliydi, amma ermənilər imkan vermirdilər”.
Mütəxəssis bildirir ki, Qubadlıda, Laçında onlarla su anbarı var, onların əhəmiyyəti çox böyükdür: “Hazırda o anbarın ikisindən rus sülhməramlılarının nəzarətində olan ərazidəki ermənilər elektrik enerjisi almaq üçün istifadə edirlər. Bu enerji Xankəndinin təminatına yönəldilir. Oradan həmçinin Xankəndinə su da verilir.
Tərtərdən çıxan iki kanaldan biri sağ kanal adlanır. Bu kanal Ağdərədən keçib Ağdama gəlirdi. İndi o kanalın qarşısı kəsilib. Yəqin ki, tezliklə Ağdama Yuxarı Qarabağ kanalından suyun verilməsi təmin olunacaq".
Onu da qeyd edək ki, ermənilər Sərsəng su anbarına nəzarəti əllərində saxladıqlarını dəfələrlə üstünlük kimi vurğulayır, ondan Azərbaycanın digər ərazilərinə su verilməyəcəyini bəyan edirlər. Halbuki yalnız Sərsəngə deyil, rus sülhməramlılarının nəzarətində olan əraziyə gələn suların 95 faizə yaxını Laçın-Kəlbəcərdən gedir: “Tərtərçaya qoşulan bir neçə çayın suyu Sərsəngə axır. Sərsəngdən Suqovuşana qədər isə Tərtərçaya 4-5 çay tökülür. Məsələn, Torağançay. Bu, kifayət qədər iri çaydır. Yəni Suqovuşan yalnız Sərsəngin hesabına dolmur suyla. Buna görə də ermənilərin Suqovuşanı susuz qoymaq imkanları mövcud deyil. Suqovuşanın öz nəzarətimizə qaytarılması aşağı rayonlardakı yüz min hektara qədər ərazini su ilə təmin etməyə imkan verir”.
Müsahibimiz deyir ki, ermənilər investisiya taparlarsa, Xankəndinin su təminatını yaxşılaşdırmaq üçün Qarqarçay üzərindəki su anbarlarının həcmini artırmaqla Ağdamın xeyli hissəsini sudan tam məhrum edə bilərlər: “Buna cavab olaraq biz neynəyə bilərik? Qarqarçay mənbəyini Şuşa yaxınlığındakı Zarıslıdan götürür. Biz onun üzərində anbar tikməklə onları çayın suyundan tamamilə məhrum edə bilərik. Amma əlbəttə, münasibətlərin belə inkişafı heç bir tərəf üçün əlverişli deyil. Qarşılıqlı şəkildə bu məsələlərin həlli üçün müzakirələrə başlamaq lazımdır. Həmçinin Ermənistanla da sərhəd çayları ilə bağlı danışıqlar aparmaq lazımdır. Bərgüşad, Arpaçay və sair çaylar mənbəyini Laçın-Kəlbəcərdən götürsə də, sonradan Ermənistan ərazisinə daxil olaraq oradan keçib Zəngilana, Şərura gedir. Arpaçaydan ermənilər Göyçə gölünü doldurmaq üçün istifadə edirlər - bu göldə su getdikcə azalır. Mümkündür ki, ermənilər yaxın illərdə çaydan daha çox su götürsünlər. Bu, Şərurun susuz qalması demək olar”.
Mütəxəssis bildirir ki, Qarabağdakı ermənilərin intensiv bağçılığı inkişaf etdirməyə davam etmələri regionun su resurslarının istifadəsi baxımından səmərəli deyil: “Vətən müharibəsinə qədər ermənilərin saldığı bir xeyli bağ sahələri indi bizim nəzarətimizdədir. Lakin rus sülhməramlılarının nəzarətində olan ərazilərdə min hektarlarla belə bağlar var. Bu bağların salınması ilə o ərazilərdəki bir sıra su anbarları quruyub. 2006-2007-ci illərdə olan anbarlardan 3-ü artıq tam qurumaya məruz qalıb. Buna görə də Azərbaycanın müvafiq strukturları bu kimi məsələləri nəzərə almalıdırlar azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf planlarını hazırlayanda.
Su ehtiyatlarından israfçılıqla istifadəyə səbəb olan daha bir məsələ balıqçılıq təsərrüfatlarıdır. Ermənilər xüsusilə Qarabağın dağlıq hissəsində son illərdə çoxlu sayda belə təsərrüfatlar yaradıblar. Suqovuşanda 2021-ci ildə qızılbalıqdan - osetrindən ilk kürü götürülməli idi. Osetrin 10 yaşında kürü verməyə başlayır. Suqovuşandakı daxil olmaqla, balıqçılıq təsərrüfatlarının çoxu indi bizim nəzarətimizə keçib. Bu təsərrüfatların saxlanması əlverişli deyil suya qənaət baxımından".
Nəhayət, mütəxəssisi narahat edən bir məsələ də budur ki, Ağdərə tərəfdə ermənilərin böyük əkin sahələri əllərindən çıxıb: “Faktiki olaraq, əkin sahələri 90 min hektardan 30 min hektara qədər azalıb. İndi onların meşələrin hesabına əkin sahələrini genişləndirmələri ehtimalı çox yüksəkdir. İşğal dövründə 25 min hektara yaxın meşəni qırıb əkin sahəsi ediblər. Bundan sonra Azərbaycan buna imkan verməməlidir, çünki işğal dövründə meşə sahələri onsuz da çox məhv edilib. Proses davam edərsə, böyük ekoloji fəlakətə səbəb ola bilər”.
