Vaxtanq Siradeqyandan ŞOK AÇIQLAMA: - "Erməni olduğunuza lənət edin və ruhsuz bir varlığa çevrilin"
26-07-2021, 19:28

“Erməni olduğunuza lənət edin və ya ən yaxşı halda erməni olmağı unudun və ruhsuz bir varlığa çevrilin”.
Ermənistanın “Hraparak” qəzetində Vaxtanq Siradeqyanın erməni olmasından utandığı ilə bağlı köşə yazısı dərc olunub. Müəllif yazır ki, 2020-ci il müharibəsindəki biabırçı məğlubiyyətdən səkkiz aydan çox vaxt keçdi, amma ordunun bərpası və sərhəd mövqelərinin gücləndirilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur. Jurnalist sonra daha da irəli gedərək Paşinyanı vətən xaini adlandırır. Siradeqyan yazır: “Bütün bunlara qarşı ömrümün son 15 ilini mübarizə aparmışam və məlum olur ki, o illər sadəcə suya düşüb. 2018-ci ildə populyar dalğada hakimiyyətə gələn Nikol Paşinyan bütün bunları həyata keçirəcəyinə söz verdi və vədinə xilaf çıxdı. Əgər əvvəllər tədricən də olsa bir şeyi dəyişdirmək mümkün idisə, indi bu, onuncu əhəmiyyət kəsb edən məsələlərə çevrilib. Bu gün əvvəlcə vətəni xilas etmək barədə düşünmək lazımdır. Və bu o deməkdir ki, əvvəlcə Nikolu hakimiyyətdən uzaqlaşdırmalı və sonra idarəetmə sistemini dözümlü bir səviyyəyə gətirməliyik”. Sonda isə müəllif yazır ki, yuxarıdakılara biabırçı məğlubiyyətin psixoloji nəticələrini də əlavə etsək, o zaman bu ölkədən qaçmaq üzrə olduğumuzu düşünə bilərik.”
Politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında bildirib ki, bütün bunları bir erməni jurnalistin deməsi rəsmi İrəvan üçün faciədir. Bizim aylardır dediyimiz məsələ beləcə təsdiqlənir:
1) Ermənistan cəmiyyətində qarşısıalınmaz bir xaos hökm sürür
2) İnsanlar dərin depresiyaya düçar olublar
3)Xalq ölkənin gələcəyini görmür
“Bütün baş verənlər isə Ermənistandakı qəsbkar xuntaların indiyə qədər xalqa vurduğu ağır zərbələri göstərir. Onlar təkcə Azərbaycan torpaqlarını işğal etməyiblər, öz xalqının ümidlərini də oğurlayıblar” – Tural İsmayılov vurğulayıb.