Qeyd edək ki, yaranan vəziyyət erməniləri də çətinlik qarşısında qoyur. Belə ki, ermənilərin Ağdərə şəhərindən Tərtər şəhərinə qədər vaxtilə suvardıqları və əkinə yararlı minlərlə hektar sahə artıq əldən çıxdığı, Suqovuşan dərəsinin artıq Azərbaycanın əlində olduğuna görə irriqasiya proqramına start verə bilmələri qeyri-mümkün görünür: “Vaxtilə Tərtərçaydan çəkilən və indi Azərbaycanın nəzarətində olan sağ kanal, Qazarx, Daşarx və Şıxarx kanalları ilə Ağdərənin yaxınlığında olan erməni kəndlilərinə məxsus minlərlə hektar torpaq sahələri suvarılırdı. İndi bu kanal çıxışları da Azərbaycanın nəzarətindədir”.
Rəsmi məlumata görə, işğal altındakı ərazilərdə 10-dək su anbarı, 7 su tutarı olub. Ərazilərdəki suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1429 ədəd olub. Ümumilikdə Azərbaycanın 125 800 ha suvarılan torpaq sahəsi işğal altında qalmışdı.
Qələbədən sonra işğaldan azad edilən ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün xüsusi komissiyalar yaradılıb.
İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kub metr hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir. Qarabağ çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyllilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin “Tərtərçay” Hidroqovşaq İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimovun mətbuata verdiyi açıqlamaya görə, işğal dövründə Suqovuşan su anbarındakı bütün qurğular dağıdılıb, yararsız hala salınıb: “Suqovuşan su anbarı bizim nəzarətimizə keçdikdən sonra təmir-bərpa işlərinə başlanılıb və işlər hazırda davam edir. Artıq sağ sahil magistral kanalına 20 kub/metrdən artıq su gedir. Gələcəkdə bu işlər davam etdiriləcək. Sol sahil magistral kanalı, onun üzərində olan paylayıcı və hidrotexniki qurğular bərpa olunacaq. Məqsədimiz 96217 hektar əkin sahəsini Tərtər çayının suyu ilə təmin etməkdir. İnanırıq ki, yaxın vaxtlarda buna nail olacağıq”.
ASC-nin sədr müavini Rafiq Aslanov isə bildirib ki, Ağdam və Füzulidəki su anbarları da təmir və bərpa olunub. Onun sözlərinə görə, azad olunmuş Xaçınçay su anbarının 22 milyon kubmetr su tutumu var: “Ermənilər işğal dövründə anbarı dağıdıblar. Ancaq qısa müddət olmasına baxmayaraq biz bu su anbarında təmir və bərpa işləri aparmışıq. Biz orada suyun toplanmasını qısa müddətdə həyata keçirmişik. Hazırda Xaçınçay su anbarında 20 milyon kub metr su toplanıb və orada qiymətləndirmə işləri aparılıb. İnanıram ki, bu su anbarında təmir və bərpa işləri bu ilin sonuna qədər başa çatdırılacaq”.
Rafiq Aslanov Füzulidə Köndələnçayın üzərində 3 su anbarının mövcud olduğunu deyib: “Burada da təmir və bərpa işləri aparılıb. Su anbarlarından birində 2,1 milyon, ikincisində 2,5, üçüncüsündə 9,5 milyon kubmetr su toplanıb. Həm Xaçınçay, həm də aşağı Köndələn çay anbarları vasitəsilə Ağdam və Füzuli rayonlarının ərazisi suvarma ilə təmin olunub. Ağdamda 300 hektar, Füzulinin isə 100 hektardan yuxarı ərazisində suyun verilməsi təmin edilib. Çalışacağıq ki, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpasını həyata keçirək”.
Bundan əlavə, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları ərazilərində əlavə su mənbələrinin yaradılması məqsədilə qiymətləndirmə işləri aparılır. Eyni zamanda Kəlbəcər rayonunun ərazisində də bir sıra çay var ki, o ərazidə də mənbələrdə suyun yığılması üçün bir sıra tədbirlər işlənilib: “Həkəri çayının üzərində 130 milyon kubmetrlik içməli suyun toplanması üçün, Bəşəri çayının üzərində isə suvarmada istifadəsi nəzərdə tutulan 65 milyon kubmetrlik su anbarlarının tikilməsi nəzərdə tutulur. Bununla yanaşı, Xudafərində 1,6 milyard kubmetr tutumu olan su anbarı da tikilir. Ondan 13 km aşağıda yerləşən, 62 milyon kubmetr tutumu olan ”Qız qalası" su anbarı var. “Xudafərin” su anbarı 250 min hektardan çox sahənin suvarılmasını yaxşılaşdıracaq. “Qız qalası”ndan isə 50 kubmetr saniyədə tutumu olan kanalın çəkilməsi nəzərdə tutulur ki, bu da əlavə olaraq Cəbrayıl rayonunun 12 min hektar suvarma sahələrinin su təminatını yaxşılaşdıracaq".